Tarix: 2013 oktyabr 07
Mənbə: http://mys.gov.az

“İşğal altında - Ağdam” kompyuter oyunu

Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “AzDımensıon” gənclərdən ibarət təşəbbüs qrupu  tərəfindən “İşğal altında - Ağdam” kompyuter oyunu hazırlanmışdır. Layihə müasir texnologiyalar vasitəsilə Azərbaycan tarixinin gənclər arasında öyrənilməsinə virtual imkanların yaradılması məqsədilə həyata keçirilir.

“İşğal altında  - Ağdam” kompyuter oyunu 1 il müddətində hazırlanmış, 7 oktyabr 2013-cü il tarixdə geniş ictimaiyyətə təqdim edilmişdir. Bir il əvvəl kompyuter oyunları həvəskarlarına təqdim edilmiş ilk "İşğal altında - Şuşa" kompyuter oyunu  kimi “İşğal altında  - Ağdam” kompyuter oyunu da gənclər tərəfindən böyük maraqla qarşılandı.

Döyüş janrında hazırlanmış “İşğal altında - Ağdam” kompyuter oyunu Qarabağ müharibəsini əks etdirir. Oyunda əsas hədəf Ağdam şəhərini işğalçılardan azad etməkdən ibarətdir. Kompyuter oyununda xüsusi effektlərdən və real görüntülərdən istifadə edilmişdir. Oyunun qrafikası Qarabağın, həmçinin Ağdam şəhərinin görüntüləri üzərində qurulmuşdur. Şəhərin görüntüləri 2 zaman kəsiyində - işğaldan öncə və işğaldan sonra göstərilmişdir.