Xəbərlər
Dərc edilib:07.03.2018 10:20
Baxışlar:247

Nərimanov rayonunda “Yaradıcı insanın yaradıcılığı” adlı musiqi festivalı keçirilib

06 mart 2018-ci il tarixdə “Odlar Yurdu” Universitetində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və “Odlar Yurdu” Universitetinin birgə təşkilatçılığı ilə Nərimanov rayonu ərazisində yerləşən ali və orta ixtisas təhsil müəssisələrinin tələbələri arasında “Yaradıcı insanın yaradıcılığı” adlı musiqi festivalı keçirilib.
Festivalda Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yusifov, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi, Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Təşkilatının sədr müavini Nəcəf Novruzov, “Odlar Yurdu” Universitetinin rektoru, professor Əhməd Vəliyev, Universitetin prorektoru Ceyhun Osmanlı və 400 nəfər gənc və yeniyetmə iştirak etmişlər.
Festivalın keçirilməsinin məqsədi milli musiqi tariximizi yaşatmaq, milli mədəniyyəti və incəsənəti təbliğ etmək, gənclərin istedadların üzə çıxarılması üçün əlverişli şəraitin yaradılması və onların yaradıcılığına diqqətin artırılması, gənclərin mənəvi inkişafının təmin edilməsi, innovativ ideyalarının və yaradıcı təşəbbüslərinin reallaşdırılmasına kömək etmək və asudə vaxtlarının səmərəli təşkil etməkdir. 
Festivalın mükafatlandırma mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yusifov, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi, Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Təşkilatının sədr müavini Nəcəf Novruzov, “Odlar Yurdu” Universitetinin prorektoru Ceyhun Osmanlı və digər natiqlər çıxış edərək tədbir iştirakçılarını “Novruz”un ikinci çərşənbəsi olan od çərşənbəsi, qarşıdan gələn “8 mart – Beynəlxalq Qadınlar Günü” münasibəti ilə təbrik edərək onlara həyatlarında xoşbəxtlik, sevgi, uğur arzuladılar.
Sonra festivalda müxtəlif nominasiyalar üzrə qalib gələn gənclər təşkilatçılar tərəfindən müvafiq dərəcəli diplom, medal və kuboklarla təltif olmuşlar. Qeyd edək ki, festivalda “Odlar Yurdu” Universitetinin, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının, Bakı Biznes və Kooperasiya Kollecin, “Təfəkkür” Universitetinin və Bakı Humanitar Kollecin tələbələri iştirak etmişlər.
Sonda Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən “Yaradıcı insanın yaradıcılığı” adlı musiqi festivalın təşkilində yaxından köməklik göstərdiyinə görə “Odlar Yurdu” Universitetinin Yaradıcılıq, mədəni və kütləvi tədbirlərin təşkili institunun rəhbəri Xatirə Tağıyeva fəxri fərmanla təltif olunmuşdur.