Tarix: 29.11.2017 17:55
Mənbə:
Baxışlar: 428

“Mən Azərbaycanlıyam”adlı milli-bilik yarışmasının qalibləri mükafatlandırıldı

Geniş tamaşaçı kütləsində, xüsusən də gənclər arasında böyük maraqla qarşılanmış“Mən Azərbaycanlıyam“ adlı milli bilik yarışması gənclərin vətənpərvərlik tərbiyəsində müstəsna əhəmiyyət kəsb etmişdir. Layihənin əsas məqsədi gənclərə Azərbaycanın tarixini, mədəniyyətini, coğrafiyasını tanıtmaq və onları milli-mənəvi dəyərlərimizə hörmət ruhunda tərbiyə etmək sahəsində məqsədyönlü işin aparılmasıdır. 
 Artıq 7 ildir ki, layihə uğurla davam edir və ətrafına gündən-günə artan intellektual gəncləri toplayır. “Mən azərbaycanlıyam” milli-bilik yarışması sadəcə bir intellektual yarışma deyil. Bu, artıq öz sözünü demiş böyük bir gənclər hərəkatıdır. 
2017-ci il yanvar ayının 1-də VII mövsümə start verildi. Oyunlarda gənclər fərdi olaraq iştirak edirdilər.  Bu il ərzində 7500-ə yaxın gənc qeydiyyatdan kecdi. Oyunun qaydasına görə mövsüm ərzində yalnız 400 iştirakçı oyuna qatıla bilər (yarışmada 4 onluq mübarizə aparır). Bütün onluqların oyunları qalibiyyətlə bitərsə, sona 40 qalib gəlib çatır. VII mövsümdə daha çox ali təhsil ocaqları iştirak etdi. Onların içərisində ən fəal və uğurlu iştirakçılar Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Bakı Dövlət Universiteti, Azərbaycan Diplomatik Akademiyasından oldu. Mövsüm ərzində birbaşa bölgələrdən gələn iştirakçılarında sayı kifayət qədər cox olmuşdu. Mövsüm ərzində yarışmaya 11-ci sinif şagirdi kimi qatılan, onu universitet, akademiya tələbəsi kimi bitirən gənclər də oldu. İlin qalibi hə həmin gənclərdəndir.   
Layihə müddətində (7 ildə) 35000 nəfərdən artıq gənc intellekt yarışında iştirak etmək üçün müraciət edib, onlardan 2800 nəfəri oyunda iştirak edib, 280 nəfər oyundan qalib kimi ayrılıb, 7 nəfər ilin qalibi, 21 nəfər isə ikinci yerə layiq görülüb.