Tarix: 05.10.2017 16:50
Mənbə:
Baxışlar: 345

Maurisio Suleyman: "Biz Azərbaycanı bu ölkənin səfirləri olaraq tərk edirik."

Ümumdünya Boks Şurasının (WBC) Bakıda təşkil olunan 55-ci Konvensiyası başa çatdı. Bu gün konvensiyanın yekunu olaraq mətbuat konfransı keçirilib. 

WBC-NİN Bakıda təşkil olunan 55-ci Konvensiyası məhsuldar şəraitdə keçdi. Burada yüksək qonaqpərvərlik və mehribanlıqla qarşılandıq. Bu sözləri WBC-nin Bakıda keçirilən 55-ci Konvensiyasının yekunları ilə əlaqədar oktyabrın 5-də təşkil olunan mətbuat konfransında qurumun prezidenti Maurisio Süleyman deyib.
M.Süleyman bildirib: “Bir neçə ay əvvəl 55-ci Konvensiyanın Bakıda təşkil olunması ilə bağlı Azərbaycana müraciət etmişdik. Bu məsələdə dünya çempionu Vitali Kliçkonun böyük rolu var. Azərbaycanın bu mötəbər tədbirə yüksək səviyyədə ev sahibliyi etməsinə görə Prezident İlham Əliyevə dərin təşəkkürümü bildirirəm. Səfərimiz zamanı Prezident İlham Əliyev bizi qəbul etdi və çox maraqlı görüşümüz oldu. Azərbaycan Prezidenti ölkədə Peşəkar Boks Federasiyasının yaradılması barədə göstəriş verib. Çox sevindirici haldır ki, Azərbaycan Ümumdünya Boks Şurasına qoşulan 166-cı ölkədir. Ən azı üç il sonra Azərbaycan boksçularından çempionluq gözləyirik”.
WBC prezidentinin sözlərinə görə, döyüşlərdən biri Bakıda keçiriləcək. O, bunun yaxın gələcəkdə baş verəcəyinə dair söz də verib: “Konvensiyanın Bakıda təşkil olunması və Azərbaycanın qurumu üzv olması bir başlanğıcdı. Yaxın gələcəkdə burada döyüşlərimiz də təşkil etməyi də düşünürük”.
 Qurumun prezidenti vurğulayıb ki, Konvensiyada bir çox məsələlər müzakirə olunub, qərarlar qəbul edilib. O, hakim və məşqçilər üçün təlimlərin, qadınlar arasında boksun inkişafının və mütləq baş tutmalı olan görüşlərin təşkilinin, həmçinin təhlükəsizliyin WBC üçün prioritet olduğunu deyib.

Qeyd edək ki, Konvensiyaya federasiya rəhbərləri, idman menecerləri, keçmiş və hazırkı çempionatların, ümumilikdə Avropa, Asiya, Afrika, Şimali və Cənubi Amerika qitəsindən 500-dən artıq qonaq qatılmışdı.