Interviewee: Azad Rəhimov
Tarix: 2019 fevral 02

Azad Rəhimov: Hörmətli mərasim iştirakçıları! Dəyərli qonaqlar! Əziz gənclər!

Ümummilli lider Heydər Əliyevin Azərbaycan gənclər gününü təsis etdiyi vaxtdan 21 il ötür. Bu illərin hər biri dövlət tərəfindən gənclərə göstərilən qayğı və diqqət, gənclərin uğurları ilə yadda qalıb.

2017-ci il də olduqca işgüzar, dolğun və uğurlu oldu. 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramı imzalanmışdır. Bu, ölkə başçısı tərəfindən gənclər siyasəti sahəsində təsdiq edilən artıq 3-cü Dövlət Proqramıdır. Sənəd gənclərin bütün əsas maraqlarını nəzərə alır və müasir mərhələdə mövcud çağırışlara cavab verir. Onu da qeyd etmək lazımdır ki, dünyanın heç bir ölkəsində gənclərlə bağlı ardıcıl olaraq belə sayda məqsədli sənəd qəbul edilməyib.

Ötən il Gənclər və İdman Nazirliyinin tabeliyində olan və  gənclər siyasətinin infrastrukturunu təşkil edən 14 Gənclər Evində sistemli iş başlamışdır. Beləliklə bu sahədə 140 daimi və 70-dək müvəqqəti yeni iş yeri yaradılmış, gənclərin iştirakı, bilik və bacarıqlarının inkişafı və asudə vaxtının təşkili  üçün tam yeni imkanlar təmin edilmişdir.

Bugünkü gənclər vətənpərvər, təhsilə meyilli, milli-mənəvi, mədəni köklərinə bağlı, cəmiyyətin sosial məsələlərinə diqqətli və təşəbbüskardır. Bu tərbiyənin gücləndirilməsində Heydər Əliyev Fondu, onun Prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın apardığı işlər böyük əhəmiyyətə malikdir.

Azərbaycanda qurulan yeni iqtisadiyyatın əsasında yaradıcılıq, innovasiyalar, bilik və bacarıqlar, eləcə də yüksək texnologiyalardan istifadə dayanır. Elə buna görə də yaradıcı və istedadlı gənclərin üzə çıxarılması, onlara dövlət dəstəyinin göstərilməsi sahəsində yeni formatlar tətbiq edilir. Gənclərin məşğulluğu və sahibkarlıq fəaliyyətinin dəstəklənməsi istiqamətində ilk dəfə olaraq peşəkar biliklər tələb edən “Made in Azerbaijan 2017” biznes ideya müsabiqəsi, “Gənc investor 2017” birja ticarəti üzrə simulyasiya yarışı keçirilmişdir.

Gənclərin ictimai təşəbbüskarlığı, iştirakçılığı, təşkilatlanması məsələləri də fəaliyyətimizin daim mərkəzindədir. Gənclər təşkilatlarının möhkəmlənməsini, artan nüfuzunu təkcə bir faktla göstərmək kifayətdir. Keçən il 110 illik tarixi olan Dünya Skaut Təşkilatının Azərbaycanda keçirdiyi 41-ci Dünya konfransının "səbəbkarı" Azərbaycan Skaut Assosiasiyası olmuşdur. Məhz bu gənclər təşkilatı güclü rəqabət şəraitində seçkilərdə qalib gəlmiş,  Azərbaycanda 166 ölkədən 1500 nəfərin iştirakı ilə keçirilən böyük tədbirə ev sahibliyi etmişdir.

Keçən illər qanunverici və mərkəzi icra orqanında "Gənclər və idman siyasəti" üzrə müvafiq komitə və şöbə yaradılmışdır. Bütün bunlar əminliklə deməyə imkan verir ki, Azərbaycanda, gənclər siyasəti ardıcıl və sistemli aparılır. Onun nəticələri ölçülə biləcək göstəricilərlə sübut edilir, baş verən proseslərə adekvat cavab verir. Fərəhlidir ki, uğurlu tədbirlər mexanizmlərə çevrilib, başqa ölkələr tərəfindən öyrənilir  və model olaraq istifadə edilir.

Azərbaycan gənclərinin tarixi Birinci Forumunda ümummilli lider Heydər Əliyev səmimiyyət və məsuliyyətlə demişdir: "O şeyi ki, bu gün edə bilməyəcəyik, onu sabah edəcəyik, sabah edə bilmədiyimizi bir neçə vaxtdan sonra edəcəyik, amma əmin olun ki, gənclərə qayğı, diqqət bundan sonra günbəgün, ilbəil artacaq. Çünki siz həqiqətən Azərbaycanın gələcəyisiniz".

20 il sonra gənclərlə birbaşa dialoq aparan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sahənin inkişafına belə qiymət vermişdir: "Azərbaycanda çox düşünülmüş və məqsədyönlü gənclər siyasəti aparılır. Bu siyasətin təməlində ulu öndər Heydər Əliyevin tövsiyələri dayanır. Görülən işlərin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri çox böyük işlərə imza atırlar, cəmiyyətdə çox mühüm rol oynayırlar. Gənclərin fəallığı, onların bilikləri bu gün ölkəmizi gücləndirir."

Qarşıda bizi yeni işlər gözləyir. 2018-ci il ictimai hadisələrlə zəngindir. Bu il biz müasir Azərbaycanın banisi Heydər Əliyevin 95 illiyini və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini qeyd edəcəyik. Bu il həmçinin Azərbaycan xalqına qarşı törədilmiş soyqırımının 100 ili qeyd olunur. Bunlar bizim tariximizin mühüm səhifələridir, gənc nəslin milli şüurunu formalaşdıran tarixdir.

Bildiyiniz kimi, Bakı 2025-ci ildə böyük maraq kəsb edən EKSPO sərgisinin keçirilməsi üçün 3 namizəd şəhərdən biridir. Bakı müxtəlif hekayələrlə zəngin bir kitaba bənzəyir. İlk Avropa oyunları, IV İslam Həmrəyliyi oyunları, Formula 1 Azərbaycan Grand Prisi və digər mötəbər tədbirlərin hər birinin öz hekayəsi var. Bu gün burada BAKU Ekspo 2025 üçün gənclər arasında esse müsabiqəsinin başlanğıcını elan edirəm. 

Bu il Azərbaycanda növbəti Prezident seçkiləri keçiriləcəkdir. Əminəm ki, ölkə gəncləri dövlətimizin və xalqın bu günü və gələcəyini yorulmaz əzmkarlıq, siyasi məsuliyyət və uzaqgörənlik, yüksək peşəkarlıqla təmin edən Prezident cənab İlham Əliyevə öz səsini yekdilliklə verəcək. 

Bir daha bayramınız mübarək olsun.

Diqqətinizə görə təşəkkür edirəm.