Tarix: 2017 mart 15
Mənbə:

Erkən nikahlarla bağlı regionlarda yeni layihənin icrasına başlanılıb

Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı tərəfindən (ADTGT) “Erkən nikahlarlara YOX: ictimai qınaq və maarifləndirməyə ailədən və təhsildən başlayaq” adlı layihəninın icrasına start verilib. Geniş maarifləndirmə, məlumatlandırma, sosial reklam və təbliğat xarakterli aksiyalarla həyata keçiriləcək layihə Şirvan, Şəki şəhərlərini, Masallı və Ağsu rayonlarını əhatə edəcəkdir. 

Layihənin əsas məqsədi regionlarda yeniyetmə və gənc qızlar və oğlanlar arasında erkən nikahların yayılmasının qarşısının alınması üçün ictimai maarifləndirmə kampaniyasının təşkilidir. 

Layihə cari ilin martın 15-dən başlayır və 4 ay davam edəcəkdir. Layihə çərçivəsində  ilk olaraq regionlarda erkən nikahların obyektiv mənzərəsinə aid ictimai monitorinq və sosioloji sorğuların aparılması nəzərdə tutulur. Bundan başqa yerli hakimiyyət strukturlarının, QHT və KİV-lərin iştirakı ilə məlumatlandırıcı, ictimai müzakirələrin, eyni zamanda seminarların, virtual ictimai debatların təşkili və sosial şəbəkələrdə kampaniyalarının aparılması planlaşdırılır. Layihə çərçivəsində “Erkən nikahlar: ictimai qınaq və maarifləndirmə” adlı kitabçanın və informasiya xarakterli bukletin nəşri və yayıımı da həyata keçiriləcəkdir.