Tarix: 06.10.2017 15:35
Mənbə:

Dövlət Proqramı Azərbaycan gənclərinin inkişafında yeni mərhələ olacaq

“Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramının məqsədi Azərbaycanda gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olmaq, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləməkdir. Məqsəd, həmçinin gənc nəslin sağlamlığını qorumaq, gənclərin təhsil və məşğulluq məsələlərinə diqqəti artırmaq, müasir informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə etmək, ölkədə könüllülük hərəkatını inkişaf etdirməkdir.
Bu fikirlər dövlətimizin başçısı İlham Əliyevin imzaladığı müvafiq Sərəncamla təsdiq olunan “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı ilə bağlı Prezident Administrasiyasının rəsmilərinin, gənclər təşkilatlarının, müvafiq dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə oktyabrın 6-da aparılan müzakirələr zamanı səslənib.
Gənclər və idman naziri Azad Rəhimov Prezident İlham Əliyevin imzaladığı Sərəncamla təsdiq edilən Dövlət Proqramının əhəmiyyətini yüksək qiymətləndirib, sənəddə əks olunan müddəalarla bağlı məlumat verib. Sənədin əməli və rəmzi dəyərinin çox yüksək olduğunu vurğulayan nazir bildirib ki, Dövlət Proqramının qəbul edilməsi ulu öndər Heydər Əliyevin təməlini qoyduğu gənclər siyasətinin daha bir uğurudur.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev qeyd edib ki, gənclərin mənəvi və fiziki sağlamlığı, məşğulluğu, ictimai işlərdə fəallığı, vətənpərvərlik ruhunda tərbiyəsi, yaradıcılıqlarının dəstəklənməsi, intellektual inkişafı, beynəlxalq səviyyədə əməkdaşlığı və digər istiqamətlərdə əhəmiyyətli işlər görülüb. Bunun nəticəsidir ki, Azərbaycan gəncləri bir çox uğurlara imza atır, cəmiyyətdə fəal rol oynayırlar.
Nazir müavini proqramın reallaşdırılmasına gənclər təşkilatlarının fəal qoşulduqlarını bildirib. Qeyd edib ki, proqram əvvəlki dövlət proqramında əldə olunan nailiyyətlər üzərində qurulub. Yeni Dövlət Proqramı neft kapitalının insan kapitalına çevrilməsi istiqamətində növbəti addımdır və Azərbaycan gənclərinin inkişafında yeni mərhələ olacaq.
Milli Məclisin gənclər və idman komitəsinin sədri Fuad Muradov, Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli, ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov proqramın icrası ilə bağlı fikirlərini bildirib, təkliflərini veriblər.
Müzakirələrə yekun vuran Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev deyib: “Biz çalışmalıyıq ki, gənclərimiz öz arzularını Azərbaycanda reallaşdıra bilsinlər. Bunun üçün hər cür şərait yaradılıb. Müasir gənclik durmadan inkişaf edir və onların tələbatları, istəkləri də dəyişir. Yeni Dövlət Proqramı qarşıya konkret və aydın vəzifələr qoyub”.
Prezident Administrasiyasının şöbə müdiri qeyd edib ki, qarşıda gənclərin dini ekstremizm və separatizm kimi təhlükəli və zərərli təsirlərin altına düşməməsi üçün yeni iş formalarından istifadə etmək məsələləri durur. Eyni zamanda, onların yaradıcılığını, intellektual inkişafını stimullaşdırmaq və sağlam həyat tərzini təbliğ etmək üçün bütün sahələrdə gənc nəslin fəal iştirakına dəstək məsələsi gündəmə gəlir.
Proqram gənclərin hərtərəfli inkişafı üçün şəraitin yaradılması, azərbaycançılıq və dövlətçilik prinsipləri əsasında vətəndaşlıq və vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi və digər vəzifələrin yerinə yetirilməsini nəzərdə tutur.
Bu Sərəncam dövlətin gənclərimizə olan inamını ifadə etməklə, onların məsuliyyətini də artırır. Eyni zamanda, qəbul edilmiş proqram müxtəlif dövlət qurumları, nazirlik və komitələr qarşısında konkret məqsədlər qoyur.
Sənəddə ölkə gənclərinin müasir texnologiyalara yiyələnməsi, beynəlxalq əlaqələrini gücləndirməsi təşviq olunur. Proqramda Azərbaycan gəncliyini düşündürən bütün məsələlər ətraflı şəkildə öz əksini tapıb.
Bildirilib ki, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı əhatə etdiyi dövrdə ölkə gəncliyinin və müxtəlif dövlət qurumlarının fəaliyyəti üçün istiqamətverici sənəd olacaq və gənclərimizin inkişafında mühüm rol oynayacaq.
Müzakirələrlə davam edən tədbirdə bir sıra təkliflər irəli sürülüb.