Prezident Mükafatçıları
İl: 2019

Rəcəbli Sara Rauf qızı

07 oktyabr 1996-cı ildə Sumqayıt şəhərində anadan olmuşdur. 2013-2017-ci illərdə Azərbaycan Turizm İnstitutunda bakalavr təhsili almışdır. 2014-cü ildə Azərbaycan Turizm İnstitutu və Almaniyanın DAAD fondunun birgə təşkil etdiyi 6 aylıq mübadilə proqramı çərçivəsində Almaniyanın Vilhelmshaven şəhərində yerləşən Yade Tətbiqi Elmlər Universitetində turizm iqtisadiyyatı üzrə təhsil almışdır. 2016-cı ildə Mərakeşdə keçirilən “Qlobal Sülhməramlıq və Sosial İnkişaf” adlı zirvədə, 2017-ci ildə Türkiyə, İsveç, Polşa, Belçika, Rusiya və Fransada keçirilən beynəlxalq tədbirlərdə Azərbaycanı təmsil etmişdir. 2017-ci ildə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Xarici İşlər Nazirlyinin dəstəyi ilə Azərbaycan Respublikası Gənclər Təşkilatlarının Milli Şurasının təşkil etdiyi “Gənc Elçilər” proqramında iştirak etmişdir. 2018-ci ildə Azərbaycandan ilk sosial sahibkar kimi “Yunus & Youth” sosial sahibkarlıq proqramında iştirak etmiş, proqramın təqaüdünü qazanaraq Niderland Krallığının Haaqa şəhərində keçirilən “One Young World 2018” zirvəsində, Sumqayıtda USAİD-in “Qadın İştirakçılığı” proqramı çərçivəsində “Biznes və Liderlik” adlı təlimlərdə, Erasmus+ proqramı çərçivəsində Latviyada, İsveçrədə təşkil olunan UNCTAD Gənclər Forumunda iştirak etmiş, Rusiya Federasiyasının Tyumen şəhərində keçirilən “Kulturitsa” adlı tədbirdə sosial sahibkarlıq üzrə spiker-ekspert kimi çıxış etmişdir. 2017-ci ildə 160 manat investisiya ilə fiziki imkanları məhdud qadınların işsizlik problemlərinin həllinə dəstək verən “BUTA Art & Sweets” adlı sosial biznes brendini təsis etmişdir. 2018-ci ildə Sosial Biznes Gənclər Mərkəzini təsis etmişdir.