Tarix: 2012 iyul 05
Mənbə:
Baxışlar: 1709

İlham Əliyev Londonda keçiriləcək XXX Yay Olimpiya oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyətini yolasalma mərasimdə iştirak etmişdir

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının paytaxtı London şəhərində keçiriləcək XXX Yay Olimpiya oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyətini iyulun 3-də yolasalma mərasimi keçirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak etmişlər.

Heydər Əliyev Mərkəzinin foyesində Azərbaycanın Olimpiya hərəkatını özündə əks etdirən fotobannerlər düzülmüşdü. Səhnədə Azərbaycan Respublikasının dövlət bayrağı qoyulmuşdu.

Mərasimə toplaşanlar dövlətimizin başçısını və Azərbaycanın birinci xanımını hərarətlə qarşıladılar.

Azərbaycan Respublikasının dövlət himni səsləndi.

Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə nitq söylədi.

Sonra gənclər və idman naziri Azad Rəhimov çıxış etdi.

Daha sonra sərbəst güləş üzrə Azərbaycan yığma komandasının böyük məşqçisi Firdovsi Umudov, idmanın atletika növü üzrə paralimpiya yığma komandasının üzvü, üçqat dünya çempionu Hüseyn Həsənov, boks üzrə yığma komandanın üzvü Vətən Hüseynov çıxış edərək Olimpiya oyunlarında ölkəmizin layiqincə təmsil olunması üçün var qüvvələri ilə mübarizə aparacaqlarını bildirdilər.

Boks üzrə yığma komandanın üzvü Vətən Hüseynov idmançılarımızın Olimpiya andının mətnini oxudu.

Olimpiyaçılar Azərbaycanın dövlət bayrağını öpdülər.

Prezident İlham Əliyev idmançılara bir daha uğurlar arzuladı.

Mərasimin sonunda dövlətimizin başçısı idmançılarla xatirə şəkli çəkdirdi.