Tarix: 19.12.2017 17:30
Mənbə:
Baxışlar: 659

Gənclər evlərinə dair birgə təşəbbüslə bağlı pilot layihənin təqdimatı keçirilib

Dekabrın 19-da Binəqədi Gənclər evində “Azərbaycan Hökuməti ilə BMT-nin Gənclər evləri üzrə birgə təşəbbüsü” adlı pilot layihənin təqdimatı keçirilib.
Tədbirdə gənclər və idman naziri Azad Rəhimov, Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, BMT-nin Azərbaycandakı nümayəndəliyinin əməkdaşları, gənclər təşkilatlarının təmsilçiləri iştirak ediblər.
Əvvəlcə Azərbaycanda Gənclər evlərinin və mərkəzlərinin yaradılmasına, onların fəaliyyətinə dair videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edən Azad Rəhimov iki il müddətində nəzərdə tutulmuş pilot layihənin Gənclər və İdman Nazirliyi və BMT-nin Azərbaycandakı nümayəndəliyi tərəfindən reallaşdırılacağını vurğulayıb. Nazir layihənin məqsədinin gənclər üçün əlverişli kompleks xidmətlərin hazırlanması, təcrübədən keçirilməsi və sonra bütün Gənclər evlərində istifadə edilməsi olduğunu vurğulayıb. Azərbaycanda əhalinin yarıdan çoxunu gənclərin təşkil etdiyini diqqətə çatdıran Azad Rəhimov hazırda ölkəmizdə qırxdan çox Gənclər evinin və mərkəzinin fəaliyyət göstərdiyini bildirib. Qeyd edib ki, onlardan 14-ü Gənclər və İdman Nazirliyi tərəfindən inşa olunaraq gənclərin istifadəsinə verilib.
Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev tədbirdə çıxış edərək Gənclər evlərinin fəaliyyətlərinin genişləndirilməsinin və onların gənclərə daha keyfiyyətli sosial xidmətlər göstərməsinin vacibliyini bildirib. Gənclər evləri sosial xidmət şəbəkəsinin yaradılmasının və istifadəyə verilməsinin önəmini qeyd edən şöbə müdiri bu prosesin artıq bölgələrdə başa çatdığını deyib. Prezident Administrasiyasının rəsmisi gənclər təşkilatlarının tədbirlərinin məhz bu sosial xidmət müəssisələrində keçirilməsinin, onun resurslarından geniş istifadə edilməsinin təqdirəlayiq olduğunu vurğulayıb.
Gənclər evlərinin fəaliyyətinin səmərəliliyinin diqqət mərkəzində saxlanıldığını qeyd edən Yusuf Məmmədəliyev bildirib ki, gəncləri zərərli vərdişlərdən, radikalizm, ekstremizm və digər mənfi hallardan qorumaq üçün geniş maarifləndirmə işinin aparılması ilə yanaşı, onların asudə vaxtlarının təşkili də çox vacibdir. Şöbə müdiri bu baxımdan müxtəlif regionlara xas xüsusiyyətlərin, adət-ənənələrin nəzərə alınaraq müvafiq proqramların tərtib olunmasının, peşəkar səviyyədə əlaqələndirmə işinin aparılmasının Gənclər evlərinin fəaliyyətlərinin səmərəliliyinin artırılmasında mühüm rol oynayacağını qeyd edib.
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsi Qulam İsaqzai belə bir layihənin həyata keçirilməsinin gənclərin fəallıqlarının artırılmasına mühüm töhfə verəcəyini bildirib. O, pilot layihənin hazırlanmasında fəal iştirakına görə Gənclər və İdman Nazirliyinə, Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinə, BMT-nin aidiyyəti qurumlarına minnətdarlığını bildirib. BMT-nin nümayəndəsi deyib ki, Gənclər evləri və mərkəzləri gənclər üçün daha yüksək səviyyəli sosial xidmətlərin göstərilməsi üçün mühüm platforma rolunu oynayacaq.
Qulam İsaqzai pilot layihənin beş istiqaməti əhatə edəcəyini vurğulayıb. Qeyd edib ki, bunlar yeniyetmə və gənclərin rifahı, onların təlim-tədrisi, hüquqlarının müdafiəsi, gənclər üçün iqtisadi imkanların yaradılması və fəallıqlarının artırılmasıdır.
Çıxışlardan sonra layihə ilə bağlı təqdimat nümayiş olunub.
Tədbir bədii hissə ilə davam edib