Tarix: 06.09.2018 14:00
Mənbə:
Baxışlar: 236

Bakıda BMT-nin Yay məktəbinin rəsmi açılışı keçirilib

Gənclər və İdman Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının birgə icra etdiyi “Qlobal siyasi müzakirələrdə gənclərin fəal iştirakını dəstəkləmək üçün yeni əsasların yaradılması” layihəsi çərçivəsində Binəqədi Gənclər Evi sosial xidmət müəssəsində gənclər üçün Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə Yay məktəbi keçirilir.
 Yay məktəbinin rəsmi açılış mərasimi baş tutub. Mərasimdə çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev Azərbaycan gəncliyinin inkişafında BMT İP-in rolunu vurğulayıb.
İ.Babayev 2018-ci ilin may ayından etibarən daha iki il müddətinə davam etdirilməsinə qərar verilən “Qlobal siyasi müzakirələrdə gənclərin fəal iştirakını dəstəkləmək üçün yeni əsasların yaradılması” layihəsinin əsas istiqamətlərinin Azərbaycan gəncliyinin inkişaf imkanlarının genişləndirilməsi üçün zəruri sahələri əhatə etdiyini qeyd edib.
Layihə çərçivəsində seçiləcək və elanı verilmiş 17 Dayanıqlı İnkişaf Məqsədi (DİM) üzrə gənc səfirlər təşəbbüsünün əhəmiyyətindən bəhs edən nazir müavini, bu təşəbbüsün DİM-lərə nail olma istiqamətində gənclərin yaxından iştirakının təmin edilməsi üçün ən nümunəvi addımlardan biri olduğunu bildirib.
Yay məktəbinin açılış mərasimində iştirak edən BMT İP-in Azərbaycan ofisinin rezident nümayəndəsinin müavini Alessandro Frakasetti öz növbəsində BMT İP ilə Gənclər və İdman Nazirliyinin bu günə qədər icra etdiyi layihələrdə əldə olunan nəticələrdən söz açaraq, proqramın qlobal çağırışlara dayanıqlığınının möhkəmləndirilməsi və milli inkişaf gündəliyində yer alan məsələlərin reallaşdırılmasında ölkə gənclərinin bacarıqlarından səmərəli istifadə istiqamətində dövlət gənclər siyasətini yaxından dəstəklədiyini qeyd edib.
Üç gün müddətində davam edəcək Yay məktəbinin birinci günündə Azərbaycanın BMT modeli şəbəkəsinin və müxtəlif gənclər təşkilatlarının aktiv nümayəndələri layihə rəhbəri Məzahir Əfəndiyev tərəfindən keçiriləcək 17 DİM-lər haqqında təlimdə iştirak edəcəklər.