Tarix: 01.05.2017 13:45
Mənbə:
Baxışlar: 793

Beynəlxalq Gimnastika Federasiyasının prezidenti Bədən Tərbiyəsi və İdman Akademiyasının fəxri doktoru olub

Mayın 1-də Beynəlxalq Gimnastika Federasiyasının (FIG) prezidenti Morinatri Vatanabeyə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) fəxri doktoru adı verilib.
FIG prezidenti əvvəlcə Akademiyada aparılan bərpa işləri, yeni istifadəyə verilən gimnastika zalı, idman jurnalistikası ixtisasının nəzdində fəaliyyət göstərən media studiyası və xüsusi tibbi laboratoriya ilə tanış olub.
Akademiyada aparılan islahatlar barədə qonağa məlumat verən ADBTİA-nın rektoru Fuad Hacıyev bildirib ki, hazırda bu təhsil ocağı ikinci baharını yaşayır. Burada geniş yenidənqurma və təmir işləri aparılır, yeni bakalavr və magistr ixtisasları açılır. Həmçinin tədrisin keyfiyyətinin yüksəldilməsi üçün bir sıra addımlar atılır. Bütün bunlar ölkəmizdə peşəkar idman mütəxəssislərinin yetişdirilməsinə xidmət edir. Çünki Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. İdmançılarımız, həmçinin gimnastlarımız beynəlxalq arenada uğurla çıxış edərək ölkəmizi layiqincə təmsil edirlər.
Morinatri Vatanabenin dünyada gimnastikanın inkişafı, kütləviləşməsi və uşaqların idmanın bu növünə cəlb olunması istiqamətində gördüyü işlərdən danışan rektor ADBTİA-nın Elmi Şurasının FIG prezidentinə Akademiyanın Fəxri doktoru adının verilməsinə dair qərar qəbul etdiyini diqqətə çatdırıb.
Sonra rektor fəxri doktorluq diplomunu və mantiyasını M.Vatanabeyə təqdim edib.
ADBTİA-nın fəxri doktoru olmasından məmnunluğunu bildirən M.Vatanabe deyib: “Bu ad təkcə mənə deyil, bütün gimnastika ailəsinə verilib. Azərbaycan gimnastikası sürətlə inkişaf etməkdədir. Təbii ki, bu uğur Azərbaycanın Birinci vitse-prezidenti, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevanın əməyi nəticəsində əldə olunub. 2015-ci ildə ilk Avropa Oyunlarında da Azərbaycan gimnastlarının uğurları çox möhtəşəm oldu. Ümid edirəm ki, Azərbaycan idmanı bundan sonra daha da inkişaf edəcək”.
Gənclər və idman naziri Azad Rəhimov Azərbaycanda idmana göstərilən dövlət qayğısından danışıb, qonağa idmançılarımızın qazandıqları nailiyyətlər barədə məlumat verib. A.Rəhimov FIG prezidentinə bundan sonrakı fəaliyyətində uğurlar arzulayaraq, dünyada gimnastikanın inkişafına töhfələr verəcəyinə əminliyini bildirib.
Sonda qonağa xatirə hədiyyələri təqdim edilib.