Xəbərlər
Dərc edilib:24.05.2017 16:00
Baxışlar:1008

"Yaradıcılıq emalatxanası -2" keçiriləcək

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi təsviri sənət, foto, rəqs (milli və müasir), teatr (aktyor), kino (rejissor, operator, ssenari müəllifi), telejurnalistika kimi sahələr üzrə yaşı 18-23 olan və öz istedadına güvənən gəncləri "Yaradıcılıq emalatxanası - 2" düşərgəsində iştirak etməyə dəvət edir! Düşərgə 10-20 iyul 2017-ci il tarixlərdə Daşkəsən Gənclərin Təlim və İstirahət Mərkəzində keçiriləcəkdir.
Düşərgənin keçirilməsində məqsəd yaradıcı və istedadlı gənclərin sosial, yaradıcı aktivliyinin və təşəbbüskarlığının artırılması, peşəkəralıq səviyyəsinin yüksəldilməsi, yaradıcı individuallığın və estetik zövqün formalaşdırılması, yaradıcılıq maraqları dairəsinin genişləndirilməsi, özünüinkişafın stimullaşdırılması və asudə vaxtın səmərəli təşkilidir.
İlk dəfə 2016-cı ildə keçirilən düşərgədə 110 nəfər gənc iştirak etmiş, müxtəlif yaradıcılıq sahələri üzrə öz bacarıqlarını sınamış, yeni biliklər əldə etməklə yanaşı öz yaradıcılıq ideyalarını reallaşdırmaq imkanı qazanmışlar.
Düşərgədə yaradıcılıq emalatxanaları, nəzəri və praktiki məşğələlər, yaradıcılıq müsabiqələri, ustad dərsləri, eləcə də gənclər üçün əyləncəli proqramlar - kinoseans, diskoteka, gülüş axşamları, masaüstü oyunlar, intellektual oyunlar, idman oyunları, tonqal ətrafı yaradıcılıq gecələri, konsert proqramları təşkil olunacaq.
Düşərgədə iştirak etmək üçün https://goo.gl/forms/2Kb99CGYHkttbxWg2 l səhifəsində yerləşdirilən anket forması  doldurularaq 12 iyun 2017-cı il tarixinədək  iemalatxana@gmail.com elektron ünvanına göndərilməlidir.