Tarix: 01.11.2018 18:30
Mənbə:
Baxışlar: 196

Buenos-Ayres 2018 Yeniyetmələrin III Yay Olimpiya Oyunlarının medalçılarının mükafatlandırılması mərasimi keçirildi

Bu gün Milli Olimpiya Komitəsində Buenos-Ayres 2018 Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında iştirak etmiş Azərbaycan Olimpiya Komandasının medalçılarının mükafatlandırılması mərasimi baş tutdu.

Tədbirdə Gənclər və İdman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibi Ağacan Abıyev, Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov, MOK-un baş katibinin müavini Azər Əliyev, GİN və MOK-un əməkdaşları və idman federasiyalarından nümayəndələr iştirak edib.

Tədbiri giriş sözü ilə açan MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə atletləri nailiyyətlərinə görə təbrik etdi. O bildirdi ki, idmançılarımızın bu oyunlarda da uğurlu nəticələr ilə - 6 idman növündə qazandığı 3 qızıl, 1 gümüş və 3 bürünc medalla - Azərbaycana geri döndülər.  Yeddi idmançı altı idman növündə medal qazanaraq, Azərbaycanın idman ölkəsi olduğunu sübut etdi.

Gənclər və İdman naziri Azad Rəhimov çıxışında  Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında Azərbaycan idmançılarının da iştirakçılar sırasında yer almasını sevindirici hal kimi qiymətləndirdi. Fərəhli haldır ki, 17 idmançımızdan 7-si medal qazanıb. Bu isə atletlərimizin potensialını bir daha sübut edir.

Daha sonra “Argentina Respublikasının Buenos-Ayres şəhərində keçirilən Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı” və “Argentina Respublikasının Buenos–Ayres şəhərində keçirilmiş Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi Prezidentinin Sərəncamı”na əsasən idmançılar mükafatlandırıldı.