Tarix: 31.05.2017 12:10
Mənbə:

Azərbaycançılıq məfkurəsi Balakən rayonunda təbliğ edildi

      “Azərbaycançılıq və gənclik” adlı təbliğat kampaniyası növbəti dəfə 2017-ci il “Gənclər Paytaxtı” seçilmiş Balakən rayonunda təşkil edildi. Kampaniya çərçivəsində “Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin gənclərin vətənpərvərlik tərbiyəsində rolu” mövzusunda konfrans və mədəni-kütləvi tədbirlər keçirildi. 2011-ci ildən başlayaraq, respublikanın 26 rayon və şəhərində keçirilmiş bu kampaniyanın əsas məqsədi azərbaycançılığın Heydər Əliyev modelinin əsas mahiyyətini və fəlsəfi anlamını gənclər arasında geniş təbliğ etməklə, onlarda vətənpərvərlik, milli özünüdərk hissini daha da artırmaq, müstəqil dövlətçilik təfəkkürünü formalaşdırmaq, milli-mədəni irsimizin qorunub saxlanılması, inkişaf etdirilməsi, gələcək nəsillərə ötürülməsi və beynəlxalq ictimaiyyətə təqdim edilməsi, Azərbaycan dilinin inkişaf etdirilməsi, qədim və zəngin tarixi keçmişi olan xalqımızın sahib olduğu qonaqpərvərlik, sülhsevərlik və humanizm kimi mənəvi-əxlaqi keyfiyyətləri yaşatmağa xidmət etməkdir. Sayca artıq 27-ci olan təbliğat kampaniyası çərçivəsində keçirilən konfransda çıxış edənlər azərbaycançılığın məfkurədən milli və dövlətçilik ideologiyasının əsas qayəsinə çevrilməsini xüsusilə qeyd etmiş, ölkəmizin gələcək inkişafının, strateji hədəflərinin, milli təhlükəsizliyinin məhz bu vacib ideoloji prinsiplə əlaqəli olduğunu vurğulamışlar. Konfransda Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev, Balakən rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev və ərazi üzrə seçilmiş millət vəkili Nəsib Məhəməliyev çıxış edərək azərbaycançılığın təbliğində gənclərin rolundan və vəzifələrindən danışdılar, onlara dəyərli tövsiyyələrini verdilər. Çıxış edən gənclər də üzərlərinə düşən vəzifələri dərk etdiklərini, gələcək inkişafımızın əsasında, müstəqil dövlətçiliyimizin qorunub saxlanmasında Heydər Əliyev ideyalarının əhəmiyyətini vurğuladılar. Axşam saatlarında isə Heydər Əliyev Parkında rayon ictimaiyyətinin və gənclərin iştirakı ilə konfransa həsr olunmuş konsert proqramı reallaşdırıldı. Konsert proqramında tanınmış incəsənət ustaları və müxtəlif müsabiqə iştirakçıları olan gənc müğənnilər çıxış etdilər.