Interviewee: Azad Rəhimov
Tarix: 2015 iyun 02

Nazir Azərbaycanda İslam Həmrəyliyi Oyunlarının keçirilməsi üçün əlavə idman obyektlərinin tikilməsi məsələsinə aydınlıq gətirdi

Avropa Oyunlarında istifadəyə verilən idman obyektləri 2017-ci ildə ölkəmizdə keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına da yetərli olacaq. Youthportal-ın məlumatına görə, bunu “Azərbaycan” qəzetinə müsahibəsində I Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru, Gənclər və idman naziri Azad Rəhimov deyib.

Nazir qeyd edib ki, bu nüfuzlu yarış üçün yeni idman infratsrukturunun yaradılmasına ehtiyac yoxdur.

A.Rəhimovun sözlərinə görə, I Avropa Oyunlarında 291 atlet Azərbaycanı layiqincə təmsil etdi: “Bir daha dünyaya nümayiş olundu ki, Azərbaycan idman sahəsində də Avropada liderlərdən biridir”.

Nazir əlavə edib ki, Yay Olimpiya Oyunlarını keçirmək üçün müəyyən standartlar mövcuddur və bunun təlimatları da var. Ancaq qitədə ilk dəfə keçirilən Avropa Oyunlarının standartları yox idi. Bu standartları Azərbaycan müəyyənləşdirdi:

“Biz təlimatları özümüz yazdıq və gələcək Oyunlar üçün hazır meyarlar yaratdıq. Prezident İlham Əliyev də tapşırıq vermişdi ki, Avropa Oyunları Yay Olimpiya Oyunları standartları səviyyəsində keçirilməlidir və həqiqətən də belə oldu. Bütün yarış meydançaları, məşq zalları, idmançıların istirahət otaqları, onların qidalanması, Atletlər Kəndinin yaradılması və digər proseslər bu standartlara uyğun qurulmuşdu. Hər bir xarici idmançı da, nümayəndə heyətinin üzvü də indiyədək belə bir şəraitlə rastlaşmadıqlarını söyləyirdi. Ümumiyyətlə, Azərbaycan idman yarışı hazırlığının ən mükəmməl standartlarını müəyyənləşdirdi”.

 http://www.youthportal.az/az/news/detail.php?ID=75784