MOK

Azərbaycan Milli Olimpiya Komitəsi

1992-ci ildə Azərbaycan Milli Olimpiya Komitəsi yaradıldı. Azərbaycan həmin il Barselonada keçirilmiş XXV Yay Olimpiya Oyunlarında da müstəqil dövlət kimi təmsil oluna bilmədi. Çünki komitə yaranıb Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanınadək lisenziya yarışları artıq başa çatmışdı. Bu, dəfə ölkənin beş idmançısı Müstəqil Dövlətlər Birliyinin birləşmiş komandası tərkibində olimpiya Oyunlarında iştirak etməli oldular. Bununla belə, Barselona Oyunları Olimpiya tariximizin yeni bir səhifəsi oldu. Bu Oyunlarda Azərbaycan bayrağı qaldırıldı, Azərbaycan himni səsləndi. Barselona Oyunlarından sonra Olimpiya Komitəsi öz fəaliyyətini genişləndirməli, beynəlxalq Olimpiya Hərəkatına fəal qoşulmalı idi. Məlumdur ki, Olimpiya Hərəkatı yalnız Olimpiya Oyunlarında iştirakla məhdudlaşmır. Ölkədə Olimpiya Hərəkatı ilə bağlı müxtəlif tədbirlərin həyata keçirilməsi tələb olunurdu.
1994-cü ildə Azərbaycanda Olimpiya Hərəkatının təbliğinin vəziyyəti, Milli Olimpiya Komitəsinin fəaliyyəti ilə tanış olmaq üçün Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Xuan Antonio Samaranç, Milli Olimpiya Komitələri Assosiasiyasının prezidenti Mario Vaskes Rana, Avropa Olimpiya Komitəsinin prezidenti Cak Roq Bakıya gəldilər. Azərbaycan prezidenti Heydər Əliyev onları qəbul etdi. Qəbulda Azərbaycan Olimpiya Hərəkatının real vəziyyəti, onun inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.
Ümumiyyətlə, 1992-1997-ci illər arasında Azərbaycan Milli Olimpiya Komitəsinin fəaliyyətində qeyd olunmalı işlər Avropa Yeniyetmələrinin Olimpiya Günlərində iştirak, Bakıda Beynəlxalq Qaçış Günlərinin keçirilməsini əhatə edir. Bu dövr üçün qeyd olunmalı ən mühüm hadisə isə 1996-cı ildə Azərbaycanın müstəqil dövlət kimi ilk dəfə Olimpiya Oyunlarına qatılmasıdır. Bu tarixi hadisənin reallaşdırılmasında Azərbaycan prezidenti Heydər Əliyevin böyük əməyi oldu. Atlanta Oyunlarına hazırlıq haqqında sərəncam, hazırlığın daim dövlət nəzarəti altında saxlanması, idmançılara dövlət tərəfindən diqqət və qayğının gücləndirilməsi öz bəhrəsini verdi. Azərbaycan Atlantada 23 idmançı ilə təmsil olundu, bir gümüş medal qazanıldı.
Qeyd etmək lazımdır ki, Azərbaycan Milli Olimpiya Komitəsinin fəaliyyətinin birinci beşilliyində görülmüş işlər, ümumiyyətlə, lazımi səviyyədə qurulmamışdı və qənaətbxş sayıla bilməzdi. İşdə əsaslı dönüş yaratmaq tələb olunurdu. Milli Olimpiya Komitəsinin 1997-ci ilin 31 iyulunda keçirilmiş növbəti Baş Məclisi komitənin yeni idarə heyətini müəyyənləşdirdi. İlham Əliyev Milli Olimpiya Komitəsinin prezidenti seçildi. Komitənin fəaliyyət istiqamətləri müəyyənləşdirildi.

Ölkəmizdə olimpiya hərakatı

Son 10 ildə Azərbaycan idmanının tarixində şanlı səhifələr yazılıbdır. Bu müddət ərzində Azərbaycan, demək olar ki, Olimpiya ölkəsinə çevrilmişdir. Ötən dövrə nəzər salanda Azərbaycanda idman və olimpiya hərəkatının inkişafında da böyük canlanma müşahidə olunub. Bəlli olduğu kimi, olimpiya komitəsi
1992-ci ildən fəaliyyət göstərməsinə baxmayaraq, 1997-ci ildən Milli Olimpiya Komitəsinə İlham Əliyev sədr seçiləndən sonra Azərbaycanda olimpiya hərəkatı başlayır. O, 1997-ci ildən Milli Olimpiya Komitəsinə uğurla başçılıq edir. Bu illər ərzində Milli Olimpiya Komitəsinin təşkilati və quruculuq işləri bir an belə səngiməyib. Artıq Bakının Maştağa kəndi, Gəncə, Naxçıvan, Şəki, Quba, Bərdə və s. şəhərlərdə yeni və müasir idman komplekslərinin tikintisi başa çatdırılmış və idmançıların istifadəsinə verilmişdir.
Hal-hazırda istifadədə olan komlekslərin sayı 18-dir. MOK-un fəaliyyətinə ən böyük qiyməti Beynəlxalq Olimpiya Komitəsinin Prezidenti cənab Roq verərək demişdir ki, Azərbaycan Milli Olimpiya Komitəsi başqa Olimpiya komitələri üçün örnək olmalıdır. İdmanda olan nailiyyətlər göz qabağındadır. Bunları danmaq mümkün deyildir. Bu həm rəsmi statistikada öz əksini tapır, həm də bizim idmançıların yarışları mətbuatda, televiziyada çox geniş yer alır. Azərbaycanda idmanla məşğul olmaq böyük bir amilə çevrilibdir. İdman bölmələrinə müşahidə edilən axın bir daha göstərir ki, gənclərimiz, uşaqlarımız idmanla məşğul olmaq istəyirlər. İlk növbədə ona görə ki, idmançı olmaq çox şərəfli bir peşəyə çevrilibdir. Bu inkişaf həm gənclərimizi vətənpərvər yetişdirmək, həm də ordumuzu gücləndirməkdir. Digər tərəfdən, idmanla məşğul olan, Beynəlxalq yarışlarda böyük qələbələr qazanan Milli Olimpiya Komitəsi tərəfindən layiqincə mükafatlandırılır, ona qayğı göstərilir. Beləliklə, Azərbaycanda idmanın inkişafı üçün gözəl şərait yaradılmışdır. Azərbaycan beynəlxalq idman aləmində artıq öz layiqli yerini tutub. Azərbaycan idman ölkəsinə çevrilib. 1998-ci ildə respublikamız ilk dəfə Qış Olimpiya oyunlarına qatıldı. Yaponiyanın Naqano şəhərində keçirilən XVIII Qış Olimpiya oyunlarında respublikamız 5 nəfər idmançı ilə dörd yarışda təmsil olundu. 2000-ci ildə Sidney Olimpiyadasında Azərbaycan idmançıları 2 qızıl, 1 bürünc medal qazandı. Azərbaycan komanda hesabına 199 ölkə arasında 34-cü, Avropa ölkələri arasında isə 23-cü oldu. Bu ölkənin olimpiya hərəkatı tarixində ən böyük uğuru idi.
2002-ci ildə Azərbaycan ikinci dəfə Qış Olimpiya oyunlarının iştirakçısı oldu. ABŞ-ın Soit Leyk siti şəhərində keçirilən bu oyunlarda idmançılarımız 3 yarışda iştirak etdilər. Nəhayət, 2004-cü ilin avqustunda Afinada keçirilən Olimpiya oyunlarında idman tariximizdə ilk dəfə olaraq 5 medal qazandıq. Bütün bunlar İlham Əliyev cənablarının təşkilatçılıq fəaliyyətinin uğurlu nəticələri kimi dəyərləndirilməlidir. Prezident İlham Əliyevin MOK xəttilə uşaq və gənclərin problemlərinin ardıcıl olaraq həll etməsi, onların imkan və bacarıqlarını reallaşdırmaları üçün hərtərəfli və geniş şərait yaratması dövlətimizin fəaliyyətinin ən mühüm istiqamətlərindən birinə çevrilib.
Bu gün ölkəmizdə 64 idman növü inkişaf edir. Respublikamızda 53 idman Federasiyası, 66 idman təşkilatı, 60 idman klubu, 170 idman məktəbi fəaliyyət göstərir. Federasiyalardan 23-ü olimpiya idman növünü, 36-sı qeyri-olimpiya idman növünü inkişaf etdirir. Hal-hazırda Azərbaycanda 365489-dan çox şəxs idman və bədən tərbiyəsi ilə məşğul olur. Son 15 ildə beynəlxalq rəsmi yarışlardan ölkəmizə 945-dən çox medal gətirilmişdir.
Təbii ki, ölkəmizdə olimpiya hərəkatının inkişafı birmənalı olaraq Prezident İlham Əliyevin adı ilə bağlıdır.
Olimpiya oyunları dünya xalqlarının və ölkələrinin bir-birinə tanıdılması, təbliğ edilməsi baxımından əvəzsiz rol oynayır.
Azərbaycan olimpiya oyunlarında ciddi uğurlar əldə edib. Bu baxımdan, Çin olimpiya oyunlarına hazırlıq və iştirak diqqəti daha çox cəlb edir. Çində iştirak etməkdə məqsəd Azərbaycanın idman şərəfini ləyaqətlə yerinə yetirmək və müstəqil Azərbaycan Respublikasının üçrəngli ay ulduzlu bayrağını qaldırmaqdır. Ölkə prezidenti İlham Əliyevin hər bir idmançı və məşqçinin MOK, Gənclər və İdman Nazirliyi tərəfindən təqaüdlərlə təmin etməsi də ölkəmizdə olimpiya hərəkatına müsbət təsir edən amillər sırasındadır. Bir sözlə, MOK Azərbaycanda idmanın və respublika olimpiya hərəkatının inkişafına xüsusi qayğı göstərir. Bu baxımdan, yeniyetmələr və gənclər arasında idmanın inkişaf etdirilməsi onun daha yüksək səviyyəyə qaldırılması istiqamətində keçmiş təcrübənin müsbət cəhətləri də tətbiq olunmaqdadır. Etiraf edilməlidir ki, qısa müddətdə idmançılarımız Olimpiya oyunlarında Azərbaycanın idman şərəfini ləyaqətlə qorumuş, onun şan-şöhrətini artırmışdır. Eyni zamanda, MOK beynəlxalq miqyasda böyük nüfuz qazana bilmiş, fəaliyyəti və əldə etdiyi nailiyyətlərlə seçilmişdir. Bu, əlbəttə, Azərbaycanda gedən proseslərin məntiqi nəticələri kimi dəyərləndirilməlidir.
Onu da demək yerinə düşər ki, Azərbaycanda keçirilən Avropa, dünya çempionatları silsilə xarakter daşıyır. Belə ki, hər il müxtəlif beynəlxalq yarışlar, bədii gimnastika, taekvando, güləş, boks, karate və s. bu kimi olimpiya növlərinə daxil olan idman yarışlarının məhz Azərbaycanda keçirilməsi bir daha inkişaf etmiş bir dövlət olaraq, hər bir sahədə olduğu kimi, idmanda da ölkəmizə böyük imic qazandırmışdır.
Onu da qeyd etmək istəyirəm ki, bu gün ölkədə idman çox böyük sürətlə kütləviləşir. Bu, xalqımızı daha böyük qələbələrə ruhlandırır.
İdmançılara qayğı və diqqətin artırılması işi dövlət səviyyəsində davam etdirilir. Şübhə yoxdur ki, bütün sahələrdə olduğu kimi, idman və olimpiya hərəkatı sahəsində də Prezident İlham Əliyevin iradəsi və diqqəti respublikamıza yeni-yeni uğurlar gətirəcək.
Bu baxımdan, Azərbaycanda fəaliyyət göstərən bütün qurumlar, QHT-nın fəal olması və qarşıdan gələn 2008-ci ildə Çində keçiriləcək olimpiya oyunlarında iştirak edən idmançılara hörmət və ehtiram bəsləməklə yanaşı, hər bir sahədə lazımi köməkliyi əsirgəməməkdədir.


printerçap versiyası


E-müraciət

Təklif, ərizə, şikayət və tövsiyyələrinizi bizə yaza bilərsiniz

Olimpiya kompleksləri

Gənclər evləri və mərkəzləri

Elektron Xidmətlər

Azərbaycan tələbə kartı

1214

Partnyorlar