Sport type: Taekwondo
Place: 1
Year: 2016
Location: Rio-de-Janeyro

Radik Veleddin oğlu İsaev

İsaev Radik Veleddin oğlu 1989-cu ilin sentyabrın 26-da Rusiya Federasiyasının Dağıstan Respublikasının Mahaçqala şəhərində anadan olub. Məşqçisi Azərbaycan Respublikasının əməkdar məşqçisi Elnur Amanovdur. Böyüklər arasında Avropa Çempionatının (2014-cü il. Bakı, Azərbaycan), Böyüklər arasında Dünya Çempionatının (2015-ci il. Çelyabinsk, Rusiya), Komandalararası Dünya Kubokunun (2015-ci il. Mexiko, Meksika) və «Bakı 2015 I Avropa Oyunları» qalibidir. 
Radik İsaev, Azərbaycan Taekvondo Federasiyasının yığma komandasının tərkibinə 2012-ci ilin sonlarında qatılıb. Növbəti ildə o, Meksikanın Puebla şəhərində düzənlənmiş Böyüklər arasında Dünya Çempionatında bürünc mükafata sahib çıxıb.  Hərbçilərin VI Dünya Oyunlarında (2015-ci il. Munqyonq, Koreya Respublikası) bürünc, Olimpiya Çəki dərəcələri üzrə Avropa Çempionatında (2015-ci il. Nalçik, Rusiya) və Klublararası Avropa Çempionatında gümüş medallar qazanıb.  
Taekvondo üzrə çəkisi 80 kq-dan yuxarı kişilərin yarışında Rio 2016 Yay Olimpiya Oyunlarının  qalibi olub. 
«Bakı 2015 I Avropa Oyunları»nda əldə etdiyi yüksək nəticəyə görə, Azərbaycan Respublikası Prezidentinin 29 iyun 2015-ci il sərəncamına əsasən, Azərbaycan idmanının inkişafındakı xidmətlərinə görə, «Şöhrət» ordeni ilə təltif edilib. XXXI Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında qazanılmış yüksək nailiyyətinə və Azərbaycan idmanının inkişafındakı xidmətlərinə görə, Azərbaycan Respublikası Prezidentinin 01 sentyabr 2016-cı il tarixli sərəncamı ilə Radik İsaev 1-ci dərəcəli «Vətənə xidmətə görə» ordeni ilə təltif edilib. Dövlət başçısı İlham Əliyev 01 Sentyabr 2016-cı il tarixli başqa bir sərəncamla Radik İsaevə «Azərbaycan Respublikası Prezidentinin xüsusi olimpiya təqaüdünün verilməsi haqqında» sərəncam imzalayıb.  
R.İsaev, bir neçə dəfə «ilin ən yaxşı idmançısı» nominasiyası üzrə  Gənclər və İdman Nazirliyi tərəfindən ilk 10 idmançı sırasında olub və xüsusi mükafata layiq görülüb.