Mədəniyyətlərin yaxınlaşması Beynəlxalq İlinin qeyd edilməsi ilə əlaqədar YUNESKO tərəfindən Poster müsabiqəsi elan edilmişdir. Müsabiqənin keçirilməsində əsas məqsəd xalqlar və mədəniyyətlər arasında mövcud olan qarşılıqlı anlaşma və əməkdaşlığın nümayiş etdirilməsidir.
Müsabiqənin şərtləri
Müsabiqəyə təqdim edilən posterlər “2010-cu il Mədəniyyətlərin yaxınlaşması Beynəlxalq ilidir” mövzusuna uyğun olmalıdır. Beynəlxalq İlin ümumdünya səciyyəsi daşıdığını nəzərə alaraq, posterlər konkret hər hansısa ölkə, region, din və ya mədəniyyətə həsr olunmamalıdır. Poster rəsm və BMT-nin rəsmi dillərindən biri və ya hamısında ( ingilis, fransız, ispan, rus, çin, ərəb) yazılmış mətndən ibarət ola bilər. Namizədlər www.design21sdn.com/sign-in internet səhifəsində qeydiyyatdan keçmək və təqdim etdikləri posterlərin fotosunu jpg 72 dpi formatında yükləməklə müsabiqədə iştirak edə bilərlər. Posterlərin orijinal ölçüsü A1 (59.4 x 84.1 sm) formatda olmalıdır. Təqdim edilən posterə maksimum 400 sözdən ibarət olan və posteri təsvir edən mətn (ingilis və ya fransız dillərində) əlavə olunmalıdır. Posterin üzərində heç bir dövlət, ictimai və özəl təşkilatın loqosu olmamalıdır. Posterin yuxarı sol küncündə YUNESKO tərəfindən yerləşdiriləcək müvafiq loqo üçün 9 x 9 sm ölçüdə boş yer saxlanılmalıdır. Müsabiqəyə təqdim edilən posterlər YUNESKO-nun gələcək fəaliyyətində müəllifinin adı və milliyəti göstərilmək şərti ilə istifadə oluna bilər.
Müsabiqənin keçirilmə vaxtı və mərhələləri
1.Müsabiqəyə işlər 9 mart 2010-cu il tarixinədək qəbul olunur.
2.İlkin mərhələdə təqdim ediləcək posterlər arasından 50 ən yaxşı poster seçilərək YUNESKO-nun internet səhifəsində yerləşdiriləcək.
3.Növbəti mərhələdə seçilmiş 50 poster arasından 30 ən yaxşı poster seçilərək 2010-cu ilin may ayında “Mədəni müxtəliflik üzrə Beynəlxalq Festival” çərçivəsində təşkil olunacaq sərgidə nümayiş etdiriləcək.
4.Son mərhələdə 30 seçilmiş poster arasından bir qalib seçiləcək.
Qaliblərin mükafatlandırılması
Qalibə 2000 ABŞ dolları məbləğində pul mükafatı təqdim ediləcək və o, YUNESKO-nun Baş Qərargahında keçiriləcək poster sərgisində iştirak etmək üçün dəvət olunacaq. Qalibin tədbirdə iştirakı ilə bağlı səfərinin bütün xərcləri təşkilat tərəfindən ödəniləcək.














