Azərbaycanın avarçəkmə idmanına itki üz verib. Kayak qayıqlarında avarçəkmə üzrə Azərbaycanın yeganə beynəlxalq dərəcəli idman ustası Rostislav Nikolayevski vəfat edib.
Rostislav İqoryeviç Nikolayevski 21 fevral 1939-cu ildə Bakıda anadan olub. O, yelkən idmanı və kayak qayıqlarında avarçəkmə ilə məşğul olub. Amma ən yüksək nailiyyətlərini kayak növündə əldə edib. Nikolayevski 1962-ci ildə 4 nəfərlik qayıqda SSRİ çempionatının bürünc medalını qazanıb, müxtəlif SSRİ miqyaslı və beynəlxalq turnirlərin qalibi olub.
İdmançı karyerasını başa vurduqdan sonra Rostislav İqoryeviç uzun müddət (1972 – 1990) Azərbaycanın kayak və kanoe üzrə yığma komandasının baş məşqçisi kimi çalışıb. Onun yetirmələri Azərbaycan və SSRİ çempionu, müxtəlif beynəlxalq miqyaslı turnirlərin qalib və mükafatçısı olublar. Hazırda ayrı-ayrı ölkələrdə məşqçi kimi çalışırlar. Mərhumun ailəsi də idmançılardan ibarətdir. Həyat yoldaşı Qalina Nikolayevskaya idman ustası, beynəlxalq yarışların qalib və mükafatçısı olub, kayak və kanoe üzrə məşqçi kimi çalışıb. Oğlu Rostislav isə yelkənli idman üzrə Azərbaycan çempionudur.
Nikolayevski beynəlxalq dərəcəli hakim kimi də fəaliyyət göstərib. O, müxtəlif ölkələrdə keçirilən yarışlarda ölkəmizi təmsil edib.
Azərbaycan Milli Avarçəkmə Federasiyası idmançılar, məşqçilər və veteran avarçəkənlər adından Rostislav İqoryeviç Nikolayevskinin vəfatı ilə əlaqədar kədərləndiyini bildirir, mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin…














