Nazirlik haqqında

Nazirliyin tarixi

Azərbaycan Respublikası Prezidentinin 26 iyul 1994-cü il tarixli, 179 saylı fərmanı və Azərbaycan Respublikası Milli Məclisinin 26 iyul 1994-cü il tarixli, 861 saylı qərarı ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yaradılmışdır.

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

Azərbaycan Respublikası Milli Məclisinin 1994-cü il 26 iyul tarixli 861 nömrəli Qərarına müvafiq olaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirinə tapşırılsın ki, on gün müddətində nazirliyin funksiyalarını, hüquq və vəzifələrini əks etdirən Əsasnaməsini və strukturunu hazırlayıb müəyyən olunmuş qaydada Azərbaycan Respublikası Prezidentinə təqdim etsin.

2. Müəyyən edilsin ki, Əsasnamə nazirliyin aşağıdakı başlıca fəaliyyət istiqamətlərini əhatə etməlidir:

- Azərbaycanın sosial, iqtisadi və mədəni inkişafının ümummilli strateji siyasətinə uyğun gənc nəslin tərbiyəsi;

- Gənclərlə iş sahəsində cəmiyyətin demokratik inkişafı tələblərinə cavab verən siyasətin həyata keçirilməsi;

- Gənclərin qüvvə və bacarıqlarının, yaradıcılıq imkanlarının milli dövlət quruculuğu vəzifələrinin yerinə yetirilməsinə, ölkədə həyata keçirilən islahatlar proqramlarının

gerçəkləşdirilməsinə səfərbər olunması;

- Gənclər arasında ümumbəşəri və milli dəyərlərin təbliğinin təmin edilməsi;

- Gənclərin yüksək sosial, mənəvi və sağlam fiziki inkişafını təmin edən bütün fəaliyyət sahələrinin istiqamətləndirilməsi;

- Gənclər arasında Azərbaycanın tarixi və mədəni irsini yaymaqla, onların vətənpərvərlik, Vətənə sədaqət, müstəqəlliyimizin, dövlətçiliyimizin, torpaqlarımızın müdafiəsinə daimi hazırlıq ruhunda tərbiyə edilməsi;

- Gənclər arasında işsizliyin aradan qaldırılması üçün başqa dövlət orqanları ilə birgə fəaliyyət göstərməsi;

- Aztəminatlı ailələrdəki uşaqların və yetim uşaqların sosial problemlərinin həllinə dair dövlət proqramının həyata keçirilməsinə yaxından kömək göstərilməsi;

- Hamılıqla qəbul edilmiş beynəlxalq hüquq sənədlərində əksini tapmış uşaqların hüquqlarının müdafiəsi üçün yönəldilmiş tədbirlərin həyata keçirilməsi;

- Bazar iqtisadiyyatı mühitində gənclərin sahibkarlığa cəlb edilməsi sahəsində başqa dövlət idarəetmə orqanlarının işinin əlaqələndirilməsi;

- Gənclər təşkilatlarının formalaşmasında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq iştirak edilməsi, onların fəaliyyətinin əlaqələndirilməsi;

- Gənclərin problemləri ilə bağlı beynəlxalq tədbirlərdə onların fəal iştirakına kömək göstərilməsi;

- Azərbaycan Respublikası bədən tərbiyəsi sahəsində milli proqramın həyata keçirilməsi;

- Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə əsaslanan sağlam həyat tərzinin əhali arasında aşılanmasının təmin edilməsi, bədən tərbiyəsinin geniş təbliğinin təşkil edilməsi;

- Əhali, xüsusilə böyüməkdə olan gənc nəsil arasında idmanın və bədən tərbiyəsinin kütləviliyinin təmin edilməsi məqsədilə digər dövlət orqanları və ictimai təşkilatlarla birlikdə onların maddi texniki bazasının inkişaf etdirilməsi;

- Azərbaycanın beynəlxalq idman əlaqələrinin genişlənməsinə köməklik göstərilməsi.

3. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə tapşırılsın ki, üç ay ərzində gənclərlə iş sahəsində milli siyasət konsepsiyasını və əhalinin fiziki tərbiyə proqramını hazırlayıb, təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılsın ki, nazirliyin maliyyə və maddi-texniki təchizatı üçün Azərbaycan Respublikası Milli Məclisinin 1994-cü il 26 iyul tarixli 861 nömrəli qərarından irəli gələn məsələləri həll etsin.

Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 26 iyul 1994-cü il

2001-ci ildə ölkəmizdə turizm sahəsini durğunluqdan çıxarmaq, onun potensial imkan və perspektivlərini üzə çıxarmaq, ehtiyatlarından səmərəli istifadə etmək, bu sahənin yüksələn xətlə inkişafını təmin etmək və qabaqcıl sahələrdən birinə çevirmək istiqamətində çox mühüm bir addım atıldı. Prezident Heydər Əliyev ''Azərbaycan Respublikası Gənclər, İdman və Turizm Nazirliyinin yaradılması haqqında'' 18 aprel 2001-ci il tarixli fərmanı ilə bu sahəyə nəzarəti Gənclər və İdman Nazirliyinə həvalə etdi. Hal-hazırda Nazirlik beynəlxalq təcrübəni mənimsəməklə bərabər, həm də öz daxili potensialının tətbiqi və ondan səmərəli istifadə yolu ilə turizmin inkişafı üçün mühüm işlər görməkdədir.

Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyinin yaradılması haqqında

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

Dövlət idarəetmə strukturunu təkmilləşdirmək məqsədi ilə və Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 7-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Xarici Turizm Şurası ləğv edilsin.

2. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyinə çevrilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bir ay müddətində:

- Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyinin Əsasnaməsinin layihəsini hazırlayıb təsdiq olunmaq üçün Azərbaycan Respublikasının prezidentinə təqdim etsin.

- Azərbaycan Respublikası Gənclər, İdman və Turizm Nazirliyi aparatının işçilərinin say həddini təsdiq etsin.

- Bu Fərmandan irəli gələn məsələləri həll etsin.

4. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.

Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 aprel 2001-ci il

Azərbaycan Respublikası Prezidentinin 18 sentyabr 2001-ci il tarixli 528 saylı fərmanı ilə Azərbaycan Respublikası Gənclər, İdman və Turizm Nazirliyinin əsasnaməsi təsdiq edilmişdir.

Azərbaycan Respublikasının bəzi nazirliklərinin yenidən təşkil edilməsi haqqında

 AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

 Azərbaycan Respublikasının dövlətidarəetmə  sistemində aparılan islahatların davamı olaraq mədəniyyət, gənclərlə iş, idman və turizim sahələrinin idarə edilməsinin təkmilləşdirilməsinin və onun müasir tələblərə uyğun qurulmasının, bu sahələrdə idarəetmənin səmərəliliyinin daha da artırılmasının zəruriliyini nəzərə alaraq və onların struktur optimallığını təmin etmək məqsədilə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 7-ci bəndini rəhbər tutaraq qərara alıram:

1.    Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Gənclər İdman və Turizm Nazirliyi ləğv edilsin.

2.    Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin əsasında Azərbaycan Respublikasının Mədəniyyət  və Turizm Nazirliyi yaradılsın.

3.    Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyinin əsasında Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yaradılsın.

4.    Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

4.1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin əsasnamələrinin layihələrini təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.2. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin strukturları və aparatlarının işçilərinin say həddi barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.3. qüvvədə olan qanunvericilik aktlarının bu Fərmana uyğunlaşdırılması barıdı təkliflərini Azərbaycan Respublikasının prezidentinə təqdim etsin;

4.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

4.5 Bu Fərman imzalandığı gündən qüvvəyə minir.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 yanvar  2006-ci il

№ 359

 

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN

 

FƏRMANI

 

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun təsdiq edilməsi  və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə

 

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin fəaliyyətini təmin etmək məqsədi ilə qərara alıram:

1.    «Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi haqqında Əsasnamə» təsdiq edilsin (əlavə olunur).

2.    «Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin strukturu» təsdiq edilsin (əlavə olunur).

3.    Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin aparatının işçilərinin sayı həddi ştat vahidi müəyyən  edilsin.

4.    Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

 4.1. qüvvədə olan normativ hüquqi aktların bu Fərmana uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

 

5. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

  

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 aprel 2006-ci il

 Azərbaycan Respublikası Prezidentinin 18 aprel 2006-cı il tarixli 392 saylı fərmanı ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin əsasnaməsi təsdiq edilmişdir.

Nazirliyin vəzifləri

- müvafiq sahədə qanunvericiliklə müəyyən edilmiş hallarda normativ tənzimləməni həyata keçirmək;
- dövlət proqlamlarının və inkişaf konsepsiyalarının həyata keçirilməsini öz səlahiyyətləri daxilində təmin etmək;
- icra hakimiyyəti orqanlarının və qeyri-hökumət təşkilatlarının müvafiq sahə ilə bağlı fəaliyyətini əlaqələndirmək;
- Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirilməsini öz səlahiyyətləri daxilində təmin etmək;
- müvafiq sahədə qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada dövlət nəzarətini həyata keçirmək;
- qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla müvafiq sahədə elmi-texniki nailiyyətlərin həyata keçirləməsini, habelə elmi tədqiqat işlərinin aparılmasını və onların nəticələrinin təcrübədə tətbiq edilməsini təmin etmək;
- yerlərdə müvafiq sahənin inkişafı ilə bağlı aidiyyəti icra hakimiyyəti orqanları tərəfindən prespektiv planların işlənib hazırlanmasında iştirak etmək;
- qanunvericiliyə uyğun olaraq dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün zəruri tədbirlər, habelə fəaliyyət istiqamətlərinə uyğun təhlükəsizlik tədbirləri görmək;
- öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını təmin etmək;
- müvafiq sahə üzrə vahid informasiya sistemini yaratmaq;
- müvafiq sahəni işıqlandıran televiziya və radio verlişlərinin layihələrini hazırlayıb həyata keçirmək;
- müvafiq sahəyə ayrılan büdcə vəsaitləri, kreditlər, qrantlar və digər maliyyə vəsaitlərindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;
- müvaiq sahədə kadr hazırlığını təmin etmək, mütəxəssislərin beynəlxalq təcrübəyə yiyələnməsinə şərait yaratmaq;
- ümumbəşəri və milli dəyərlərə, demokratik cəmiyyətin qurulması yolunda qarşıda duran məsələlərə dair gənclərin, o cümlədən tələbələrin diskussiya klublarını təşkil etmək;
- gənclərin təhsil və sosial problemlərinin həllinə öz səlahiyyətləri çərçivəsində yardım etmək, onlar üçün yaradıcı mühitin formalaşdırılmasına köməklik göstərmək, bu məqsədlə sərgilər, festivallar, konsertlər, tamaşalar təşkil etmək;
- müasir idarəetmənin və bazar iqtisadiyyatının əsaslarının gənclər tərəfindən öyrənilməsində, istehsalın səmərəli təşkili, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi, o cümlədən fermer təsərrüfatlarının yaradılmasında müvafiq icra hakimiyyəti orqanları ilə birlikdə metodik məsləhətlərin verilməsini işini təşkil etmək;
- gənclərin hüquqlarının qorunması və sosial müdafiəsi sahəsində aidiyyəti icta hakimiyyəti orqanları və qeyri-hökumət təşkilatları ilə birgə iş aparmaq, gənclərin işlə təmin olunmasına şərait yaratmaq;
- əlil, xüsusilə də müharibə əlil olan gənclərin problemlərinin aidiyyəti icra hakimiyyəti orqanları tərəfindən həll edilməsi məqsədi ilə müvafiq vəsadətlər qaldırmaq;
- gənc ailələrin sosial, məişət problemlərinin aradan qaldrılmasına dair aidiyyəti icra hakimiyyəti orqanları qarşısında məsələlər qaldırmaq, proqramlar hazırlamaq və digər zəruri tədbirlər görmək;
- gənclərin narkomaniya, cinayətkarlıq və digər zərərli vərdişlərdən uzaqlaşdıraraq sağlam həyat tərzinə uyğun yetişdirmək üçün öz səlahiyyətləri daxilində profilaktik tədbirlər görmək, bu məqsədlə aidiyyəri icra hakimiyyəti orqanları və qeyri-hökumət təşkilatları tərəfindən keçirilən tədbirlərdə yaxından iştirak etmək;
- tələbə gənclərin dövlət quruculuğu prosesində və ölkənin ictimai-siyasi həyatında iştirakına, onların yaradıcılıq potensialının üzrə çıxarılmasına dair aidiyyəti icra hakimiyyəti orqanları ilə birgə müvafiq proqramlar hazırlayıb həyata keçirmək;
- şəxsiyyətin harmonik, hərtərəfli inkişafı, gənclərin əməyə, Vətəni müdafiəyə hazırlanması, onların sağlamlığının möhkəmləndirilməsi, asudə vaxtlarının səmərəli təşkil edilməsi sahəsində bədən tərbiyəsinin və idmanının rolunun axtarılmasına dair tədbirər görmək;
- ölkədə bədən tərbiyəsi və idmanın təşviqini və təbliğini təmin etmək;
- tədris müəssisələrində və məktəbəqədər tərbiyə bədən tərbiyəsi və idman vasitəsilə uşaqların, məktəblilərin və tələbələtin sağlamığının qorunmasını və möhkəmlənməsini təmin etmək, belə müəssisələrdə uşaq və yeniyetmələrin fiziki hazırlığı üzrə normativləri hazırlamaq;
- ölkədə uşaq-gənclər idman və ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbləri şəbəkəsini yaratmaq, fəaliyyətlərini istiqamətləndirmək, koordinasiya etmək, idman məktəbləri üçün nümunəvi tədris proqram və planlarını hazırlamaq və təsdiq etmək;
- əlil olan gənclərin bədən tərbiyəsi və idmanla məşğul olanları, idman yarışlarında iştirak etmələri üçün əlverişli şərait yaratmaq, belə gənclər arasında ölkə və beynəlxalq idman yarışlarını, o cümlədən Paralimpiya və Surdolimpiya Oyunlarını, Ümumdünya Xüsusi Olimpiya Oyunlarını təşkil etmək və bu yarışlarda əlil idmançıların iştirakını təmin etmək;
- qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada hüquqi və fiziki şəxslərə məxsus olan yarış məqsədli, xüsusi idman təyinatlı mexaniki nəqliyyat vasitələrinin dövlət qeydiyyatını və onların dövlət texniki baxışını həyata keçirmək;
- əhalinin sağlam həyat tərzinə cəlb olunmasını və bədən tərbiyəsi və idman qurğularından və avadanlıqlarından səmərəli istifadə edilməsini təmin etmək məqsədi ilə belə qurğular və avadanlıqlardan istifadə edilməsinin norma və qaydalarının hazırlanmasını təşkil etmək;
- idman növləri üzrə ölkə və beynəlxalq miqyaslı yarışların və təlim-məşq toplanışlarının təqvimini təsdiq etmək və həyata keçirilməsini təmin etmək;
- idman yarışlarının qaydalarını, ənənəvi və yeni idman növləri üzrə için təşkilini və aparılmasını tənzimləyən metodik, normativ sənədləri təsdiq etmək;
- ölkədə mövcud olan idman növlərinin reyestrini hazırlayıb təsdiq etmək;
- idman növləri üzrə yığma komandaların maddi-texniki təchizatını təmin etmək, tərkibini və məşqçilərini təsdiq etmək, hazırlığını təşkil etmək, və bu komandaların beynəlxalq yarışlarda, dünya və Avropa çempinotları və birinciliklərində, Milli Olimpiya Komitəsi ilə birlikdə Olimpiya Oyunlarında iştirakını təmin etmək, aidiyyəti icra hakimiyyəti orqanları, hüquqi şəxslər, habelə qeyri-hökumət təşkilatları, o cümlədən bütün idman məktəbləri və Olimpiya hazırlığı mərkəzləri şəbəkəsinin inkişafını əlaqələndirmək onlara metodik tövsiyələr vermək;
- yığma komandaların tibbi-bioloği və elmi-metodiki üzrə kompleks tədbirlərin hazırlanmasına, habelə bütün idman növləri üzrə elmi qrupların yaradılmasına, onların fəaliyyətinə nəzarəti həyata keçirmək;
- idman növləri üzrə Azərbaycan rekordlarını təsdiq etmək, dünya və Avropa rekordlarının təsdiq edilməsinə dair sənədləri müvafiq beynəlxalq idman təşkilatlarına təqdim etmək;
- bədən tərbiyəsi və idman sahəsində fəaliyyət göstərən təşkilatların, əhalinin, xüsusilə də idmançıların idman təyinatlı avadanlıq və geyimlərə olan tələbatını öyrənmək, onların istehsalının və ya əldə edilməsinin təşkilinə köməklik göstərmək;
- qanunvericiliklə müəyyən edilmiş qaydada bədən tərbiyəsi və idman işçiləri üçün dərəcələr haqqında əsasnamələri, həmçinin məşqçi-müəllimlərə, təlimatçı-metodistlərə ixtisas dərəcələrinin verilməsi haqqında əsasnamələri hazırlamaq və təsdiq etmək;
- olkədə idman sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlatını, o cümlədən federasiyaları və digər qurumları öz səlahiyyətləri daxilində akkreditə etmək;
- əhaliyə idman-sağlamlıq xidmətinin göstərilməsi sahəsində normativləri hazırlayıb təsdiq etmək;
- ümumdünya antidopinq hərəkatında fəaliyyət göstərmək və idmanda dopinqə qarşı mübarizə tədbirlərini həyata keçirmək;
- Nazirliyin strukturuna daxil olan qurumların maddi-texniki bazasının möhkəmləndirilməsi və inkişafına dair, habelə Nazirliyin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair, habelə Nazirliyin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində öz səlahiyyətləri daxilində tədbirlər görmək;
-Nazirliyin fəaliyyəti ilə bağlı olan ərizə və şikayətlərə baxmaq və qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlət görmək;
- fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutlmuş digər vəzifələri yerinə yetirmək.

Nazirliyin hüquqları

- müvafiq sahəyə aid olan qanunvericilik aktlarının layihəsini hazırlamaq və ya onların hazırlanmasında iştirak etmək:
- müvafiq sənədə dövlət siyasətinin əsas istiqamətlərinə dair təkliflər vermək;
- müvafiq sahə üzrə Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə tərəfdar çıxması barədə təşəbbüslə çıxış etmək;
- öz səlahiyyətləri daxilində müvafiq sahəyə investisiyaların cəlb olunmasıma dair təkliflər vermək;
- müvafiq sahə üzrə dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;
- qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq beynəlxalq təşkilatlara, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək;
- müvafiq sahə üzrə beynəlxalq miqyaslı tədbirlərin keçirilməsinə dair təkliflər vermək;
- fəaliyyət istiqamətlərinə uyğun rəy vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq, tədqiqatlar aparmaq, təkliflər vermək;
- bu məqsəd üçün nəzərdə tutlmeş vəsaitlər dairəsində müvafiq sahə üzrə mütəxəssislərin hazlrlanması və ixtisasının artırılması üçün tədbirlər görmək;
- müvafiq sahədə müxtəlif treyninq, kurs, seminar və digər tədbirlər təşkil etmək;
- müstəqil ekspertləri və mütəxəssisləri qanunvericiliklə müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb etmək;
- qanunvericiliklə müəyyən edilmiş qaydada xüsusi bülletenlər və digər nəşrlər buraxmaq, internet saytı yaratmaq və ondan istifadə etmək;
- qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada aidiyyəti icra hakimiyyəti orqanları ilə birlikdə tövsiyyələr, təlimatlar və digər normativ sənədlər hazırlamaq və təsdiq etmək;
- gənclərin, xüsusilə də gənc ailələrin mövcud sosial-məişət problemlərini təhlil etmək və onların aradan qaldırılmasına dair təkliflər vermək;
- bədən tərbiyəsi və idmanin inkişafının əsas istiqamətlərinin kompleks təhlilini və proqnozlaşdırılmasını həyata keçirmək;
- uşaq-gənclər idman və ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəblərindən statistik hesabatları toplamaq, təhlil etmək və aidiyyəti icra hakimiyyəti orqanlarına təqdim etmək;
- fəxri idman adlarını vermək, bədən tərbiyəsi və idman sahəsindəki işçiləri, fəallar, habelə idman klubları və təşkilatlarının nümayəndələrini mükafatlandırmaq, «Azərbaycan Respublikasının əməkdar bədən tərbiyəsi və idman xadimi» fəxri adının, orden və medalların verilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə təqdimat vermək;
- fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

Nazirliyin yerləşdiyi ünvan
Nazirliyin ünvanı: AZ-1072, Bakı şəhəri, Olimpiya küçəsi -4.
Əlaqə telefonları: 4656442
Faks: 4656438
E-mail: mys@mys.gov.az
İnternet səhifəsi: http://www.mys.gov.az


printerçap versiyası


E-müraciət

Təklif, ərizə, şikayət və tövsiyyələrinizi bizə yaza bilərsiniz

Olimpiya kompleksləri

Gənclər evləri və mərkəzləri

Elektron Xidmətlər

Azərbaycan tələbə kartı

1284

Partnyorlar