Azərbaycan kanoeçisi Radoslav Kutsev Sinqapurda keçirilən Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında mübarizəni dayandırıb. Kutsev 420 metr məsafəyə ¼ final yürüşündə qələbə qazana bilməyib.
Kubalı Kaserio Sardenasla yarışan həmyerlimiz 1 dəqiqə 52,31 saniyə nəticə göstərib. Sardenas isə bu məsafəni 1 dəqiqə 47,23 saniyəyə qət edərək, yarımfinala çıxıb.
Qaydalara əsasən, kanoe yarışı olimpiya sistemi üzrə keçirildiyindən, Kutsev növbəti mərhələyə yüksələ bilməyib. O, ¼ finalda uduzanlar arasında ikinci ən yaxşı nəticəni göstərib. Bu isə kanoeçimizin olimpiadanı 6-cı pillədə başa vurması anlamına gəlir. Olimpiya çempionu adını məhz Kutsevi yenən Sardenas əldə edib. O, finalda Anatoli Melniki üstələyib. Bürünc medala isə meksikalı Pedro Kastaneda layiq görülüb.
Qeyd edək ki, Radoslav Kutsev Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında kanoe slalom növündə də qüvvəsini sınayacaq. Seçmə yürüşlərə avqustun 24-də start veriləcək.














