Xəbərlər
Dərc edilib:18.03.2016 09:00
Baxışlar:36

Milli Qəhrəman Səfiyar Abuzər oğlu Behbudov yad edildi

17 mart 2015-ci il tarixdə Bərdə rayon Gənclər və İdman idarəsi, Təhsil şöbəsi və  Qarabağ Müharibəsi Əlilləri,Veteranları,Şəhid Ailələri İctimai Birliyi yeniyetmə və gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin gücləndirilməsi məqsədi ilə Azərbaycanın Milli Qəhrəmanı Səfiyar Abuzər oğlu Behbudovun adını daşıyan şəhər 6 saylı tam orta məktəbdə şəhidin  həlak olmasının 24-cü ildönümü ilə bağlı anım tədbiri keçirib. Tədbirdə  Gənclər və İdman idarəsinin  işçiləri və könüllüləri,Təhsil şöbəsinin müdiri və müavini, Bərdə Dövlət İdarəetmə və Texnologiya kollecinin nümayəndələri,şəhidin döyüş yoldaşları, Milli Qəhrəmanın doğmaları: böyük qardaşı Kamal Behbudov,qardaşı oğlu Abuzər Behbudov,məktəbin müəllim və şagird kollektivi iştirak edirdilər.

                 Tədbiri giriş sözü ilə məktəbin direktoru Elşad Məmmədov açaraq  qonaqları təqdim etdi və Səfiyar Behbudovun keçdiyi qısa,lakin şərəfli ömür və döyüş yollarından danışdı.

        Rayon Təhsil şöbəsinin müdiri,Respublikanın əməkdar müəllimi Rzaqulu Şərifov çıxış edərək qeyd etdi ki,Vətən uğrunda canından keçən oğul və qızlarımızın xidmətləri dövlətimiz tərəfindən həmişə yüksək qiymətləndirilir, xalqımız da şəhidlərimizin ruhunu hər zaman əziz tutur. Bərdə rayonundan 4 nəfərin Azərbaycanın Milli Qəhrəmanı adını aldığı bildirildi.

                 Qarabağ  Müharibəsi Veteranları, Əlilləri, Şəhid Ailələri İctimai Birliyi rayon şöbəsinin sədri Etibar Hüseynova çıxış edərək Respublikada şəhidlərin xatirəsinə, şəhid ailələrinə göstərilən hörmət və ehtiramdan söz açdı.

                  Bərdə rayon Gənclər və İdman idarəsinin rəisi Anar Şahbazov çıxış edərək Azərbaycan gənclərinin,eləcə də Bərdə gənclərinin Qarabağ savaşında göstərdikləri şücaətdən,ulu öndərin onlara verdiyi yüksək qiymətdən,ölkə Prezidenti cənab İlham Əliyevin şəhid ailələrinə və müharibə veteranlarına göstərdiyi diqqət və qayğıdan, gənc nəslin vətənpərvər ruhda böyüməsi ücün görülən işlərdən danışdı.

 Bərdə Dövlət İdarəetmə və Texnologiya kollecin müəllimi,k.t.elmləri üzrə fəlsəfə doktoru Xosrov Musayev bu günkü tədbirin mahiyyətindən danışdı və qeyd etdi ki,kollecdə Azərbaycanın Milli Qəhrəmanı Səfiyar Behbudovun adını daşıyan hərbi-vətənpərvərlik klubu fəaliyyət göstərir.

         S.Behbudovun döyüş yoldaşları Vahid Əhmədov və Camal Canbaxışov Səfiyar Behbudov bağlı xatirələrindən və onun son döyüşü barədə danışdılar.

         S.Behbudovun böyük qardaşı Kamal Behbudov ailələri adından təşkilatçılara öz münnətdarlığını bildirdi.Qardaşı oğlu Abuzər Behbudov əmisi ilə fəxr etdiyini və daima ona oxşamağa çalışdığını söylədi.            

         Gənclər və İdman idarəsinin könüllüləri İbrahim Abbasovun,Fuad Şirinovun,fəal gənclər Rauf Həmidovun, və Ayxan Əsgərovun və məktəb şagirdlərinin hazırladıqları musiqili ədəbi- bədii kompozisiya tədbir iştirakçılarına təqdim olundu.

         Tədbirin sonunda Azərbaycanın Milli Qəhrəmanı Səfiyar Abuzər oğlu Behbudovun həyat və şərəfli döyüş   yolundan bəhs  edən  “Simurq ömrü”  filmi nümayiş etdirildi.