Tarix: 2015 may 09
Mənbə:

"Şahin" hərbi-idman oyunu

"Şahin" hərbi-idman oyunu

"Vətənini müdafiə etməyə çalışan hər bir vətəndaş, hər bir gənc bizim üçün əziz, qiymətli və dəyərlidir."

Ümummilli lider Heydər Əliyev

"Şahin" hərbi-idman oyunu 1996-cı ildən başlayaraq X-XI sinif şagirdəri arasında keçirilən çoxməqsədli və maraqlı layihələrdən biridir. Bu oyunlar böyüməkdə olan gənc nəslin vətənpərvərlik tərbiyəsinə diqqət və qayğını artırmaq, onların ordu sıralarında xidmətə hazırlanmasına kömək göstərmək məqsədi ilə keçirilir. Gənclər və İdman, Təhsil, Müdafiə, Fövqəladə Hallar, Mədəniyyət və Turizm Nazirlikləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Respublika Veteranlar Şurasının birgə qərarına əsasən təşkil edilən oyunlar ildən-ilə təkmilləşərək kütləviləşmiş və məktəblilərin maraqla qatıldığı oyunlara çevrilmişdir. Hər il bu oyunlara 100 minədək məktəbli gənc cəlb olunur.

2012-2014-cü tədris illərində bu oyunların məktəbdaxili-seçmə yarışları, rayon (şəhər) və zona birincilikləri uğurla təşkil edildi. Bakı şəhəri və Naxçıvan Muxtar Respublikası da daxil olmaqla Gəncə və Şirvan şəhərlərində, Quba, Göyçay, Qax, Bərdə, Cəlilabad, Qusar, Gədəbəy, İmişli, Ucar, Oğuz, Tərtər, Salyan rayonlarında keçirilən zona birinciliklərində qalib olmuş 19 komanda respublika final mərhələsinə keçməyə layiq görüldü.

Hər il oyunların final mərhələsinin açılış mərasimi may ayının 10-da Cəmşid Naxçıvanski adına Hərbi Liseydə keçirilir. Yarışların Ümummilli lider Heydər Əliyevin doğum günündə, onun təşəbbüsü ilə ötən əsrin 70-ci illərində yaradılmış hərbi təhsil ocağında keçirilməsi mühüm əhəmiyyət daşıyır. Yarış iştirakçıları həmin gün öz çıxışları ilə bu əlamətdar tarixi günə töhfələrini verirlər.

 Final yarışının iştirakçıları may ayının 9-da “Fəxri  Xiyabanda” ümummilli lider Heydər Əliyevin məzarını və “Şəhidlər Xiyabanını” ziyarət edir, gərgin mübarizəyə hazırlaşmaq üçün təşkil olunan müxtəlif mədəni-kütləvi tədbirlərdə fəal iştirak edirlər.

Hərbi Liseyin zabitlərindən ibarət yaradılmış hakimlər heyəti 8 mərhələdə keçirilən final yarışının nəticələrini qiymətləndirmiş, qaliblər və ayrı-ayrı mərhələlərdə fərqlənənlər müəyyən edilərək təşkilatçılar tərəfindən mükafatlandırılmışdır. Yarışların yekunlarına görə 2013-cü ildə Nizami, Xətai və Suraxanı, 2014-cü ildə isə Nərimanov, Nizami və Yasamal rayon komandaları qalib olmuşlar.

Məqsədyönlü işin nəticəsində ildən-ilə məktəblilərin oyuna cəlb olunması sahəsində kütləviliyə nail olunmuş, komandalar arasında rəqabət güclənmiş, məktəblilərin hərbi-fiziki hazırlığında müsbət irəliləyişlər müşahidə olunmuşdur.