Tarix: 2014 may 05
Mənbə:

“1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin əldə olunmasında Azərbaycanın töhfəsi" Beynəlxalq Konfrans

“1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 70-ci ildönümünə hazırlıq görülməsi və onun qeyd edilməsinə dair əsas tədbirlər Planının 1.6.-cı bəndinin icrası məqsədi ilə Gənclər və İdman Nazirliyi və Respublika Veteranlar Şurası tərəfindən 5-8 may 2014-cü il tarixlərdə Bakı şəhərində “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin əldə olunmasında Azərbaycanın töhfəsi” adlı beynəlxalq konfrans keçirilmişdir. Konfransda Azərbaycan, Belarus, Qazaxıstan, Qırğız, Tacikistan və Moldova Respublikalarından olan fəal gənclər, o cümlədən müvafiq dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələri, veteranlar iştirak edirdilər.

Tədbirin proqramına əsasən 6 may 2014-cü il tarixdə iştirakçılar “Fəxri Xiyaban”da Ümummilli lider Heydər Əliyevin məzarını, “Şəhidlər Xiyabanı”nı və iki dəfə Sovet İttifaqı Qəhrəmanı general-mayor Həzi Aslanovun abidəsini ziyarət etdikdən sonra “Park İnn” otelində rəsmi açılış mərasimi keçirildi. Konfransı giriş sözü ilə açan Gənclər və İdman nazirinin müavini İntiqam Babayev tədbirin müharibə veteranlarına bir töhfə olaraq əhəmiyyətini yüksək dəyərləndirdi və Azərbaycanın Böyük Vətən müharibəsi illərindəki rolunu konkret faktlarla iştirakçıların nəzərinə çatdırdı. Ümumilikdə, bu kimi tədbirlərin gənclərin beynəlxalq əlaqələrinin gücləndirilməsində, sülh, humanizm, dözümlülük kimi prinsiplərin geniş təbliğ edilməsində əhəmiyyətli olduğunu qeyd edən konfrans iştirakçıları daha sonra müzakirələri bölmələrdə davam etdirdilər.