2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası

“2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, gənclərin intellektual, fiziki və mənəvi inkişafını, ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında fəal iştirakını təmin etmək məqsədi ilə qərara alıram:

1. “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi:
2.1. Strategiyadan irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində əlaqələndirməni təmin etsin;
2.2. Strategiyanın həyata keçirilməsi ilə bağlı görülən işlər barədə ildə bir dəfədən az olmayaraq Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 yanvar 2015-ci il.

Azərbaycan Respublikası Prezidentinin
2015-ci il 26 yanvar tarixli Sərəncamı
ilə təsdiq edilmişdir


2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası


1. Giriş

Son 10 ildə Azərbaycan bütün sahələrdə mühüm uğurlar qazanmış, insan potensialının inkişafına görə “orta insan inkişafı ölkələri” qrupundan “yüksək insan inkişafı ölkələri” kateqoriyasına daxil olmuşdur. Bu, əhalinin müxtəlif təbəqələri, o cümlədən gənclər üçün iqtisadi imkanların yeni səviyyədə yaradılması, hüquqların genişləndirilməsi və maddi təminatın möhkəmləndirilməsi deməkdir. Ötən dövrdə sosial müdafiə sistemi təkmilləşdirilmiş, aktiv məşğulluq siyasətinə əsaslanan əmək bazarı formalaşdırılmış, yoxsulluğa qarşı mübarizə uğurla davam etdirilmişdir. Bunlarla yanaşı, mədəni irsin qorunması, gənclərlə iş və idman siyasətinin çevikliyinin artırılması, demoqrafiya və miqrasiya məsələlərinin effektiv tənzimlənməsi kimi vacib tədbirlər yeni nəsil üçün yüksək sosial rifah və insan kapitalının inkişafını təmin etmişdir.

Azərbaycan gəncliyi öhdəsinə düşən vəzifələri həmişə layiqincə yerinə yetirmiş, ölkədə gedən proseslərin önündə olmuşdur. Gənc nəsil istər sovet dövründə, istərsə də müstəqillik illərində Azərbaycan Respublikasının ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirak etmişdir. Minlərlə gənc beynəlxalq miqyaslı tədbirlərdə ölkəmizi uğurla təmsil etmiş, idmançılarımızın qələbələri sayəsində Azərbaycan bayrağı xarici dövlətlərdə yüksəlmişdir. Gənclər mədəniyyətlərarası dialoqun aparılmasında, beynəlxalq əməkdaşlığın inkişafında fəal olmuşlar. Bunun nəticəsində müxtəlif dövlətlərdə və beynəlxalq qurumlarda ölkəmiz daha yaxından tanınmış, onun tarixi, mədəniyyəti və bu günü haqqında geniş məlumatlar çatdırılmışdır. Xarici ölkələrdə təhsil alan azərbaycanlı gənclər və məzunlar, orada çalışan gənc mütəxəssislər Azərbaycan diasporunun formalaşmasında və lobbiçilik fəaliyyətində yaxından iştirak edirlər. Son illər ərzində gənclərin ictimai fəallığı yüksəlmiş, onların idarəetmədəki rolu artmışdır.

Gəncliyin inkişafı dövlətin sosial siyasətinin vacib tərkib hissələrindən biridir. Gənclər siyasəti gənclərin dinamik inkişafı üçün həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər kompleksidir. Dünyada baş verən qlobal dəyişikliklər və çağırışlar, həmçinin ölkənin yeni inkişaf imkanları Azərbaycanda gənclər siyasətinin yeni strategiyasının hazırlanmasını və qəbulunu zəruri edir.

2. Azərbaycan Respublikasında gənclər siyasəti sahəsində mövcud vəziyyət

Azərbaycan gəncliyinin inkişafına etibarlı zəmin hələ XX əsrin 70-ci illərində yaranmışdır. Ümummilli lider Heydər Əliyevin səyləri nəticəsində gənclərin məişət, təhsil, mədəni tələbatının ödənilməsi istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər görülmüşdür. Təkcə onu qeyd etmək kifayətdir ki, hər il yüzlərlə gənc SSRİ-nin qabaqcıl ali təhsil müəssisələrində oxumağa göndərilmiş, oradan yüksək ixtisaslı mütəxəssislər kimi qayıdaraq ölkəmizin inkişafına öz töhfələrini vermişlər. Həmin dövrdə gənclərin asudə vaxtının səmərəli təşkili üçün hər bir yaşayış məntəqəsində zəruri infrastruktur yaradılmış, onların hərtərəfli inkişafının təmin olunmasına xidmət edən zəruri maddi-texniki baza formalaşdırılmışdır. Eyni zamanda, ictimai-siyasi həyatda gənclərin fəallığını stimullaşdıran müxtəlif tədbirlər görülmüşdür.

XX əsrin sonlarında xalqımızın milli azadlığı və ölkəmizin ərazi bütövlüyü uğrunda gedən mübarizədə də gənclər fəal iştirak etmiş, dövlət müstəqilliyinin əldə edilməsi üçün həyat və sağlamlıqlarını əsirgəməmişlər. Minlərlə gəncimiz bu mübarizədə şəhid və əlil olmuş, göstərdikləri igidliyə görə müxtəlif mükafatlar və fəxri adlarla təltif edilmişdir.

Azərbaycanın ümummilli lideri Heydər Əliyev xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra gənclər daim dövlətin diqqət mərkəzində olmuşlar. Gənclər siyasətini tənzimləyən normativ hüquqi baza və onun həyata keçirilməsi üçün cavabdeh olan mərkəzi icra hakimiyyəti orqanı - Gənclər və İdman Nazirliyi yaradılmışdır. Gənclərin problemlərinin həlli üçün müxtəlif dövlət qurumlarının fəaliyyətinin əlaqələndirilməsinə, beynəlxalq təşkilatlarla əməkdaşlığa başlanmışdır. Gənclərin sağlamlığı, təhsili, məşğulluğu, sosial müdafiəsi və digər sahələrdə dövlət tərəfindən genişmiqyaslı tədbirlər həyata keçirilmişdir. Bu diqqətin bariz nümunəsi olaraq 2 Fevral Azərbaycan Gəncləri Günü elan edilmiş, gənclər təşkilatlarının və ayrı-ayrı gənclərin ictimai əhəmiyyət daşıyan təşəbbüslərini dəstəkləmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu təsis olunmuşdur. Ən əsas nəticə isə odur ki, müstəqil Azərbaycanda gənclərin maraqlarını təmin edən, beynəlxalq təcrübəyə əsaslanan dövlət gənclər siyasəti formalaşdırılıb və uğurla həyata keçirilir.

Gənclər ölkənin demoqrafik inkişafında mühüm rol oynayırlar. Belə ki, ölkə əhalisinin 2,7 milyon nəfərini və ya 28,9 faizini yaşı 14-dən 29-dək olan şəxslər təşkil edir. Gənclərin 52%-i şəhər yerlərində, 48%-i isə kəndlərdə yaşayır. Onların 49,2%-ni qadınlar təşkil edir. Bağlanılan nikahların böyük əksəriyyəti gənclərin payına düşür. Yeni doğulan uşaqların 82,6%-i məhz gənc ailələrdə dünyaya gəlir.

Gənclərin təhsil səviyyəsi ilbəil artır. 2013/2014-cü tədris ilinin əvvəlinə olan məlumata görə, Azərbaycanda 63 min tələbənin təhsil aldığı 57 dövlət və 1 qeyri-dövlət orta ixtisas təhsili müəssisəsi, tələbələrinin sayı 151 min nəfər olan 37 dövlət və 15 qeyri-dövlət ali təhsil müəssisəsi fəaliyyət göstərir. Xarici ölkələrdə təhsil alan Azərbaycan gənclərinin sayı da artmaqdadır. Son 7 il ərzində 3000-dən çox gənc “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində dünyanın qabaqcıl ali məktəblərinə göndərilmişdir.

2013-cü ildə “Əhalinin iqtisadi fəallığına dair” keçirilən müayinələrin yekunlarına əsasən, 15-29 yaşlı gənclərin 1239,8 min nəfəri iqtisadi fəal olmuş, onların 1116,8 min nəfəri iqtisadi əmək fəaliyyəti ilə məşğul olmuşdur. Müayinənin yekunlarına görə, 15-29 yaşlı gənclər arasında işsizlərin sayı 123 min nəfər olmuşdur.

Gənclərin inkişafını və asudə vaxtını səmərəli təşkil etmək, məlumatlandırma, yönəltmə və sosial dəstəyi təmin etmək üçün respublikanın şəhər və rayonlarında 30-dək sosial xidmət müəssisəsi - gənclər evləri (mərkəzləri) istifadəyə verilmişdir. Bu iş hazırda davam etdirilir.

Gənclərin təşkilatlanması üçün zəruri iqtisadi, hüquqi və təşkilati imkanlar yaradılmışdır. Hazırda paytaxt və bölgələrdə 250-dən artıq gənclər təşkilatı fəaliyyət göstərir. Müstəqilliyin ilk illərində gənclərin əsasən beynəlxalq qurumlar tərəfindən dəstəklənən təşəbbüsləri, son illərdə dövlət büdcəsindən maliyyələşən fondlar və digər təsisatlar vasitəsilə dəstəklənməyə başlamışdır. Gənclərin qeyri-hökumət təşkilatlarına yönləndirilmiş maliyyə vəsaitinin həcmi ilbəil artaraq gənclər arasında könüllülüyün dəstəklənməsini, onların liderlik bacarıqlarının artırılmasını və müəyyən mənada həm də məşğulluğunu təmin etmişdir.

İstedadlı və yaradıcı gənclərin üzə çıxarılması və dəstəklənməsi sahəsində əhəmiyyətli addımlar atılmışdır. 2013-cü ildə “Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsi gənclərin nailiyyətlərinin qiymətləndirilməsi və stimullaşdırılması baxımından xüsusi önəm kəsb edir. Bununla belə, bəzi yaradıcılıq sahələrinə (ədəbiyyat, memarlıq, heykəltəraşlıq, dizayn və s.) gənclərin marağı hələ də lazımi səviyyədə deyil. Daha erkən yaşlarda elm və intellektual yaradıcılıq sahələrinə diqqətin zəif olması səbəbindən fundamental, təbii, texniki elmlər və yüksək texnologiyalar üzrə təhsil alan tələbələrin sayı az, onların hazırlıq səviyyəsi isə aşağıdır.

Əhalinin əhəmiyyətli hissəsini təşkil edən gənclər ölkənin əsas innovativ potensialı və əmək resursudur. Ali təhsilli gənclərin sayının ilbəil artmasına baxmayaraq, gənc mütəxəssislərin bilik və bacarıqlarının səviyyəsi əmək bazarının və işəgötürənlərin tələblərinə yetərincə cavab vermir. Bu da müvafiq peşə sahiblərinin sayının azalması ilə yanaşı, həmin təklifin əcnəbi işçi qüvvəsi ilə əvəz olunmasına gətirib çıxarır. Nəticədə, bir sıra peşələr üzrə kadr çatışmazlığı yaranır, gənclər arasında işsizlik artmış olur. Ölkə üçün əhəmiyyət kəsb edən bəzi ixtisaslara (kənd təsərrüfatı, yüksək texnologiyalar və s.) maraq çox zəifdir. Ali təhsil alanların çox az qismi regionlarda işləməyə meyil göstərir. Bu baxımdan, təhsil sisteminin, xüsusilə də peşə təhsilinin surətlə inkişaf edən ölkə iqtisadiyyatının tələblərinə uyğunlaşdırılması günümüzün zərurətinə çevrilmişdir.

Ali təhsil müəssisələrində ölkənin hazırkı və perspektiv iqtisadi inkişaf istiqamətlərinə uyğun olan və əmək bazarının tələblərini nəzərə alan ixtisasların tədrisinə ehtiyac yaranmışdır. Bu gün dövlət siyasətinin əsas prioritetlərindən biri “insan kapitalının” ixracının qarşısını almaqdır. Azərbaycan da daxil olmaqla, dünya ölkələrindəki təbii sərvətlərin böyük əksəriyyətinin bərpa olunmaması bu məsələnin əhəmiyyətini daha da artırır.

Azərbaycan Respublikasının beynəlxalq miqyasda öz layiqli yerini tutması gənclərin üzərinə də müəyyən vəzifələr qoyur. Belə ki, ölkəmizi xaricdə yüksək səviyyədə təmsil etmək üçün onların xarici dillərə mükəmməl yiyələnməsi, vətənpərvər olması və azərbaycançılıq ruhunda tərbiyə edilməsi vacib şərtlərdir. Eyni zamanda, yeni nəslin elmi bacarıqlarının inkişaf etdirilməsi və innovativ fəaliyyətinə dəstək göstərilməsi də zəruridir.

Gənc nəslin nümayəndələri qanunvericiliyin təkmilləşdirilməsində daha yaxından iştirak etməli, onların institusional bacarıqları artırılmalıdır. Gənclər vətəndaş cəmiyyətinin inkişafında aparıcı rol oynamalı, onların ictimai fəallığının bundan sonra da dəstəklənməsi üçün müvafiq şərait formalaşdırılmalıdır.

3. Strategiyanın hədəf qrupları

3.1. Bu Strategiya gənc və gənc ailə hesab olunan aşağıdakı hədəf qruplarını əhatə edir:

3.1.1. gənclər - yaşı 14-dən 29-dək olan şəxslər;

3.1.2. gənc ailə - yaşı 35-dən çox olmayan şəxslərin nikaha daxil olmasından yaranan ailə, habelə himayəsində azı bir uşağı olan və yaşı 35-dən çox olmayan tək valideyn.

3.2. Gənclərin ayrı-ayrı sosial qruplarına münasibətdə hərtərəfli yanaşma formalaşdırmaq baxımından, bu qrupların statusunu və identifikasiya meyarlarını müəyyənləşdirmək zəruridir. Hal-hazırda Azərbaycan gəncliyi əsasən aşağıdakı sosial qruplardan ibarətdir:

3.2.1. ümumtəhsil məktəblərinin yuxarı siniflərinin və ilk peşə-ixtisas təhsili müəssisələrinin şagirdləri;

3.2.2. orta ixtisas və ali təhsil müəssisələrinin tələbələri;

3.2.3. gənc alimlər;

3.2.4. xaricdə təhsil alan və işləyən gənclər;

3.2.5. hərbi xidmətdə olan gənclər;

3.2.6. gənc sahibkar və fermerlər;

3.2.7. istehsal və xidmət sahələrində çalışan gənclər;

3.2.8. dövlət qulluqçuları və seçkili orqanlarda təmsil olunan gənclər;

3.2.9. yaradıcı və istedadlı gənclər;

3.2.10. gənc idmançılar;

3.2.11. siyasi partiyalarda və qeyri-hökumət təşkilatlarında təmsil olunan gənclər;

3.2.12. işsiz gənclər;

3.2.13. ailəli gənclər;

3.2.14. aztəminatlı ailələrdən olan gənclər;

3.2.15. qaçqın və məcburi köçkün gənclər;

3.2.16. sağlamlıq imkanları məhdud və əlil olan gənclər;

3.2.17. narkomaniyaya və ya QİÇS-ə düçar olmuş gənclər və s.

4. Gənclərin inkişafında çağırışlar

İqtisadi sahədə qazanılan uğurlar Azərbaycanda insan inkişafının davamlı yaxşılaşması üçün zəruri resursları təmin etmişdir. Bu resursları gənclər üçün imkanların artırılmasına, səmərəli idarəçiliyə və institusional inkişafa yönəltmək zəruridir.

Azərbaycan gəncliyinin çağırış və hədəflərini ümumbəşəri və daxili olmaqla iki qrupa bölmək olar.

Ümumbəşəri çağırış və hədəflər qloballaşma ilə əlaqədardır. Bu, gənclərin ümumbəşəri dəyərlərə yiyələnməsini, informasiya cəmiyyətində yaşamaq bacarıqlarının artırılmasını, müxtəlif ölkələrin gəncləri ilə dostluq və əməkdaşlıq münasibətlərinin yaradılmasını, beynəlxalq gənclər hərəkatında iştirakını nəzərdə tutur.

Daxili çağırışlar fərdi və ictimai əmin-amanlığı təmin etmək məqsədi ilə mövcud sosial-iqtisadi imkanlardan gənclərin potensialını gücləndirmək, cavabdehliyini yüksəltmək üçün səmərəli istifadə olunmasını nəzərdə tutur. Azərbaycanın müharibə vəziyyətində olması və ərazisinin 20%-nin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi yeniyetmə və gənclər arasında vətənpərvərlik tərbiyəsi işinin gücləndirilməsini, hərbi hazırlığın müasir tələblərə uyğun təşkilini, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində daha təsirli tədbirlərin görülməsini zəruri edir.

Ümumbəşəri və daxili çağırışlara cavab vermək məqsədilə yaxın 10 il üçün Azərbaycan gənclərinin İnkişaf Strategiyasının hazırlanması gündəmə gəlmiş və tərtib edilmişdir. “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” (bundan sonra – Strategiya) göstərilən müddəti əhatə edən dövrdə gənclər siyasətinin məqsədlərini, vəzifələrini və icra mexanizmlərini müəyyən edir.

Strategiya son 10 ildə sosial sahələrə dair qəbul edilmiş sənədlərin (konsepsiya, strategiya, dövlət proqramı və s.) icrası ilə ahəngdar şəkildə həyata keçirilməlidir. Bu sənədlərə, ilk növbədə, Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 9 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Demoqrafik İnkişaf Konsepsiyası”, 2005-ci il 26 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Məşğulluq Strategiyası (2006-2015-ci illər)”, 2008-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”, 2011-ci il 7 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”, 2011-ci il 15 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı” və s. aiddir. Sözügedən sənədlərin icrası ilə əlaqədar həyata keçirilmiş tədbirlər sayəsində gənclərin sosial problemlərinin həlli və gələcək inkişafı üçün dayanıqlı əsaslar yaradılmışdır. Bu baxımdan yeni Strategiya mövcud nailiyyətlərin möhkəmləndirilməsini və davamlı inkişafını təmin etməlidir.

5. Strategiyanın məqsəd və vəzifələri

5.1. Strategiyanın məqsədi 2015-2025-ci illəri əhatə edən müddətdə Azərbaycan gəncliyinin potensialını müasir dövrün tələblərinə uyğun inkişaf etdirmək, həmin potensialdan Azərbaycan Respublikasının mənafeləri naminə istifadə etmək, yeni nəsildə fəal vətəndaşlıq mövqeyi formalaşdırmaqdır.

5.2. Bunun üçün Strategiya aşağıdakı vəzifələrin yerinə yetirilməsini nəzərdə tutur:

5.2.1. gənclər forumlarının təşkili və keçirilməsi barədə gənclərlə məsləhətləşmələr aparmaq, forumlararası dövrdə vəziyyətin təhlili və əldə edilmiş təcrübə barədə müzakirələr təşkil etmək, illik hesabatlar hazırlamaq və maraqlı tərəflərə təqdim etmək;

5.2.2. gənclər siyasəti sahəsində çalışan mütəxəssislərin bilik və bacarıq səviyyəsini yüksəltmək, onların hazırlığı və yenidənhazırlığı üçün mütəmadi təlimlər keçirmək;

5.2.3. gənclərin elm, texnika, mədəniyyət, incəsənət sahəsindəki bacarıqlarını və təşəbbüskarlığını stimullaşdıran tədbirlər həyata keçirmək;

5.2.4. televiziya kanallarında yeniyetmə və gənclər üçün faydalı olan maarifləndirici, elmi-populyar verilişlərin hazırlanmasına və yayımlanmasına diqqəti artırmaq;

5.2.5. televiziya və radio kanallarında formal və qeyri-formal təhsil, məşğulluq, sosial məsələlərin həlli, sağlamlıq və digər mövzularda verilişlərin hazırlanmasına və yayımlanmasına nail olmaq;

5.2.6. internet, jurnalistika, bloqçuluq və digər sahələrdə gənclərin bacarıqlarını artıran təlimlər təşkil etmək, müsabiqələr vasitəsilə daha istedadlı olanları üzə çıxarmaq və onların inkişafını dəstəkləmək;

5.2.7. bütün kateqoriyalardan olan gənclər, o cümlədən xüsusi qayğıya ehtiyacı olanlar üçün təlimlərin təşkili vasitəsilə informasiya texnologiyaları barədə bilik səviyyəsinin artırılmasını təmin etmək;

5.2.8. gənclər arasında ixtisas və peşə seçimi, əmək bazarı və məşğulluq haqqında məlumatlılıq səviyyəsini artırmaq, gənclər evlərində (mərkəzlərində) ixtisaslaşmış mütəxəssislər vasitəsilə karyera məsləhət xidmətlərini inkişaf etdirmək;

5.2.9. karyera məsləhət xidmətlərinin mütəmadi yeniləşdirilən sorğu-məlumat kitabçalarının nəşrini təmin etmək, xidmətin səyyar və distant məsləhət imkanlarını genişləndirmək;

5.2.10. gənclərin məşğulluğunun təmin edilməsi üçün onların peşəkarlığını artıran tədbirlər görmək, aztəminatlı gənc ailələrə şəxsi təsərrüfatlarını qurmaq, inkişaf etdirmək və ya fərdi əmək fəaliyyəti ilə məşğul olmaqla gəlirlərini artırmaları üçün davamlı dəstək vermək;

5.2.11. gənc mütəxəssislərin bilik və bacarıqlarını işəgötürənlərin tələblərinə uyğunlaşdırmaq məqsədi ilə beynəlxalq standartlara cavab verən təhsil proqramları hazırlamaq və tətbiq etmək;

5.2.12. gənclərin işsizlik problemlərinin həlli ilə bağlı mütəmadi olaraq sosioloji tədqiqatlar aparmaq;

5.2.13. əlilliyi olan gənc mütəxəssislərin sosial müdafiəsini gücləndirmək, onların əmək fəaliyyəti üçün müvafiq şərait yaratmaq;

5.2.14. regionlarda yaşayan gənclərin təhsil, məşğulluq və mədəniyyət sahəsində imkanlarını genişləndirmək;

5.2.15. yeniyetmə və gənclərin iqtisadi sahədəki bilik və bacarıqlarının artırılması üçün müasir metodlar tətbiq etmək;

5.2.16. elmi tədqiqat institutlarında çalışan gənc alimləri müasir, lisenziyalı, xüsusi ixtisaslaşdırılmış İKT paket proqramları ilə təchiz etmək, habelə internet vasitəsilə dünya elektron kitabxanalarına pulsuz girişi təmin etmək;

5.2.17. yeniyetmələrdə erkən yaşlarında elmə maraq yaradılması üçün orta məktəblərdə “Elm” guşələri yaratmaq, intellektual interaktiv müsabiqələr keçirmək;

5.2.18. dövlət və yerli özünüidarəetmə orqanlarının işində gənclərin fəal iştirakını təmin etmək;

5.2.19. gənclər üçün aktual olan məsələlərin həllində gənclərin qeyri-hökumət təşkilatlarının iştirakını stimullaşdırmaq;

5.2.20. gənclərin qeyri-hökumət təşkilatlarının sahələr üzrə peşəkarlığının artırılmasını və dövlət sifarişlərinin həyata keçirilməsində daha fəal iştirakını stimullaşdırmaq;

5.2.21. gənclərin qeyri-hökumət təşkilatlarının elektron şəbəkəsini yaratmaq və ardıcıl inkişaf etdirmək;

5.2.22. gənclərə sistemli sosial xidmət göstərən gənclər evlərinin (mərkəzlərinin) fəaliyyətini genişləndirmək;

5.2.23. xarici ölkələrdə yaşayan və ya təhsil alan gənclərin fəaliyyətini əlaqələndirmək, onlar tərəfindən Azərbaycan həqiqətlərinin dünyaya yayılması istiqamətində aparılan işlərə konsultativ, təşkilati və maddi-texniki dəstək göstərmək;

5.2.24. gənclərin beynəlxalq əməkdaşlığını dəstəkləmək, bu əlaqələr vasitəsilə ölkə haqqında məlumatların yayılmasına, Azərbaycanın gənc dostlarının sıralarının genişlənməsinə nail omaq;

5.2.25. sağlamlıq imkanları məhdud və əlil olan, qaçqın və məcburi köçkün, xüsusi qayğıya ehtiyacı olan, valideyn himayəsindən məhrum olmuş gənclərin sosial problemlərinin həlli istiqamətində ardıcıl tədbirlər görmək;

5.2.26. xüsusi qayğıya ehtiyacı olan gənclərin ehtiyaclarını ödəmək məqsədi ilə müxtəlif qurumların əməkdaşlığını və koordinasiyasını təmin etmək, bu gənclərə göstərilən xidmətlərin qiymətləndirilməsi və monitorinqi üçün standartlar müəyyənləşdirmək;

5.2.27. xüsusi qayğıya ehtiyacı olan gənclərin idmanla məşğul olması üçün güzəştli şərait yaratmaq;

5.2.28. aztəminatlı gənc ailələrin sosial rifahının yaxşılaşdırılması ilə əlaqədar dövlət və yerli özünüidarəetmə orqanları tərəfindən mütəmadi işlər aparılmasını təmin etmək;

5.2.29. yüksək riskli qruplardan olan gənclərə sosial-psixoloji və hüquqi yardımın göstərilməsi üçün məsləhət və yönləndirmə sistemi formalaşdırmaq;

5.2.30. cəzaçəkmə müəssisələrindən azad olmuş gənclərin sosial reabilitasiyası ilə bağlı kompleks tədbirlər görmək;

5.2.31. müasir təbliğat və maarifləndirmə metodlarından istifadə etməklə gəncləri müxtəlif dini təriqətlərin ekstremist və ayrı-seçkilik çağırışlarından qorumaq;

5.2.32. gənclərlə işin təhlili, planlaşdırılması, təşkili və qiymətləndirilməsi üzrə mütəxəssislərin hazırlanmasını və yenidən hazırlanmasını təmin etmək.

6. Strategiyanın icra mexanizmləri

6.1. Strategiya ilə müəyyənləşdirilmiş vəzifələrin icrası istiqamətində institusional tədbirlərin, müvafiq strukturların rolu böyükdür. Bu strukturlara mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, habelə bələdiyyələrin və digər təşkilatların nəzdindəki qurumlar daxildir. Həmin qurumlar üç funksiyanı icra etməlidir: tənzimləmə, təşkilati-sərəncamverici və nəzarət.

6.2. Strategiyanın həyata keçirilməsi üçün dövlət gənclər siyasətinin kadr potensialının təkmilləşdirilməsini nəzərdə tutan aşağıdakı tədbirlər icra ediləcəkdir:

6.2.1. dövlət gənclər siyasəti sahəsində çalışanların hazırlığı və yenidən hazırlığı sisteminin təkmilləşdirilməsi;

6.2.2. dövlət gənclər siyasətinin məlumat bazasının yaradılması, davamlı təkmilləşdirilməsi və zənginləşdirilməsi.

6.3. Strategiyanın icra mexanizmlərinin digər tərkib hissəsi maliyyələşdirmə ilə bağlıdır. Maliyyələşdirmə aşağıdakı mənbələrdən həyata keçirilir:

6.3.1. dövlət vəsaiti (büdcə və büdcədənkənar fondlar);

6.3.2. qanunvericiliklə nəzərdə tutulan digər mənbələr.

7. Gözlənilən nəticələr

7.1. Strategiyanın səmərəliliyini qiymətləndirmək məqsədi ilə qiymətləndirmə indikatorları sistemi və onların ölçmə mexanizmləri yaradılmalıdır. Bu indikatorlar görülən işlərlə gənclərin vəziyyəti arasında əlaqəni özündə ehtiva etməlidir. Mövcud “Azərbaycan gəncləri” statistik toplusunun təkmilləşdirilmiş formatı və keçirilən sosioloji tədqiqatlar bu sistemin əsasını təşkil edəcək.

7.2. Strategiyanın icrasının nəticəsi olaraq 2025-ci ilin sonuna qədər aşağıdakılara nail olunması gözlənilir:

7.2.1. gənclər arasında təhsil səviyyəsinin və peşə təhsili alanların sayının artması;

7.2.2. gənc məzunların ixtisaslarına uyğun işlə təmin edilməsi səviyyəsinin yüksəldilməsi;

7.2.3. gənclər arasında işsizliyin səviyyəsinin aşağı salınması;

7.2.4. gənclərin təhsil müddətində yaşayış şəraitinin yaxşılaşdırılması üçün ali, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin şagird və tələbələrinin yataqxanalarda yerlə təmin edilməsi;

7.2.5. ali və orta ixtisas təhsili müəssisələri məzunlarının öz regionlarında ixtisaslarına uyğun işlə təmin edilməsi;

7.2.6. gənclərin işçi qüvvəsi çatışmayan regionlara getməsini stimullaşdırmaq məqsədi ilə zəruri məişət və məşğulluq infrastrukturunun yaradılması;

7.2.7. əmək bazarının tələblərinə cavab verən rəqabətqabiliyyətli gənc kadr potensialının formalaşdırılması;

7.2.8. gənclərin və gənc ailələrin mənzil şəraitinin yaxşılaşdırılması mexanizmlərinin davamlı olaraq təkmilləşdirilməsi;

7.2.9. gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsi;

7.2.10. gənclərin ibtidai hərbi hazırlığının səviyyəsinin artırılması, bu prosesə hərbi mütəxəssislərin cəlb edilməsi;

7.2.11. gənclərin innovativ ideyalarının və yaradıcı təşəbbüslərinin reallaşdırılması, onların praktikada tətbiqi üçün zəmin yaradılması;

7.2.12. elm və texnika sahəsində çalışan gənclərin sayının artması;

7.2.13. mədəniyyət və incəsənət, o cümlədən teatr, kino, dizayn və memarlıq sahəsinə gənclərin marağının artması, ölkənin regionlarında yaradıcı gənclərin çıxışlarının, sərgilərinin və ustad dərslərinin təşkil edilməsi, habelə xarici dövlətlərdə onların yaradıcılığının layiqincə təqdim və təbliğ edilməsi;

7.2.14. gənc sahibkarların sayının artması;

7.2.15. gənclər arasında hüquqpozmaların sayının azalması;

7.2.16. gənclərin beynəlxalq əlaqələrinin, habelə Azərbaycan üçün prioritet kəsb edən ölkələrin gəncləri ilə əlaqələrinin inkişaf etdirilməsi.

 

Download