Tarix: 2013 iyul 22
Mənbə: http://mys.gov.az

Türkdilli gənclərin beynəlxalq yaradıcılıq festivalı

Bakıda türkdilli gənclərin beynəlxalq yaradıcılıq festivalı

22-26 iyul 2013-cü il tarixlərdə Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş Türkdilli dövlətlərin gənclərinin Bakı Beynəlxalq Yaradıcılıq Festivalı keçirilmişdir.

Festivalın keçirilməsində məqsəd türkdilli dövlətlərin yaradıcı gənclərinin nailiyyətlərinin mübadiləsi üçün mədəni platformanın yaradılması və beynəlxalq əlaqələrinin inkişaf etdirilməsi, bu xalqların mədəniyyətinin, milli-mənəvi dəyərlərinin, adət-ənənələrinin təbliğ edilməsindən ibarət idi.

Festival çərçivəsində dekorativ-tətbiqi sənət sərgisi,  gənc fotoqrafların sərgisi, modelyer-dizaynerlərin geyim kolleksiyalarının nümayişi, gənc rəqqas və ifaçıların iştirakı ilə keçirilən Qala-konsert bir-birini dinamik şəkildə əvəz etmişdir. Tədbirə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Türkmənistandan olan yaradıcı gənclər qatılmışdırlar. Bu gənclərin təqdim etdikləri əl işləri, geyim kolleksiyaları və fotoşəkillər tamaşaçıları həmin ölkələrin tarixi, xalqının həyat tərzi, estetik idealları, mədəni irsi, milli mənəvi dəyərləri, adət-ənənələri ilə daha yaxından tanış etmişdir. Milli musiqi alətlərində səsləndirilən musiqilər, bir-birindən rəngarəng milli rəqs nümunələri isə tədbiri həm tamaşaçılar, həm də iştirakçılar üçün yaddaqalan etmişdir.

Beləliklə, öz kökünü xatırlamaq və mədəniyyətinin zənginliyini göstərmək məqsədi ilə gənc istedadlar Türkdilli dövlətlərin gənclərinin Bakı Beynəlxalq Yaradıcılıq Festivalında bir araya gəlmiş və öz istedadlarını layiqincə nümayiş etdirmişlər.