Interviewee: Azad Rəhimov
Tarix: 2015 iyul 01

Azad Rəhimov: “Bakı-2015”in möhtəşəm uğurunun vahid komandanın peşəkarlıq və əzmkarlığı, əlbir fəaliyyət dayanır

Nazir Azad Rəhimov hesab edir ki, AZƏRTAC kimi mötəbər və nüfuzlu xəbər qaynağı birinci Avropa Oyunlarının operativ, geniş işıqlandırılması üçün çox vacib idi və onun peşəkar kollektivi “Bakı-2015”in rəsmi media tərəfdaşı kimi üzərinə düşən vəzifənin öhdəsindən bacarıqla gəldi
Bakı, 1 iyul, AZƏRTAC
Azərbaycanın gənclər və idman naziri, “Bakı-2015” birinci Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov Oyunların yekunları ilə bağlı AZƏRTAC-ın suallarını cavablandırıb. Onunla müsahibəni təqdim edirik.
- Azad müəllim, birinci Avropa Oyunları uğurla başa çatdı. İstərdik bir qədər əvvələ qayıdaq. Bu Oyunların keçirilməsi barədə qərar qəbul ediləndə hazırlıq işləri üçün cəmi 30 ay vaxt qalırdı. Sizcə, Oyunlara hazırlıq prosesinin çox qısa müddətdə və yüksək səviyyədə tamamlanmasında hansı amillər əsas rol oynadı?
- Belə böyük, möhtəşəm tədbirləri həyata keçirmək üçün əsas vaxt aparan və ən mühüm məsələlərdən biri inşaat işləridir. Tikintini vaxtında tamamlamaq ən ümdə məsələdir. Bizdə vəziyyət elə idi ki, Bakı Olimpiya Stadionunun, Bakı Su İdmanı Sarayının tikintisi barədə qərarlar birinci Avropa Oyunlarına ev sahibliyi hüququnun Azərbaycana verilməsindən əvvəl qəbul edilmişdi. Həmin idman qurğuları gələcəkdə keçiriləcək böyük yarışlar üçün nəzərdə tutulurdu. Bu sıradan ilk mötəbər idman tədbiri məhz birinci Avropa Oyunları oldu.
Bundan başqa, “Baku Crystal Hall” kimi mövcud arenalarla yanaşı, müvəqqəti idman qurğuları yaradılmalı idi. Onların da tikintisi vaxtında tamamlandı. Beləliklə, bizi narahat edən ən böyük məsələlər həllini tapdı.
İkinci böyük amil və təşkilati məsələlərdən biri də əməliyyat işləri idi. Bakıya çoxlu idmançının, qonağın gəlməsi gözlənilirdi. Onların qarşılanması və yerləşdirilməsi, qidalanması, nəqliyyatla təmin olunması, təhlükəsizlik məsələlərinin həlli kimi mürəkkəb vəzifələrin öhdəsindən yüksək peşəkarlardan ibarət komanda gələ bilərdi. Biz belə bir komanda formalaşdıra bildik. İşlər bütün istiqamətlər üzrə vaxtında və qrafikə uyğun olaraq aparıldı və biz Oyunlara hərtərəfli hazırlıqla başlaya bildik.
- Azərbaycan “Bakı-2015” birinci Avropa Oyunlarını yüksək səviyyədə təşkil etdi. Şübhəsiz ki, hazırlıq işlərində Təşkilat və Əməliyyat komitələri müstəsna rol oynadı. Bu iki qurum arasında fəaliyyət necə əlaqələndirilirdi? Hər hansı ciddi problemlə qarşılaşırdınızmı?
- Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, 2013-cü il yanvarın 17-də birinci Avropa Oyunlarının keçirilməsi üzrə Təşkilat Komitəsi yaradıldı. Əsasən nazirlərdən, dövlət qurumlarının rəhbərlərindən ibarət Təşkilat Komitəsinə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva sədrlik edirdi. Oyunlara hazırlığın əsas məsuliyyəti sözsüz ki, Təşkilat Komitəsinin üzərinə düşürdü. Buna görə də o, öz işini ciddi plan və qrafik əsasında aparırdı.
Təşkilat Komitəsinin qərarı ilə Əməliyyat Komitəsi yaradıldı və ona rəhbərlik mənə həvalə olundu. Ortaya çıxan bütün məsələləri, müəyyən problemləri biz Təşkilat Komitəsinin yaxından iştirakı ilə həll edir, layihələri birgə həyata keçirirdik.
Xüsusi qeyd etmək istəyirəm ki, hazırlıq prosesinin uğurla başa çatmasında birinci xanım Mehriban Əliyeva çox böyük rol oynadı. O, Təşkilat Komitəsinin rəhbəri kimi Avropa Oyunlarının hazırlıq məsələləri ilə şəxsən məşğul olur və işlərə bilavasitə nəzarət edirdi. Mən uğurun əsas amillərindən birini məhz Mehriban Əliyevanın sədrliyi ilə vahid komandanın peşəkarlığı, əzmkarlığı və əlbir fəaliyyətlə izah edərdim.
- İlk Avropa Oyunları istər Azərbaycanda, istərsə də dünya miqyasında gözlənildiyindən də böyük marağa səbəb oldu. Sizcə, bu maraq nə ilə izah oluna bilər?
- Sözsüz ki, hər bir hadisənin ilki insanların diqqətini daha çox cəlb edir. Tarixdə ilk, yeni bir layihə həyata keçirilirdi. Buna görə də “Bakı-2015” dünyada çox böyük maraq doğurdu. Bu yeni layihə, eyni zamanda, ona görə maraqlı idi ki, Avropanın Olimpiya Oyunlarının mərkəzi olmasına baxmayaraq, bu qitənin heç vaxt öz Oyunları olmayıb. Biz də öz növbəmizdə çalışdıq ki, televiziya kanallarında, qəzet və jurnallarda, informasiya portallarında geniş məlumatlar yaymaqla, Avropanın paytaxt şəhərlərində təqdimatlar keçirməklə “Bakı-2015”ə diqqəti daha çox cəlb edək. Mübaliğəsiz deyə bilərəm ki, biz bu məqsədə nail olduq.
Digər bir məqam da ondan ibarət idi ki, bu yarışlarda 50 ölkə iştirak edirdi. Qitənin güclü atletləri 20 idman növü üzrə yarışırdılar.
Sadaladığım bütün bu amillər Oyunların sözün əsl mənasında idman bayramına çevrilməsini, böyük marağa səbəb olmasını şərtləndirdi.
- Oyunların istər açılış, istərsə də bağlanış mərasimləri çox möhtəşəm alındı. Bunu dünya mediasının, idman mütəxəssislərinin rəyləri də təsdiqləyir. Mərasimlərin ideyası, süjet xətti nədən qaynaqlanırdı?
- Qarşımıza Oyunları yüksək səviyyədə təşkil etməklə yanaşı, Azərbaycanın mədəniyyətini, tarixini, musiqisini, mətbəxini, xalqımızın qonaqpərvərliyini də dünyaya nümayiş etdirmək məqsədi qoyulmuşdu. Bizim üçün bu imkan daha çox açılış və bağlanış mərasimlərində yarandı. Bu mərasimlərin hazırlanmasına cəlb olunmuş əcnəbi mütəxəssislərə birinci xanım Mehriban Əliyeva tərəfindən tövsiyələr və konkret istiqamət verildi. Onlar muzeylərdə, kitabxanalarda oldular, mədəniyyətimiz, mənəvi dəyərlərimizlə bağlı materialları araşdırdılar. Məşhur bəstəkarlarımız Qara Qarayevin, Fikrət Əmirovun ölməz musiqisi elə birinci gündən onların diqqətini cəlb etdi və ideyalarını pərvazlandırdı. Nəhayət, hər birimiz möhtəşəm mərasimlərin şahidi olduq.
- Azərbaycan birinci Avropa Oyunlarında 21-i qızıl olmaqla 56 medal qazanaraq komanda hesabında ikinci yeri tutdu. İdman sahəsinə rəhbərlik edən şəxs kimi bu nəticə Sizin üçün nə qədər gözlənilən idi?
- Bu, doğrudan da gözlənilməz uğur idi. Adətən idman mütəxəssisləri belə böyük yarışlardan əvvəl proqnozlar verməyi xoşlayırlar. Amma mən heç vaxt öz proqnozlarımı açıqlamamışam. Bununla belə etiraf edim ki, ikinci yer tutacağımızı, bu qədər medal qazanacağımızı gözləmirdik.
Mən bu parlaq qələbələrin səbəbini ilk növbədə doğma torpaq amili, ruh yüksəkliyi, Vətənin şərəfini uca tutmaq əzmi ilə izah edərdim. Digər tərəfdən, komandamız idmanın bütün növlərində, bir çox çəki dərəcələrində təmsil olundu. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, yarışlarda Azərbaycanın 291 idmançısı iştirak edirdi və bacarıqlı atletlərimiz onlara bəslənilən ümidləri doğrultdular.
- Prezident İlham Əliyev idmançılarımızın çıxışlarını arenalarda izləyərək onlara şəxsən dəstək olurdu. Prezident keçirdiyi hissləri belə ifadə edib: “Bu günlər ərzində hamımız yəqin ki, bir neçə dəfə kövrəldik. Hamımızın elə unudulmaz anları olmuşdur ki, bunu sözlə təsvir etmək çətindir. Qələbə sevinci, qürur hissi, idmançılarımızın rəşadəti, gücü, xalqımızın birliyi, bütün bunlar heç vaxt yadımızdan çıxmayacaq”.
Azad müəllim, yəqin ki, Siz də eyni hissləri keçirmisiniz, kövrəldiyiniz anlar da olub...
- Bu, sevinc göz yaşları idi. İdman elə bir maraqlı aləmdir ki, qələbə, yaxud məğlubiyyət istər-istəməz insanın daxilində müəyyən hisslər yaradır. Həmin hisslər bəzən göz yaşları, kövrək duyğularla müşayiət olunur. Elə biz də həmin anları və hissləri yaşayırdıq. Bu, eyni zamanda, böyük qürur hissi doğururdu. Bizim emosiyalarımız məhz keçirdiyimiz həmin hisslərdən qaynaqlanırdı.
- Azərbaycan Avropa Oyunlarının standartlarını müəyyənləşdirdi, gələcəyə cığır açaraq zəngin miras qoydu. Sizcə, bu standartlar konkret olaraq nədən ibarətdir? Oyunlarda qazanılmış təcrübə, yaradılmış infrastruktur yaxın perspektiv üçün nələr vəd edir?
- Həqiqətən də Avropa Oyunlarının standartları müyyənləşməmişdi, konkret təcrübə yox idi. Amma Olimpiya Oyunlarını götürsək, bununla bağlı onlarla təlimat kitabı var. Orada bütün təlimat və qaydalar əksini tapıb. Hər bir addımı ona əsaslanıb atırsan. Biz isə faktiki olaraq bu prosesə sıfırdan başladıq. Demək olar ki, təlimat kitabçalarını gələcək oyunlar üçün biz yazdıq.
Cənab Prezidentin bizə verdiyi əsas tapşırıq və istiqamət ondan ibarət idi ki, birinci Avropa Oyunlarını çalışıb Olimpiya Oyunları səviyyəsində keçirməliyik. Bütün idman qurğuları, infrastruktur, atletlər üçün yaradılan şərait beynəlxalq standartlara uyğun olmalıdır. Biz buna nail ola bildik. Möhtəşəm Atletlər Kəndi, Media Kəndi, idman arenaları onları görən hər kəsi heyran edirdi. Zənnimcə, bütün bunlar gələcək Oyunlar üçün bir standart, nümunə ola bilər.


- “Bakı-2015”in rəsmi media tərəfdaşı olan AZƏRTAC Oyunların təbliğində, yarışların işıqlandırılmasında üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlməyə çalışdı. BEGOC-un baş icraçı direktoru kimi, agentliyimizin bu istiqamətdəki fəaliyyətini necə qiymətləndirərdiniz?
- Mən Azərbaycan mediasının bu Oyunların təbliği istiqamətində fəaliyyətini, bizə göstərdiyi köməyi çox yüksək qiymətləndirirəm və onlara dərin minnətdarlığımı bildirirəm. Çox yüksək peşəkarlıqla və gözəl iş aparıldı. Heç bir məsələ, heç bir an diqqətdən kənarda qalmadı və operativ şəkildə işıqlandırıldı.
Sözsüz ki, media qurumlarının imkanları və missiyası müxtəlifdir. Bu mənada Azərbaycanın ən böyük informasiya agentliyi olan AZƏRTAC-ın yaydığı xəbərlər daha vacib idi. Ona görə ki,AZƏRTAC dünyaya 7 dildə xəbərlər, foto və videomateriallar çatdırır. Digər tərəfdən operativ fəaliyyət göstərir, məlumatların və faktların səhihliyinə xüsusi diqqət yetirir. Belə bir mötəbər, nüfuzlu xəbər qaynağı birinci Avropa Oyunlarının işıqlandırılması üçün çox vacib idi.
Bu, xüsusən ona görə vacib idi ki, istər Oyunlar ərəfəsində, istərsə də yarışların gedişində müəyyən qüvvələr Azərbaycana qarşı qarayaxma kampaniyası aparır, “Bakı-2015”in üzərinə hər vəchlə kölgə salmaq istəyirdilər. Azərbaycan KİV-ləri, bizimlə birgə işləyən jurnalistlər və ilk növbədə rəsmi media tərəfdaşımız olan AZƏRTAC yalan və böhtanları ifşa etmək üçün həqiqətən böyük iş apardı. Nəticədə həmin qara qüvvələr öz məkrli niyyətlərinə nail ola bilmədilər. Ona görə də mən AZƏRTAC-ın bütün kollektivinə öz minnətdarlığımı bildirmək istərdim. Belə düşünürəm ki, “Bakı-2015”in media tərəfdaşı olmaq öz-özlüyündə zəngin təcrübə və böyük məktəbdir. Biz bu təcrübədən qarşıdakı mötəbər yarışlarda birgə istifadə edəcəyik.
- Maraqlı müsahibəyə görə çox sağ olun.

http://azertag.az/xeber/Azad_Rehimov_Baki_2015in_mohtesem_ugurunun_esasinda_vahid_komandanin_pesekarliq_ve_ezmkarligi_elbir_fealiyyet_dayanir_VIDEO-868423