Tarix: 2017 fevral 17
Mənbə:
Baxışlar: 1165

“Gənclər daha yaxşı gələcək uğrunda” kampaniya davam edir

Gənclər və İdman Nazirliyi və BMT-nin Əhali Fondunun dəstəyi ilə Gənclər Təşkilatları Milli Şurası tərəfindən həyata keçirilən “Gənclər daha yaxşı gələcək uğrunda” kampaniyası davam edir.
Kampaniyanın əsas məqsədi BMT-nin qəbul etdiyi 17 dayanaqlı inkişaf məqsədləri haqqında gənclər arasında təbliğat-təşviqat işləri aparmaq, təlimlər vasitəsilə onları maarifləndirmək, gəncləri Dayanaqlı İnkişaf Məqsədləri ilə bağlı sosial fəaliyyətlərə cəlb etmək və DİM-in çatdılmasında gənclərin rolunu artırmaqıdır.
Kampaniya gənclərin ictimai-sosial mövqeyinin formalaşması və beləliklə daha yaxşı gələcəkdə yaşamaları üçün məşğulluq, təhsil, sağlamlıq sahələrində məlumatlandırmaqla 17 Dayanıqlı İnkişaf Məqsədlərindən olan keyfiyyətli təhsil, gender bərabərliyi, yaxşı səhiyyə və rifah adlı 3 məqsədi özündə birləşdirir.
Bu istiqamətdə kampaniya çərçivəsində keçirilən sorğu artıq başa çatıb. Sorğuda 300-dən çox gənclər təşkilatının rəhbərləri, əməkdaşları və üzvləri iştirak edib.  Həmçinin, Lənkəran, Şəki, Gəncə şəhərlərində və Quba rayonunda 2 günlük təlimlər təşkil olunub. Hazırda fəal gənclərin və gənclər təşkilatlarının nümayəndələrinin məlumatlılığının artırılması məqsədi ilə kampaniya davam etdirilir. Statistik məlumatların əks olunduğu infoqrafiklər sosial şəbəkələrdə yayımlanır.
Qeyd edək ki, kampaniya çərçivəsində iki sosial video-çarx hazırlanıb. İlk video keyfiyyətli təhsil mövzusunu əhatə edib. Video çarxda cəmiyyətdə təhsilin vacibliyi və uşaqlar üçün keyfiyyətli təhsilin əhəmiyyəti vurğulanıb. Məhz təhsil vasitəsi ilə cəmiyyətin tələbatına uyğun müvafiq kadrlar hazırlanır, mövcud insan kapitalının inkişafının sürətli və davamlı olmasına şərait yaradır ki, bu da ilk növbədə təhsilin məzmunundan, nəyin və necə öyrənilməsindən, öyrənən-öyrədən münasibətlərinin düzgün tənzimlənməsindən əhəmiyyətli dərəcədə asılıdır. 
Kampaniyaya tanınmış insanlar - xalq artisti Eldar Mansurov, əməkdar artist Tünzalə Ağayeva  və teleaparıcı Ceyhun Əli qoşulmuş və öz fikirklərini bildirmişlər.  Ətraflı olaraq video çarxı izləmək üçün bu linkə (https://www.youtube.com/watch?v=ri0f3D55_K0 ) daxil ola bilərsiniz:
İkinci video-çarx cəmiyyətimizdə vacib mövzulardan biri olan gender bərabərliyindən danışılıb. Hal-hazırda, qlobal miqyasda, gender bərabərsizliyi milyonlarla insanın inkişafını məhdudlaşdırır. Lakin, son yüz il ərzində dünya dövlətləri gender problemlərinin həlli istiqamətində böyük addımlar atıb. Dayanıqlı İnkişaf Məqsədlərinin əsas hədəflərindən biri dünyada qadınlara və qızlara qarşı olan ayrı-seçkiliyə son qoymağa nail olmaqdır.
Taekvando üzrə Azərbaycan milli yığma komandasının üzvü Fəridə Əzizova kampaniyaya qoşularaq öz fikirlərini bölüşüb. Ətraflı olaraq video çarxı izləmək üçün bu linkə (https://www.youtube.com/watch?v=0vdP8kTdaOY&t=28s) daxil ola bilərsiniz.
Məlumat üçün bildirək ki, artıq dünya liderləri tərəfindən BMT-nin Baş Qərargahında 17 Dayanıqlı İnkişaf Məqsədini özündə birləşdirən və 2016-2030-cu illəri əhatə edəcək Qlobal Gündəlik qəbul olunmuşdur. İki ildən çox sürən məsləhətləşmələrdə vətəndaş cəmiyyətinin birbaşa iştirakı ilə həyata keciriləcək proseslərlə ölkələr 2030-cu ilədək dayanıqlı inkişafla yoxsulluğa son qoymaq və rifahı təşviq etmək barəsində razılığa gəliblər.