Tarix: 26.12.2017 17:35
Mənbə:
Baxışlar: 163

“Zəngəzur” sənədli filmi və “Qubadlı” 3d qrafik təsvirli filminin təqdimat mərasimi keçirildi

26 dekabr 2017-cı il tarixində Holiday Inn Baku Hoteldə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Virtual Qarabağ” İnformasiya  Kommunikasiya Texnologiyaları Mərkəzinin 3 dildə - azərbaycan, ingilis, rus dillərində istehsal etdiyi “Zəngəzur“ sənədli filminin və “Qubadlı” 3D qrafik təsvirli filminin, Qarabağ Xalçaları elektron albomu və mərkəzin yeni portalının ictimaiyyətə təqdimat mərasimi keçirilib.    
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu ilə əməkdaşlıq çərçivəsində Mərkəz tərəfindən istehsal olunan “Zəngəzur” sənədli filmi Azərbaycanın qədim tarixi torpaqlarından olan Zəngəzur mahalının azərbaycanlılara  məxsus olması və bu gerçək həqiqət haqqında ermənilərin dünyanı tanıdılması barəsindədir. Bu məlumatların Azərbaycan cəmiyyətinə, dünya ictimaiyyətinə, eləcə də gələcək nəsillərə obyektiv şəkildə çatdırmaq sənədli filmin əsas məqsədidir.  
Təqdim olunacaq “Qubadlı” 3 D qrafik təsvirli film azərbaycan və ingilis dillərindədi. Bu film vasitəsilə Azərbaycanın işğal altında olan bölgəsi olan Qubadlının tarixi abidələri, qalaları, küçələri, müsəlman və xristian abidələri qrafik təsvirlə sanki canlandırılır, bir növ tamaşaçı Qubadlı rayonuna virtual səyahətə çıxır. Film Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Qubadlı rayon İcra Hakimiyyəti ilə əməkdaşlıq çərçivəsində ərsəyə gəlib.
Təqdim olunacaq “Virtual Qarabağ” İKT mərkəzinin yeni məhsullardan biri də  “Qarabağın xalçaları” elektron albomudur. Albomda məşhur Qarabağ xalçaları haqqında qısa məlumat və fotolar öz əksini tapır. Layihənin elmi məsləhətçisi Akademik Nailə Vəlixanlıdır. Mətnin müəllifi və tərtibatçı tarix üzrə fəlsəfə doktoru Gülzadə Abdulovadır. www.virtualkarabakh.az portalının yenidən gücləndirilməsi də həyata keçirilmiş fəaliyyətlərdəndir. Belə ki, portal  müasir dövrün tələblərinə uyğun daha dinamik, müasir dizayn standartları ilə yenidən qurulur.
Təqdimat mərasimində rəsmi şəxslər, Dövlət və Hökumət rəsmiləri, Milli Məclisin deputatları,elmi ictimaiyyətin nümayəndələri, ictimai qurumların və gənclər təşkilatlarının rəhbərləri iştirak ediblər.
Xatırladırıq ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə icra olunan “Virtual Qarabağ”  İnformasiya – Kommunikasiya Texnologiyaları Mərkəzi layihəsi  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 iyul 2011 – ci il tarixli  Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011 – 2015 – ci illərdə” Dövlət Proqramının 6.2.2 yarımbəndinə uyğun olaraq yaradılmışdır. Mərkəzin yaradılmasında əsas məqsəd Qarabağa dair mərkəzləşdirilmiş internet resurs bazasının qurulması, Azərbaycan Respublikasının Qarabağ bölgəsi haqqında, Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə obyektiv məlumat verməkdir. Mərkəz bu günə qədər Qarabağa və tarixi torpaqlarımıza dair maraqlı məhsullarla çıxış etməkdədəir.