Tarix: 04.07.2017 03:00
Mənbə:

“Hünər” XI Vətənpərvərlik Mahnıları Festivalı yekunlaşdı

Gənclər və İdman Nazirliyi tərəfindən 2005-ci ildən başlayaraq, keçirilən “Hünər”  Vətənpərvərlik Mahnıları Festivalının növbəti 11-ci sayı “26 iyun-Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü”nə həsr olunmuşdu. Festivalın seçim turu 2017-ci il iyun ayının 29-da Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında təşkil edildi. Azərbaycan Respublikasının Müdafiə, Daxili İşlər, Fövqəladə Hallar Nazirlikləri, Dövlət Təhlükəsizlik və Sərhəd Xidmətləri tərəfindən Festivala qatılan 32 nəfər istedadlı gənclər arasında “Solo ifa” və “Musiqi aləti ilə ifa” nominasiyaları üzrə seçim aparıldı. Seçimi Gənclər və İdman Nazirliyi tərəfindən yaradılmış Münsiflər heyəti həyata keçirdi. Xalq artisti Mübariz Tağıyev, əməkdar artistlər - Tünzalə Ağayeva və Vüqar Camal tərəfindən aparılan seçim nəticəsində iki nominasiya üzrə festivalın final mərhələsinə 10 nəfər iştirakçı vəsiqə qazandı. Festivalın yekun konserti və qaliblərin mükafatlandırılması mərasimi 30 iyun 2017-ci il tarixdə “Park inn” otelinin “Dan ulduzu” zalında keçirildi. Açılışda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, ayrı-ayrı qoşun növləri üzrə hazırlanmış videoçarxlar nümayiş etdirildi. Səhnəyə çıxan gənclər arasında  yenidən seçim aparıldı və hər iki nominasiya üzrə qaliblər və fərqlənənlər müəyyənləşdirildi. Münsiflər heyətinin qərarına əsasən “Musiql aləti ilə ifa” nominasiyası üzrə I yerə Mövlayev Vüqar Ənvər oğlu (DİN, nəfəsli alətlərdə), II yerə Əhmədov Elsevər Mədət oğlu (DTX, tarda), III yerə isə Mustafazadə Bayram Qurban oğlu (DİN, qarmonda) layiq görüldülər. “Solo ifa” nominasiyası üzrə isə I yerə Bünyadzadə Sərxan Qurban oğlu (FHN), II yerə Məlikov Sadiq Rövşən oğlu (DİN), III yerə Vəliyeva Nərminə Firudin qızı (DTX) seçildilər. Digər iştirakçılar - Şahverənov Əli Nadir oğlu (DSX), Hüseynzadə Emil Aslan oğlu (FHN), Qəmbərli Kamal Müşviq oğlu (DTX) və Mirzəyev Ağamehdi İlham oğlu (DİN) fərqlənənlər sırasında yer aldılar. Hər iki nominasiya üzrə seçilmiş qaliblər və fərqlənənlər Gənclər və İdman Nazirliyi tərəfindən Fəxri Fərmanlar və hədiyyələrlə mükafatlandırıldılar.