Tarix: 11.05.2017 14:35
Mənbə:

Finalda gənc “Şahin”lər qələbə uğrunda mübarizə apardılar

2016-2017-ci tədris ilində keçirilən “Şahin” hərbi-idman oyunu yekunlaşdı. Məktəbdaxili-seçmə yarışlarının, rayon (şəhər) və 9 zona üzrə təşkil edilən birinciliklərin nəticəsi olaraq 18 komanda respublika final yarışına vəsiqə qazanaraq növbəti dəfə Bakı şəhərinə yığışdılar. Final yarışının 2 günlük proqramına uyğun oalaraq, iştirakçı komandalar 2017-ci il may ayının 9-da Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət etdilər. Daha sonra komandalar yerlkəşdirildi və onlar üçün mədəni-kütləvi tədbirlər təşkil edildi.
    Respublika final yarışının açılışı 2017-ci il may ayının 10-da Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin klubunda təşkil edildi. Şəhidlərin əziz xatirəsi yad edildi, Dövlət himni səsləndirildi və Müdafiə Nazirliyi tərəfindən hazırlanmış xüsusi sənədli film nümayiş etdirildi. Çıxış edən natiqlər – Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəis əvəzi, polkovnik Elman Namazov, Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Təhsil nazirinin müavini Firudin Qurbanov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini, general-mayor Novruzəli Orucov çıxış edərək gənclərə öz tovsiyələrini verdilər, onların vətənin müdafiəsinə daim hazır olmalarını, Azərbaycanın layiqli vətəndaşı kimi inkişaf etmələri üçün təhsilə, mənəvi psixoloji və hərbi-fiziki hazırlığa diqqət yetirmələrini arzuladılar. Çıxış edənlər gənc “şahinlərə” qələbə uğrunda əzmlə mübarizlik arzuladılar.
    Final yarışına “Sıra hazırlığı” mərhələsi ilə start verildi və iştirakşı komandalar öz güclərini 8 mərhələ üzrə sınadılar. Gərgin və maraqlı keçən final yarışının nəticələri Cəmşid Naxçıvanski adına Hərbi Liseyin zabitlərində ibarət yaradılmış hakimlər heyəti tərəfindən qiymətləndirildi. Yekun nəticəyə görə Bakının Nizami rayonu I (birinci) yeri, Kürdəmir rayonu II (ikinci) yeri, Zərdab rayonu isə III (üçüncü) yeri tutdu. Final yarışının qalibləri və ayrı-ayrı mərhələlərdə fərqlənənlər “Fəxri Fərman”lar və hədiyyələrlə mükafatlandırıldılar.