Tarix: 08.05.2019 09:00
Mənbə:
Baxışlar: 343

“Xəmsə” Milli İntellektual Oyunu üzrə gənclər arasında XI Azərbaycan çempionatının final mərhələsinin açılışı olub

Mayın 7-də “Park Inn Radisson” otelində Gənclər və İdman Nazirliyinin, Gənclərin İntellektual İnkişaf Mərkəzi İctimai Birliyinin birgə layihəsi olan “Xəmsə” Milli İntellektual Oyunu üzrə gənclər arasında XI Azərbaycan çempionatının final mərhələsinin açılış mərasimi keçirilib.
Mart-aprel aylarında keçirilən ilk iki mərhələdə ölkənin bütün regionlarından yüzlərlə komanda iştirak edib. Bu mərhələlərin yekununda 22 şəhər və rayonu təmsil edən 32 ən güclü komanda finalda iştirak hüququ qazanıb.
Çempionatın açılışında çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev iştirakçılara uğurlar arzulayıb, intellektual oyunların, o cümlədən “Xəmsə” yarışlarının yeniyetmə və gənclərin inkişafında mühüm yer tutduğunu bildirib. Layihənin artıq beynəlxalq səviyyəli yarışa çevrildiyini vurğulayan nazir müavini deyib ki, bu müsabiqə 18 ölkənin 52 şəhərində keçirilir.
Qeyd edək ki, “Xəmsə” Milli İntellektual Oyunu ilk dəfə 2007-ci il fevralın 2-də geniş auditoriyaya təqdim olunub. 2007-ci ilin yayından etibarən televeriliş şəklində yayımlanır. 2014-cü ilin sonundan müxtəlif yaş qrupları - məktəblilər, tələbələr, böyüklər arasında ölkə çempionatları ilə yanaşı, 30-a yaxın ölkədə mütəmadi beynəlxalq yarışlar təşkil edilir.