Xəbərlər
Dərc edilib:08.11.2018 15:15
Baxışlar:68

09 Noyabr - “Azərbaycan Respublikasının Dövlət Bayrağı günü” və 12 Noyabr - "Konstitusiya günü"nə həsr edilmiş “İstiqlalın əbədiyyət sancağı” adlı tədbir keçirildi

7 noyabr 2018-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı, Binəqədi rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 09 Noyabr - “Azərbaycan Respublikasının Dövlət Bayrağı günü” və 12 Noyabr - "Konstitusiya günü"nə həsr edilmiş “İstiqlalın əbədiyyət sancağı” adlı tədbir keçirilmişdir.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov, tarix elmləri doktoru, professor, AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşı Solmaz Tohidi, YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sektor müdirləri İntiqam Eyvazov, Fərrux Seyidov, Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov, rayon ictimaiyyəti və rayonun fəal gəncləri iştirak etmişdir.
Əvvəlcə tədbir iştirakçıları Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi və Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə rayonun orta ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilmiş rəsm müsabiqəsinin qaliblərinin əl işlərindən ibarət sərgiyə baxış keçirdilər.
Azərbaycan Respublikasının Dövlət Himninin ifası ilə tədbir açıq elan edildi. Tarix elmləri doktoru, professor Solmaz Tohidi çıxış edərək bayrağın dövlətin bütövlük, müstəqillik, yenilməzlik, ucalıq, müqəddəslik rəmzi olduğunu qeyd etdi. Natiq Azərbaycanın dövlət bayrağınin 100 illik yubileyinin Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi kontekstində araşdırılmasının vacib olduğunu bildirərək istiqlalımızın, eləcə də bugünkü dövlət bayrağımızın çətin və keşməkeşli tarixindən, bayrağımızın simvollarının mənalarından, Cumhuriyyət qurucularının o zamankı çətin  dönəmdə fədakarlığı barədə ətraflı məlumat verdi. 
YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov isə çıxışında bayrağa, vətənə olan sevginin insanlara, xüsusilə gənclərə aşılanmasının hər kəsin əsas vəzifəsi olduğuna toxundu. Natiq bu müqəddəs vəzifənin layiqincə yerinə yetirilməsində ən böyük örnəyi ümummilli liderimiz Heydər Əliyevin göstərdiyini vurğuladı. Ramiz Göyüşov dövlət bayrağına sevgi və məhəbbət hissinin aşılanmasında ölkə rəhbəri cənab İlham Əliyevin misilsiz xidmətlərindən söhbət açdı. 
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sektor müdirləri İntiqam Eyvazov və Fərrux Seyidov çıxışları zamanı Azərbaycanın ilk konstitusiyasının qəbul edildiyi tarixi şəraitdən danışdılar. 
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov ölkəmizdə dövlət rəmzlərinə olan münasibətə diqqət çəkdi. Yeniyetmə və gənclərə bayraq sevgisinin daha geniş şəkildə aşılanmasının vacibliyindən danışan natiq ümummilli lider Heydər Əliyevin və Prezident cənab İlham Əliyevin dövlət rəmzlərinə, o cümlədən Dövlət Bayrağımıza olan münasibətinin hər bir vətəndaş üçün nümunə olduğunu nəzərə çatdırdı. 
Çıxışlar bitdikdən sonra 09 Noyabr - “Azərbaycan Respublikasının Dövlət Bayrağı günü” münasibətilə keçirilmiş bədii-qiraət, rəsm və inşa yazı müsabiqələrinin qalibləri diplomlarla təltif edildi. Tədbir bədii hissə ilə davam etdirildi.