Interviewee: Azad Rəhimov
Tarix: 2009 yanvar 23

“Ümid edirəm ki, taekvando bundan sonra diqqətsiz qalmayacaq” bu sözləri Gənclər və İdman Naziri cənab Azad Rəhimov qeyd etdi

“Ümid edirəm ki, taekvando bundan sonra diqqətsiz qalmayacaq” bu sözləri bu gün boks federasiyasına keçirilən prezident seçkiləri zamanı AR Gənclər və İdman Naziri cənab Azad Rəhimov qeyd etdi. 

Beləliklə, 23 yanvar 2009-cu il tarixi saat 15:00 da Milli Olimpiya Komitəsində Boks federasiyasına yeni prezident seçkisi keçirildi.
Artıq 25 ildir boks federasiyasına rəhbərlik edən Ağacan Abiyev bu dəfə öz kürsüsünü növbəti prezidentə - Taekvondo federasiyasının prezidenti, Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərova təhvil verdi. Ilk olaraq Ağacan Abiyev 2005-2008-ci illər ərzində Azərbaycan Boks federasiyasında görülən işlər barədə məlumat verdi.
160 nəfər nümayəndə heyətindən 133-nün qatıldığı iclasda beynəlxalq dərəcəli hakim, boks federasiyasının vitse prezidenti Niftalı Quliyev, vitse president, Avropa çempionu Rövşən Hüseynov, yığma komandanın baş məşqçisi Nəriman Abdullayev, XXIX Pekin Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Şahin İmranov boks federasiyasının fəaliyyətindən, görülən işlərdən və qüsurlardan söz açdılar. Ümumilikdə, federasiyanın işi qənaətbəxş hesab olundu.
Daha sonra söz Gənclər və İdman Naziri cənab Azad Rəhimova verildi. Cənab Azad Rəhimov Olimpiya medallarının olmamasına baxmayaraq taekvondo idman növünün çox yüksək templə inkişaf etdiyini vurğuladı. Eyni zamanda cənab Kəmaləddin Heydərovun boks federasiyasına gəlişindən sonra bu sahədə işlərin çox yüksək səviyyədə gedəcəyinə ümid bəslədiyini bildirdi. Bununla bərabər cənab Azad Rəhimov boksun Azərbaycanda inkişafının çox qənaətbəxş olduğunu vurğuladı və qeyd etdi ki, ümumilikdə 16 olimpiya medalından 4-ü məhz boksun payına düşür. Azad Rəhimov onu da bildirdi ki, artıq boks idman növü üzrə görülən işləri yeni mərhələyə qaldırmaq lazımdır, olimpiya komplekslərində gənclərin boksla məşğul olması üçün şərait yaradılmalıdır.
Sonda boks federasiyasının işini, fəaliyyətini yüksək qiymətləndirən Gənclər və İdman Naziri cənab Azad Rəhimov boks federasiyasının yeni prezidentinə - Kəmaləddin Heydərova bu işdə dəstək və kömək göstərilməsinin lazım olduğunu bildirdi. Azad Rəhimov vurğuladı ki, idmana, boksa göstərilən dəstək ölkə başçısı cənab İlham Əliyevə göstərilən kömək və dəstəkdir. Çünki dünyanın heç bir ölkəsinin prezidenti idmana bu dərəcədə yüksək qayğı və diqqətlə yanaşmır.
Daha sonra Milli Olimpiya Komitəsinin vitse prezidenti Çingiz Hüseynzadə çıxış etdi və son 10 il ərzində boksun inkişafının olimpiya medallarının Azərbaycana gətirilməsi ilə müşaiət olunduğunu bildirdi. Lakin əfsus hissi ilə bu medalların bürünc olduğunu qeyd etdi. Çingiz Hüseynzadə boksda gedəcək dəyişikliklərin yüksək tempinə inandığıni bildirərək, medalların qızılla əvəzlənəcəyinə ümid bəslədi.
Yekdilliklə boks federasiyasına prezidenti seçilən Kəmaləddin Heydərov iclasın sonunda boks federasiyasının şərəfli yol keçdiyini bildirdi. Kəmaləddin Heydərov Azərbaycan boksu ilə həmişə fəxr etdiyini xüsusi olaraq vurğulayaraq Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi tərəfindən idmana son illər ərzində çox böyük dəstək göstərildiyini diqqətə çatdırdı.
Çıxışının sonunda Kəmaləddin Heydərov boksun bir ailə olduğunu və bu ailənin bir yumruq kimi ölkə başçısı cənab prezident İlham Əliyevin qoyduğu istiqamətdə inkişaf etməli olduğunu bildirdi.
Daha sonra 18 nəfərdən ibarət icraiyyə komitəsinin yeni idarə heyətinin iclası keçirildi.

http://www.mys.gov.az/events/sporte/20090126020420721.html