Tarix: 01.11.2017 17:45
Mənbə:
Baxışlar: 196

Azərbaycan və Avropa Üzgüçülük federasiyaları arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Noyabrın 1-də Gənclər və İdman Nazirliyində Azərbaycan Üzgüçülük Federasiyası (AÜF) ilə Avropa Üzgüçülük Federasiyası (LEN) arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Imzalanma mərasimində gənclər və idman naziri Azad Rəhimov, LEN-in prezidenti Paolo Barelli, AÜF-in prezidenti Xanlar Fətiyev və digər şəxslər iştirak ediblər.
Əməkdaşlıq müqaviləsinin imzalanmasının üzgülüçülüyün ölkəmizdə inkişafına töhfə verəcəyinə əminliyini ifadə edən nazir Azad Rəhimov bildirib: “Paolo Barelli həm də İtaliya Üzgüçülük Federasiyasının prezidentidir. Bu görüşün məqsədi federasiyalarımız və ölkələrimiz arasında sıx əməkdaşlıq qurmaq və Azərbaycanda üzgüçülüyün, su idmanının bütün növlərini inkişaf etdirməkdir. Bununla yanaşı, bu müqavilə gələcəkdə ölkəmizdə su idmanı komplekslərində beynəlxalq yarışların keçirilməsini də nəzərdə tutur.
Paolo Barelli rəhbərlik etdiyi hər iki qurumun idmanın müvafiq növləri üzrə Azərbaycan ilə sıx əməkdaşlıq etdiyini vurğulayıb. O, azərbaycanlı üzgüçülərin Avropada keçirilən beynəlxalq yarışlarda qalib idmançılar sırasında görmək istədiyini qeyd edib.
Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti Xanlar Fətiyev ölkəmizdə üzgüçülüyün inkişafına göstərdiyi yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə və nazir Azad Rəhimova minnətdarlığını bildirib. Bu diqqət və qayğı nəticəsində son illər ölkəmizdə idmanın digər növləri kimi, üzgüçülüyün də inkişaf etdiyini vurğulayan X.Fətiyev bu istiqamətdə görülən işlərdən danışıb.