Tarix: 2013 mart 28
Mənbə:

"Hünər" Vətənpərvərlik Mahnıları Festivalı

İstedadlı gənclərin üzə çıxarılması, onların vətənpərvərlik tərbiyəsinin daha da gücləndirilməsi və Azərbaycanı tərənnüm edən mahnıların təbliğ edilməsi məqsədi ilə 2005-ci ildən başlayaraq Gənclər və İdman Nazirliyi tərəfindən "Hünər" Vətənpərvərlik Mahnıları Festivalı keçirilir.

28-29 mart 2013-cü il tarixlərdə Bakı İdman sarayında “Hünər” VIII Vətənpərvərlik Mahnıları Festivalı keçirilmişdir. Bu dəfə yarışmaya 75 rayon üzrə 100-dən artıq iştirakçı qatılmışdır. Münsiflər heyətinin qərarına əsasən I yerə Abbasova Aysel Fazil qızı (Nərimanov rayonu), II yerə Babışova Səidə İslam qızı (Səbail rayonu), III yerə isə Məmmədli Emin Valeh oğlu (Şuşa rayonu) layiq görüldü.

Sayca 9-cu olan növbəti festival isə 17 mart 2014-cü il tarixdə "Fairmont" otelində keçirildi. İştirakçıların qalibiyyət uğrunda gərgin mübarizəsi şəraitində keçirilən festivalda gənclərin bacarıqları Münsiflər heyəti tərəfindən yüksək qiymətləndirildi. Nəticədə 1-ci yerə Ələkbərov Cabir Nadir oğlu Kəlbəcər rayonu), 2-ci yerə Məmmədov Malik Ramiz oğlu (Xəzər rayonu), 3-cü yerə isə Orucova Ülkər Elçin qızı (Yasamal rayonu) layiq görüldülər.

2014-cü ildə ilk dəfə olaraq Gənclər və İdman Nazirliyi tərəfindən “Hünər” Vətənpərvərlik Mahnıları Festivalı beynəlxalq müsabiqə statusunda keçirildi (Международный фестиваль-конкурс патриотической песни «Отвага»). Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Moldova Respublikalarından olan gənc ifaçıların iştirakı ilə keçirilən beynəlxalq müsabiqənin məqsədi Müstəqil Dövlətlər Birliyi çərçivəsində gənclər arasında dostluq və əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsi, vətənpərvərliyi aşılayan mahnıların təbliğ edilməsi olmuşdur.

Tədbirin açılışında Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev çıxış edərək müsabiqənin əsas məqsədini ətraflı açıqladı, gənclərin beynəlxalq mübadiləsinin intensivləşməsi zərurətini qeyd etdi.

Xalq artisti Mübariz Tağıyevin sədrliyi ilə, tanınmış incəsənət xadimləri Natəvan Şeyxova, Aygün Səmədzadə, Lalə Hüseynova və Vasif Allahverdiyevin iştirakı ilə yaradılmış Münsiflər heyəti tərəfindən qaliblər və ayrı-ayrı nominasiyalar üzrə fərqlənənlər müəyyənləşdirildi. Festivalda 1-ci yerə Qırğızıstan,  2-ci yerə Kazaxıstan, 3-cü yerə isə Belarus gəncləri layiq görüldü. Nominasiyalar üzrə isə “Ən yaxşı səhnə geyiminə görə" Moldova, “Ən yaxşı performansa görə” Tacikistan, “Mövzuya uyğun seçimə görə” isə Azərbaycan təmsilçisi diplomla təltif edildi.