Direktor: Məmmədov Fazil Əsəd oğlu
Ünvan: Bakı şəhəri, Moskva prospekti, 3007-ci məhəllə AZ-1010
Telefon: (012) 404-78-52, (012) 404-78-55
E-mail: info@avif.az
İnternet sayt: http://www.avif.az

Azərbaycan Velosiped Federasiyası

Son illər ölkəmizdə idman sahəsinə göstərilən diqqət və qayğının nəticəsidir ki, bu gün idmançılarımızın beynəlxalq yarışlarda qazandıqları medalların sayı durmadan artır. Bu işin həyata keçirilməsində və uğurlu nəticələrin əldə olunmasında federasiyaların üzərinə böyük məsuliyyət düşür. Azərbaycan Velosiped İdmanı Federasiyası da yarandığı ilk gündən üzərinə düşən öhdəliklərin ciddi və məsuliyyətli olmasını anlayaraq işini günün tələbləri səviyyəsində qurub. Yaranmasından qısa müddət ötməsinə baxmayaraq, federasiyanın gördüyü işlər, əldə etdiyi uğurlar və həyata keçirdiyi layihələr artıq göz öz bəhrəsini verir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin idmana diqqət və qayğısının nəticəsi olaraq Azərbaycan Velosiped İdmanı Federasiyasının üzərinə ölkəmizdə velosiped idmanının inkişaf etdirilməsi və velosipedçi idmançılarımızın Olimpiadaya, eləcə də digər mötəbər beynəlxalq yarışlara hazırlaşdırılması kimi öhdəliklər qoyulmuşdur.

Bu məqsədlə federasiyamız yarandığı ilk gündən ölkəmizdə velosiped idmanı ilə məşğul olan məktəb və klubları dəstəkləmiş, belə idman məktəblərinin regionlarda da açılmasını qarşıya məqsəd qoymuşdur.

Hazırda ölkəmizdə velosiped idmanı Respublika Olimpiya Ehtiyatları İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped İdmanı Məktəbində, "Neftçi" İdman-Sağlamlıq Mərkəzində, Sumqayıt Velosiped İdman Klubunda, 8 saylı İdman Olimpiya Məktəbində, "Lokomotiv" İdman Cəmiyyətində, "Sərhədçi" İdman Olimpiya Mərkəzində, İsmayıllı və Oğuz rayonlarında inkişaf etdirilir. Federasiyamız ölkəmizdə fəaliyyət göstərən velosiped idmanı məktəblərinə və klublarına daim dəstək göstərir, idmançılarımızın ölkəmizi beynəlxalq yarışlarda təmsil etmələri üçün konkret layihələr və tədbirlər həyata keçirir.

Bundan əlavə, ölkəmizdə, xüsusilə də gənclər arasında velosiped idman növünün kütləviləşdirilməsi, həmçinin onların sağlam ruhda tərbiyə olunması Azərbaycan Velosiped İdmanı Federasiyasının fəaliyyətinin prioritet istiqamətlərindəndir.

Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən irəli sürülmüş “Azərbaycan İstedadları Proqramı” layihəsi velosipedçi idmançıların dəstəklənməsini nəzərdə tutur. Bu proqramın əsas məqsədi velosipedçi idmançılara müxtəlif yarışlarda, dünya və Avropa çempionatında, Olimpiya Oyunlarında uğur qazanmaq üçün onların idman karyerasına dəstək olmaqdan ibarətdir. Velosipedçi idmançılar bu məqsədə nail olmağa can atmalıdırlar.