Fevralın 27-28-də Bolqarıstanın Burqas şəhərində sərbəst və yunan-Roma güləşi üzrə Dan Kolov və Nikola Petrovun xatirəsinə həsr olunmuş ənənəvi beynəlxalq turnir keçirilib. Turnirdə gənclərdən ibarət sərbəst, böyüklərdən ibarət yunan-Roma güləşi üzrə yığma komandalarımız iştirak edib.
Sərbəst güləş üzrə yığmamız turnirə məşqçilər Arif Abdullayev və Elman Əsgərovun rəhbərliyi altında qatılıb. 2 gün davam edən yarışın nəticəsində komandamız 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb. 96 kq çəki dərəcəsində mübarizə aparan Aslanbek Alborov bütün rəqiblərindən üstün olub. İbrahim Yusubov (74 kq) gümüş, Azər Paşayev (55 kq) və David Suynuçxanov (66 kq) bürünc medal qazanıb. Komandamızın digər üzvləri Ağaəli Ramazanov (60 kq) və Mixail Qazzayev (120 kq) beşinci yeri tutublar.
Dan Kolov və Nikola Petrovun xatirəsinə həsr olunmuş ənənəvi beynəlxalq turnirdə yunan-Roma güləşi komandamız da 4 pəhləvanla təmsil olunub və yarışı 2 bürünc medalla başa vurub. Taleh Məmmədov (55 kq) və Rüstəm Əliyev (66 kq) 3-cü yer uğrunda görüşdə qalib gələrək bürünc medala sahib olublar. Yunan-Roma güləşçilərimiz bu turnirdə məşqçilər Akif Əliyev və Vüqar Aslanovun rəhbərliyi altında iştirak ediblər.
Turnirdə Xanmirzə Məlikəliyev və Elman İsmayılov hakim kimi görüşləri idarə edib.














