Tarix: 22.09.2017 14:20
Mənbə:
Baxışlar: 234

Azad Rəhimov: “Azərbaycan idmançılarının Rio 2016 Olimpiya oyunlarında 18 medal qazanmalarında Avropa oyunlarının böyük dəstəyi oldu”

Minsk 2019  II Avropa oyunları Koordinasiya Komissiyasının iclasında iştirak etmək və oyunlara hazırlıq prosesi ilə yaxından tanış olmaq məqsədi ilə 21 sentyabr tarixindən etibarən bu ölkədə rəsmi səfərdə olan nazir, Minsk 2019 Avropa oyunları Koordinasiya Komissiyasının üzvü  Azad Rəhimov yerli TVR.BY və CTV.BY kanallarına müsahibə verib.
Müsahibəsi zamanı nazir Azad Rəhimov  bu səpkili mötəbər yarışlara hazırlıq prosesi çərçivəsində baş tutan koordinasiya komissiyasının iclasının çox böyük əhəmiyyət daşıdığını vurğuladı və bildirdi ki, bu gün buraya dünyanın müxtəlif ölkələrindən Olimpiya, Avropa oyunları, Dünya çempionatlarında çox böyük təcrübəsi olan mütəxəssislər təşrif buyurub.
Azad Rəhimov: “Təbii ki, Koordinasiya Komissiyasının  burada əsas məqsədi Minsk 2019 II Avropa oyunlarının yüksək səviyyədə keçirilməsində Belarusa yardım göstərilməsidir. Digər bir məqsəd isə, Minskə gələcək turist sayının artırılmasıdır. Yarışlar haqqında məlumatlarla bərabər, eyni zamanda, ölkənin mədəniyyəti, adət ənənələri, musiqisi və tarixi haqqında xəbərlər dolğun və  gözəl şəkildə media vasitəsi ilə ictimaiyyətə ötürülərsə, məqsədə nail olmaq olar. Siz bunu mütləq etməlisiniz. Çünki, Belarus gözəl bir ölkədir və biz bu ölkəni sevən çoxsaylı turistlərin burada olmasını çox arzu edirik.”
Azad Rəhimov xüsusi olaraq vurğuladı ki, Avropa oyunları zamanı Azərbaycan idmançılarının atletlər kəndində yaşamaları, onların bu mühit ilə yaxından tanış olmaları, eyni zamanda,  idman yarışlarında çox güclü rəqibləri ilə mübarizə aparmaları, Rio 2016 Yay Olimpiya oyunlarına  psixoloji, fiziki və mənəvi cəhətdən hazır olmaları üçün birbaşa zəmin yaratdı.  
Azad Rəhimov: “Mən Azərbaycan idmançılarının Rio 2016 Olimpiya oyunlarından vətənə 18 medalla qayıtmasını birbaşa onların bir çoxunun Atletlər kəndində yaşamaları, bu mühit ilə yaxından tanış olmaları, Avropa oyunlarında gərgin keçən mübarizə şəraitində qüvvələrini sınamaları ilə bağlayıram.”
Minsk 2019 II Avropa oyunlarına hazırlıq məqsədi ilə müxtəlif mövzuların müzakirəsinin aparıldığı Koordinasiya Komissiyasının iclasında koordinasiya komissiyasının üzvü, nazir Azad Rəhimov Azərbaycanın mötəbər idman yarışlarına yüksək səviyyədə ev sahibliyi etməsindən və bununla da,  kifayət qədər bilik və təcrübəyə malik peşəkar gənc nəslin yetişməsindən danışaraq, 2019-cu il üçün Azərbaycanın kadr potensialından da yararlanmağın mümkünlüyünü  təklif olaraq irəli sürdü. 
Qeyd edək ki, 2019 cu ildə Minskdə baş tutacaq II Avropa oyunlarına 50 ölkədən 4000 idmançı qatılaraq, 15 idman növündə, 12 idman arenasında mübarizə aparacaqlar.