6-12 sentyabr 2010-cu il tarixdə Moskvada sərbəst, qadın və yunan-Roma güləşi üzrə böyüklər arasında Dünya çempionatı keçiriləcək. Çempionatda ölkəmizin hər üç yığma komandası mübarizə aparacaq. Proqrama əsasən sentyabrın 6-7-8-də yunan-Roma güləşçiləri, 8-9-10 sentyabrda qadın güləçiləri, 10-11-12-də isə sərbəst güləşçilər ən güclüləri müəyyənləşdirəcək.
Sərbəst güləş yarışlarında ölkəmiz baş məşqçi Saypulla Absaidovun rəhbərliyi altında Toğrul Əsgərov (55 kq), Cəbrayıl Həsənov (66 kq), Çamsulvara Çamsulvarayev (74 kq), Novruz Temrezov (84 kq), Xetaq Qazyumov (96 kq) və Əli İsayev (120 kq) ilə təmsil olunacaq. 60 kq çəki dərəcəsində kimin iştirak edəcəyi isə yaxın günlərdə məlum olacaq. Bu çəkidə dünya çempionatında iştirak etmək üçün təcrübəli Zəlimxan Hüseynovla gənc Xaybulla Şaalov və Ağahüseyn Mustafayev arasında növbəti sınaq görüşləri keçiriləcək. Bu görüşün nəticəsinə əsasən, Moskvaya kimin gedəcəyinə aydınlıq gələcək.
Dünya çempionatında ölkəmizi yunan-Roma güləşi üzrə Elçin Əliyev (55 kq), Həsən Əliyev (60 kq), Vitali Rəhimov (66 kq), Rafiq Hüseynov (74 kq), Şalva Qadabadze (84 kq), Səbuhi Hümbətov (96 kq) və Zaur Mehrəliyev (120 kq) təmsil edəcək. Yığma komandamız çempionatda baş məşqçi, Olimpiya və ikiqat dünya çempionu Fərid Mansurovun rəhbərliyi altında iştirak edəcək.
Mundialda iştirak edəcək qadın güləşçilərimizin adları da yaxın günlərdə açıqlanacaq.














