Azərbaycan taekvondoçuları 27-29 yanvar tarixlərində Rusiyanın Kazan şəhərində 2012-ci il London Yay Olimpiya Oyunlarına son lisenziyalar uğrunda Avropa Təsnifat turnirinə yollanmağa hazırlaşır. Milli komandamızın məşqçilər heyəti Təvəkkül Bayramov (+80 kq) və Günay Ağakişiyevanın (57 kq) çıxışına üstünlük verib. Bir neçə gün öncə Dünya Taekvondo Federasiyası(WTF) tərəfindən yeni görəv alan Azərbaycan Taekvondo Federasiyasının l vitse-prezidenti Füzuli Musayev yarışa Nəzarət komissiyasının üzvü təyin olunub. Yanvarın 23-də turnirə yollanacaq heyət ayın 31-də vətənə dönəcək.
Qeyd edək ki, bu turnir taekvondoçularımızın London olimpiadasına lisenziya əldə etmələri üçün son imkandır. Artıq iki taekvondoçumuz - Ramin Əzizov (80 kq) və Fəridə Əzizova (67 kq) 2012-ci il London Yay Olimpiya Oyunlarına vəsiqəni təmin ediblər.














