Tarix: 31.01.2018 17:00
Mənbə:
Baxışlar: 623

Azərbaycan nümayəndə heyəti SİGA forumuna qatılıb

30 yanvar 2018-ci il tarixindən başlayaraq  Roma şəhərində İdman Bütövlüyü üzrə Qlobal Alyansın (SİGA) Forumu öz işinə başlayıb. Azərbaycanı bu forumda gənclər və idman nazirinin müavini İsmayıl İsmayılovun rəhbərlik etdiyi nümayəndə heyəti  təmsil edir.
31 yanvar tarixinədək davam edəcək forumun  əsas məqsədi SİGA və ölkəmiz arasında idman sahəsində mümkün olacaq əməkdaşlığı yaratmaqdır. Qeyd edək ki, bu məqsədlə  SIGA rəhbərliyi Azərbayca ilə əməkdaşlığın qurulması üçün 2018-ci ilin ilk rübündə ölkəmizə rəsmi səfərin nəzərdə tutulduğunu bildirmişdir. 
Tədbir zamanı, Azərbaycan Milli Olimpiya Komitəsinin SİGA-ya üzv olması və əməkdaşlığın təmin edilməsi üçün müzakirələrin aparılması, bununla yanaşı, 2020-ci ildə Azərbaycanda futbol üzrə keçiriləcək Avropa çempionatı ilə əlaqədar SİGA tərəfindən Bakıda "İdman, birlik, sülh" tezisli tədbirin keçirilməsinə dair irəli sürülmüş təklifin müzakirə olunması da nəzərdə tutulub.

Forumun açılışında çıxış edən İtaliya MOK prezidenti Giovanni Malago, SİGA sədri Franco Frattini və İtaliyanın idman naziri Luca Lotti idmanın inkişafı istiqamətində yeni metodlardan istifadə, dopinqlə mübarizə, idmançıların sağlam şəkildə yarışlara qatılması, idmanda qanun pozuntularına qarşı mühüm addımların atılması və digər əhəmiyyət kəsb edən məqamlar obarədə çıxış ediblər. 

Forumun davamında nazir müavini İsmayıl İsmayılovun, Turkiyə Cumhuriyyəti, Serbiya, Fransa, İndoneziya, İtaliya ölkələrinin, Avropa Komissiyasının idmana məsul rəsmilərinin iştirakı ilə   müxtəlif sahələri əhatə edən panel iclaslar keçirilib. 
Nazir müavini İsmayıl İsmayılov panel müzakirələr zamanı verilən suallar əsasında mötəbər idman tədbirlərinin ölkə idmanının inkişafına, sağlam və gənc nəslin yetişməsinə, idmanda kütləviliyin artmasına və digər sahələrə müsbət təsirindən danışıb. Bununla yanaşı, İsmayıl İsmayəlov ölkə başçısı İlham Əliyevin 1997-ci ildən MOK-a rəhbərlik etməsindən idmana göstərdiyi diqqət və qayğıdan və nəticədə Azərbaycan idmanında əldə olunan uğurlar barədə də iştirakçılara geniş məlumat verib. 
Qeyd edək ki, forumda İsmayıl İsmayılovla yanaşı MOK baş katibin müavini  Azər Əliyev, GİN beynəlxalq əlaqələr şöbəsinin müdiri Namiq Novruzov da iştirak edirlər.