Tarix: 29.11.2017 17:35
Mənbə:
Baxışlar: 441

“İnkişaf bi(r)likdərir” devizi altında kapital bazarları sahəsində birja ticarəti üzrə simulyasiya yarışı keçirilib

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC), Bakı Fond Birjasının və Yeniliyə Doğru Gənclər Fondunun birgə təşkilatçılığı ilə bu gün  “İnkişaf bi(r)likdərir” devizi altında kapital bazarları sahəsində birja ticarəti üzrə simulyasiya yarışı keçirilib.
Birja ticarəti üzrə simulyasiya yarışı “praktiki təhsil” konsepsiyasının modellərindən biridir. Simulyasiya yarışında qiymətli kağızlar bazarında müxtəlif situasiyalar modelləşdirilir və iştirakçılara: müddət, qiymət, risk və qərarların qəbul etmək bacarıqları öyrədilir.    
Yarışın keçirilməsində məqsəd - fond birjalarının fəaliyyəti ilə gəncləri tanış etmək, qiymətli kağızların (səhm və istiqrazların) alqı-satqı prosesinin aparılması və investisiya şirkətlərinin vasitəçilik funksiyalarını gənclərə öyrətmək, biznes sahəsində tələbələrin kommunikativ bacarıqlarını inkişaf etdirməkdir.
4 nəfərdən ibarət olmaqla 10 komandanın yarışda iştirakı planlaşdırılıb. Yarış 2 vacib və ardıcıl mərhələdən ibarətdir: 1) master-klassın keçirilməsi və 2) birja simulyatoru ilə əməliyyatların aparılması. Yarış prosesində maliyyə bazarında baş verə biləcək hadisələr modelləşdiriləcək və komandalar qiymətli kağızlarla əməliyyat apararaq virtual gəlirlərini artıracaqlar. Yekunda virtual gəlirin məbləğinə əsasən ən çox gəlir əldə etmiş ilk üç komanda birinci, ikinci və üçüncü yerlərin qalibləri elan edildi.