Interviewee: Azad Rəhimov
Tarix: 2009 aprel 27

Londonda fəaliyyət göstərən Odlar Yurdu Cəmiyyətinin qəzetinə Gənclər və İdman Naziri cənab Azad Rəhimovun müsahibəsi

Tez-tez «Gənclik gələcəyimizdir» ifadəsini səsləndiririk. Gənclərlə işləyən bir nazirliyin rəhbəri kimi gələcəyimizi necə görürsünüz? Azərbaycan gəncləri öz üzərlərinə düşən missiyanın öhdəsindən necə gəlirlər?

  

Bu suala cavabım “yüksək” olacaq. Biz Gənclər və İdman Nazirliyi olaraq daim hər bir gənclə işləməyə hazır bir qurumuq. Bu gün Azərbaycan gəncliyi sözün əsl mənasında inkişafa can atan, müasir, açıq düşüncəli gənclərdən ibarətdir. Həyata keçirdiyimiz layihələrdə mütəmadi olaraq görünən yeni simalar, artıq bir çox qurumlarda çox böyük müvəffəqiyyətlə çalışan gənclər dediklərimin bariz nümunəsidir.
Bu gün uğur qazanan, yüksək ali təhsil alıb cəmiyyətdə ön sıraları tutan gənclərlə yanaşı, sosial problemlərin məngənəsində qalan, işsizliklə üzləşən gənclərimiz var. İkincilərin problemlərinin azalması üçün hansı dəstəyi göstərirsiniz?
Nazirliyin qarşısında duran əsas vəzifələrdən biri də gənclərin məşğulluğunun təmin olunması və onların karyera qurmalarına yardımçı olmaqdır. Müasir dövrdə baş verən sosial-iqtisadi dəyişikliklər və Azərbaycanın sürətli inkişaf tempi gənclərdən yeni texnologiyalardan məharətlə istifadə və gedən prosselərdə daha çevik hərəkət etmək bacarığını tələb edir. Bazar iqtisadiyyatı eyni zamanda rəqabətə dözümlü komandanın formalaşmasını da zəruri edir.
Məhz bu məqsədlə gənclərin maarifləndirilməsi, onlar üçün təlim və informasiya sistemin yaradılması vacibdir. Gənclər və İdman Nazirliyi İqtisad Universitetinin bazasında Gənclərin Karyera Mərkəzini yaratmışıq. Bu mərkəz gənclərə konsaltinq xidməti göstərməklə yanaşı, onlara əlavə biliklər verir və işə düzəlmələrinə yardımçı funksiyasını həyata keçirəcəkdir. Bundan başqa Gənclər və İdman Nazirliyi tərəfindən Təhsil Nazirliyi, “Azerfon” MMC və “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi ilə birgə “Karyera Uğrunda” Gənclər Təhsil Proqramı həyata keçirilir. Bu proqram çərçivəsində regionlarda gənclər üçün seminarlar və Quba rayonunda gənclər üçün Yay Karyera Məktəbi təşkil olunmuşdur. Yay məktəbində Karyeranın planlaşdırılması, CV-nin yazılması, müsahibə və yeni işə adoptasiya üzrə məşğələlər, məntiqi və işguzar oyunlar keçirilmişdir.
Mən eyni zamanda 2008-ci il sentyabr ayının 24-27 tarixlərində Heydər Əliyev Fondunun dəstəyi, ölkənin birinci xanımı Mehriban xanlm Əliyevanın sədrliyi ilə həyata keçirdiyimiz “Gənclərin Məşğulluq Sammiti” (Yes) haqda da bir neçə kəlmə demək istərdim. Dünyanın 100-dən artıq ölkəsindən 500-ə yaxın qonağın qatıldığı bu sammitdə gənclərin məşğulluğu sahəsində digər dövlətlərin çox maraqlı və mühüm əhəmiyyət kəsb edən layihələri nəzərdən keçirildi. Azərbaycan bu sammitə ev sahibliyi etməklə bərabər eyni zamanda məşğulluq problemlərinin aradan qaldırılması istiqamətində gördüyü işlərdən də böyük qürurla danışdı. Əminəm ki, gənclərin işsizlik problemlərinin həllinə yönəlmiş bu cür tədbirlər qısa zamanda öz bəhrəsini yüksək səviyyədə verəcək.
6 aprel 2009-ci il tarixində Gəncdə Gənclərin məşğulluq və resurs mərkəzi açıldı. Bu gənclərin işlə təmin olunması istiqamətində həyata keçirdiyimiz yeni və mühüm layihələrdən biri idi.
Burada məqsəd gənclərin praktiki iş təcrübəsi keçmələri, gənclər üçün yeni iş yerlərinin tapılmasında səylərin və resusrların artırılması, iş axtaran və işə götürənlər arasında əlaqələrin qurulması, iş axtarma strategiyasını gənclərə öyrətməkdən ibarətdir.
Gələcəyimiz olan gənclərin layiqli vətəndaş kimi formalaşmasında nazirlik hansı tədbirlər həyata keçirir?
Azərbaycanın tarixinin dərindən öyrənilməsinə və təbliğ olunmasına yardım edən intellektual oyunların, müsabiqələrin, festivalların keçirilməsini, televiziya və radio layihələrinin hazırlanmasını xüsusi qeyd etmək istərdim. Ötən illər ərzində ordu sıralarında xidmət edən gənclərin asudə vaxtının səmərəli təşkilinə kömək məqsədi ilə hərbi hissələrdə keçirilən görüşlər isə xüsusi əhəmiyyətə malik olub. Hər bir gəncin inkişafı, onun bir vətəndaş kimi formalaşması məktəb illərindən başlayır. Bunu nəzər alaraq biz hər il məktəblər arasında “Şahinlər”, “Cəsurlar” kimi hərbi idman yarışları, “Hünər” hərbi vətənpərvərlik mahnıları festivallarını və s. tədbirləri həyata keçiririk.
Məsələn, məktəblilərin ordu sıralarında hərbi xidmətə hazırlanması məqsədi ilə keçirilən «Jəsurlar» hərbi-idman və turizm oyunları artıq 10 ildir ki, Gənclər və İdman, Təhsil, Müdafiə, Fövqəladə Hallar, Mədəniyyət və Turizm Nazirlikləri, Könüllü Vətənpərvərlik Texniki İdman Jəmiyyəti və Respublika Veteranlar Şurası tərəfindən VII-VIII sinif şagirdləri arasında keçirilir. 
Ən sevindirici hal isə bu yarışlara qatılan məktəblilərin sayının ilbəil artmasıdır. Məhz bu yarışlar istər oğlan, istərsə də qızların vətənpərvər ruhda formalaşmalarında çox böyük önəm daşıyır. Nazirlik tərəfindən həyata keçirilən digər layihələrin də hər biri məhz gənclərimizin vətənpərvər şəkildə inkişafına yönəlib. Eyni zamanda “Marş irəli” devizi altında “Vətənin müdafiəsinə hazıram” çoxnövçülük yarışlarının keçirilməsi də yeniyetmələrin fiziki və hərbi hazırlığının yüksəldilməsinə xidmət edən layihələrdən biridir .
Düşünürəm ki, “Azərbaycan Gəncliyi Dövlət Proqramı (2005-2009-cu illər)” haqda kifayət qədər məlumatlısınız. Sevindirici hal bu proqramın müvəffəqiyyətlə həyata keçirilməsidir. “Azərbaycan Gəncliyi Dövlət Proqramı” dövlətin hər bir gəncinə ünvanlanmış qayğı, eyni zamanda onların layiqli vətəndaş kimi formalaşması istiqamətində böyük əhəmiyyət kəsb edən tədbirlər planından biridir. Artıq 2010-2013-cü illəri əhatə edəcək “Azərbaycan Gəncliyi Dövlət Proqramı” üzərində işlər gedir. Bu proqramda da yaradıcı, istedadlı və s gəncləri əhatə edən sahələrlə bərabər vətənpərvərlik mövzusuna da xüsusi yer ayrılıb.
Gəncləri Azərbaycan xalqının tarixinə, adət-ənənələrinə, mədəniyyətinə hörmət ruhunda tərbiyə etmək məqsədi ilə həyata keçirdiyimiz layihələr və layihələrə ilbəil il daha çox qatılan gənclər barəsində çox danışmaq olar. Gənclər və idman siyasətini həyata keçirən bir dövlət qurumu olaraq daha çox gənci ölkənin, onların özlərinin gələcək həyatında böyük rol oynayan bu layihələrə cəlb etmək, hər birinin daha peşəkar və vətənpərvər şəkildə inkişafına kömək göstərib, istiqamətləndirmək əsas məqsədlərimizdəndir.
Bəllidir ki, xaricdə təhsil alan minlərlə gənc var. Prezidentin gənclərin xaricdə təhsil almasına dəstək verən 2007-2015-vi illəri əhatə edən proqramı imzalanmasından sonra bu kadr potensialından istifadə xüsusilə aktuallaşıb. Nazirliyin bununla bağlı siyasətini açıqlaya bilərdinizmi?
Bu gün dünyada qloballşama prosesi gedir. Avropanın ortaya qoyduğu 4 əsas prinsip var ki, onlar qlobollaşma prossesinin əsasını təşkil edir. Söhbət insanların, malların, xidmətlərin və pulların azad dövriyyəsindən gedir. 
Ölkəmizin təbii sərvəti olan neft və qaz Azərbaycanın gələcək inkişafını təmin edən vasitə kimi qəbul edilir. Təbii ki, bu şəraitdə əldə olunan vasitələrin ən səmərəli xərclər istiqamətlərindən biri kimi gənclik müəyyən edilibdir. Bu istiqamətdə Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin imzaladığı “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” gənclərin xaricdə təhsil almalarına böyük imkanlar açır.
Azərbaycanlı tələbələrin xaricdə təhsil alması hələ XX əsrin 70-80-ci illərinə təsadüf edir. Sovet dönəmində Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə azərbaycanlı tələbələr SSRİ-nin digər respublikalarına və sosialist düşərgəsinə aid olan xarici dövlətlərə təhsil almaq üçün göndərilirdi. 
Sevindirici haldır ki, bu gün həm dövlət xətti ilə, həm də müxtəlif proqramlar çərçivəsində xaricdə təhsil alan və elmi fəaliyyətlə məşğul olan gənclərimizin sayı ildən ilə artır. Xaricdə təhsil aldıqları müddət ərzində diaspora işində və Azərbaycan haqqında düzgün məlumatların dünya ictimaiyyətinə çatdırılmasında əsas aparıcı qüvvə kimi yaxından iştirak etmələri, müxtəlif mövzular üzrə forum və tədbirlərin təşkili və bu forumlar, tədbirlər vasitəsilə geniş əlaqələrin qurulması, gənclər bir-biri ilə tanışlığı, Azərbaycanın inkişafı ilə bağlı müxtəlif mövzular üzrə qarşılıqlı fikir mübadilələrinin aparılması, birgə fəaliyyət üçün növbəti mühüm, maraqlı addımları müəyyən etmiş olur.
Onu da qeyd edim ki, xaricdə təhsil alan gənclərimizin son dövrlərdə böyük əksəriyyəti Vətənə dönərək əldə etdikləri bilikləri Azərbaycanın inkişafı istiqamətinə yönəldirlər. Azərbaycanın daha da surətli inkişafını təmin etmək üçün bu gün dünyada gedən proseslərdə fəal iştirakı qaçılmazıdır. Məhz ona görə də xaricdə təhsil alan gənclərimiz vasitəsilə bu istiqamətdə kadr boşluğunu tamamlamaq olar. 
O ki, qaldı nazirlik tərəfindən atılacaq addımlara, onu deyə bilərəm ki, bu gün Gənclər və İdman Nazirliyinin sistemində peşəkar gənc mütəxəssislər çalışır. Lakin,əvvəl də qeydedildiyi kimi Azərbaycan inkişaf etdikcə həm yeni tələblər formalaşır, həm də fəaliyyət daha da genişlənir. 
Ölkə başçısı, cənab Prezident İlham Əliyev öz çıxışlarında daim vurğulayır ki, biz qara qızılı insan kapitalına çevirəcəyik.
Biz, Gənclər və İdman Nazirliyi olaraq bu cür gənclərlə daim işləməyə hazır bir qurumuq.
Ümumiyyətlə, gənclərin ictimai həyatda rolunu artırmaq üçün planlarınız necədir? Gənclər təşkilatlarının bu istiqamətdə rolunun necə görürsünüz?
Gənclərin ictimai həyatda fəallığının artırılmasında gənclər təşkilatları xüsusi çəkiyə malikdir. Qeyd edim ki, gənclərin ictimai fəallğının artırılması və gənclər təşkilatları ilə iş sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etmək məqsədilə bir sıra fundamental tədbirlər həyata keçirilir. Bu gün gənclər təşkilatları dövlət gənclər siyasətinin həyata keçirilməsində əsas tərəfdaş kimi çıxış etməklə bərabər, vətəndaş cəmiyyətinin qurulmasında gənclərin iştirakını şərtləndirən əsas amillərdən biridir. Gənclər təşkilatlarının fəaliyyətinə nəzər saldıqda görərik ki, gənclər təşkilatlanaraq öz imkan və bacarıqlarını konkret istiqamət üzrə səfərbər etməklə öz mənini axtarıb tapır, bir fərd kimi inkişaf edir, eyni zamanda vətəndaş cəmiyyətinin fəal iştirakçısı olur. Məhz bu səbəbdən gənclər təşkilatları ilə işin təşkili və bu istiqamətə dövlətin diqqət göstərməsi gələcək nəslin hərtərəfli inkişafını təmin etmiş olur. Təkcə son 3 ildə dövlət qeydiyyatına 101 gənclər təşkilatı alınmışdır. Qeydiyyata alınmış təşkilatların nizamnamə məqsədlərinin təhlili göstərirki, gənclər son 3 il ərzində əsasən Avropaya inteqrasiya və beynəlxalq mübadilə proqramlarında, regionlarda yaşayan gənclərin problemlərinin həllində iştirak, beynəlxalq tələbə və gənclər təşkilatlarında təmsil olunma, təhsil, elm və intellektual inkişaf, diaspora və lobbiçilik işində iştirak, vətənpərvərlik və vətəndaşlığın təşviq olunması, hüquqi maarifləndirmə və insan hüquqlarının qorunması və ixtisas sahələri üzrə təşkilatlanma istiqamətində fəaliyyətə daha çox meyl göstərirlər.
Hazırda dövlət qeydiyyatına alınmış gənclər təşkilatlarının sayı 170-dən artıqdır. 2005-ci ildən bu günədək gənclər təşkilatlarının 140-ə yaxın layihələrinin maliyyələşdirilməsinə, 400-dən çox ictimai fəal gənclərin beynəlxalq tədbirlərdə iştirakına kömək göstərilmişdir.
Azərbaycan gəncləri bu gün Avropa Gənclər Forumu, Dünya Türk Gənclər Birliyi, GUAM ölkələri Gənclər Forumu, İslam Konfransı Gənclər Forumu, Avropa Tələbələr Forumu, Tələbələrin İqtisadiyyat və Menecment üzrə Beynəlxalq Assosiasiyası, Təbib Tələbələr Assosiasiyalarının Beynəlxalq Federasiyası və s. 30-dan çox Avropanın və dünyanın nüfuzlu beynəlxalq gənclər təşkilatlarında təmsil olunur və ən yüsək kürsülərdə Azərbaycan həqiqətlərini gələcəkdə dünyanı idarəedəcək həmyaşıdlarına təqdim edirlər.
Əminliklə deyə bilərəm ki, gənclər təşkilatları bu gün Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları icərisində həm həyata keçirdikləri maraqlı layihələr, həm də davamlı fəaliyyətlərinə görə fərqlənirlər.
Gənclər və İdman Nazirliyinin xaricdəki gənclərimizin yaratdıqları təşkilatlarla əlaqələri hansı səviyyədədir? Sizin bu təşkilatlardan hansı gözləntiləriniz var?
Son illər xaricdə təhsil alan gənclərimizin ictimai fəallığı xüsusi nəzərəçarpır. Qeyd edim ki, gənclərin xarici əlkələrdə təşkilatlanması bizi sevindirir. Düşünürəm ki, bu istiqamətdə müxtəlif təşkilatların əlaqəli şəkildə fəaliyyəti, uzunmüddətli ictimai layihələrin hazırlanması və həyata keçirilməsi həm azərbaycanlı gənclərin inkişafına müsbət təsir edir, həm də Azərbaycan haqqında xarici ölkələrin cəmiyyətində düzgün fikir formalaşdırır. Gənclərin bu cür fəaliyyəti nazirliyimiz tərəfindən daim dəstəklənmişdir.
Gənclər və İdman Nazirliyi bu gün əsasən MDB və Avropa ölkələrində fəaliyyət göstərən təşkilatlarla əməkdaşlıq edir. Bundan başqa onların tədbirlərinin təşkilində yaxından iştirak edərək lazımı köməklik göstərir. Fürstdən istifadə edib yarandığı qısa müddət ərzində maraqlı işlər görən “Odlar Yurdu” Cəmiyyətinın fəaliyyətinə uğurlar arzulayım.
Nazirlik olaraq xarici ölkələrdə fəaliyyət göstərən azərbaycan gənclər təşkilatlarından bir sıra gözləntilərimizdə var. Beləki, Azərbaycan haqqında həqiqətlərin düzgün və daha effektiv üsullarla çatdırılması, yaşadıqları cəmiyyətə daha çox nüfuz etmələri və ən əsası isə mükəmməl təhsil alıb peşəkar mütəxəssis olmaları onların özləri, gələcəkləri üçün vacib olduğu qədər, ölkəmizin daha da inkişafı, tanınması istiqamətində danılmaz rol oynayır.