Xəbərlər
Dərc edilib:11.07.2019 15:46
Baxışlar:180

Nərimanov rayon gəncləri yeni layihədə fəal iştirak etdilər

Bakı şəhərini daha da gözəlləşdirmək, buranı gözəl məkana çevirmək məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Bakı şəhərində yeni layihə - bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin ən müasir səviyyədə təşkil edilməsi Konsepsiyası həyata keçirilir. Bununla əlaqədar bu sahədə böyük təcrübəyə malik Böyük Britaniyanın tanınmış Mott MacDonald şirkəti ilə müqavilə bağlanmış və ilkin olaraq bu işlər sınaq kimi Nərimanov rayonunda başlanmışdır.
Artıq bu gündən etibarən Konsepsiyanın əsas mərhələsinin həyata keçirilməsinə start verilir. Bununla bağlı hər məhəllədə məişət tullantıları üçün yaradılan meydançalara yeni, müasir tipli konteynerlər quraşdırılır.
Quraşdırılan konteynerlər 2 rəngdə - yaşıl və narıncı rəngdə olacaqdır. Narıncı konteynerə kağız, karton, şüşə, metal və plastik tullantılar, yaşıl konteynerə isə digər tullantılar atılacaq. Sakinlərin rahatlığı üçün ilkin mərhələdə hər mənzilə 2 cür yaşıl və narıncı çeşidləyici paketlər paylanmışdır.
Vətəndaşlara paketlərin paylanmasında Nərimanov rayonun 100 nəfərdən çox fəal gənci könüllü olaraq iştirak etmişdir.
Bu işin görülməsi şəhərimizin təmiz saxlanılmasına, gözəlləşməsinə, ətraf mühitin və sağlamlığınızın qorunmasına, yeni ekoloji, sanitar mədəniyyətin formalaşmasına və iqtisadi səmərə əldə olunmasına xidmət edəcək.