Bədən
tərbiyəsi və idman haqqında
Azərbaycan
Respublikasının Qanunu
Bu
Qanun Azərbaycan Respublikasında bədən tərbiyəsi və idman sahəsində fəaliyyətin
təşkilati-hüquqi, sosial-iqtisadi əsaslarını və dövlət siyasətinin əsas
prinsiplərini müəyyən edir, bu sahədə yaranan münasibətləri tənzimləyir, hər kəsin
bədən tərbiyəsi və idmanla məşğul olmaq hüququna təminat verir.
I fəsil. Ümumi müddəalar
Maddə 1. Əsas anlayışlar
1.0.
Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.0.1.
bədən tərbiyəsi — cəmiyyətin ümumi mədəniyyətinin ayrılmaz hissəsi olmaqla,
fiziki hərəkətlər vasitəsilə insanın sağlam həyat tərzinin formalaşdırılmasına,
fiziki və əqli inkişafına yönəldilmiş norma, bilik və dəyərlər məcmusunu özündə
əks etdirən sosial fəaliyyət sahəsi;
1.0.2.
idman — müxtəlif fiziki hərəkətlər kompleksi vasitəsilə mütəmadi olaraq şəxsin
fiziki hazırlığının təkmilləşdirilməsinə, bütün səviyyəli yarışlarda iştiraka və
yüksək nəticələr göstərilməsinə yönəldilmiş bədən tərbiyəsinin tərkib hissəsi;
1.0.3.
kütləvi idman — təşkil olunmuş formada əhalinin bədən tərbiyəsi ilə məşğulluğuna
və fiziki inkişafına, eləcə də bədən tərbiyəsi-sağlamlıq tədbirlərində və kütləvi
idman yarışlarında iştirakına yönəldilmiş idman sahəsi;
1.0.4.
fiziki hazırlıq — insanın sosial-demoqrafik xüsusiyyətləri və fəaliyyət növləri
nəzərə alınmaqla, onda fiziki keyfiyyətlərin, qabiliyyətin inkişafına yönəlmiş
proses;
1.0.5.
fiziki kamillik — bədən tərbiyəsi və idmanla məşğul olan hər bir şəxsdə fiziki
və mənəvi keyfiyyətlərin ahəngdar birləşməsi prosesi;
1.0.6.
idmançı — seçdiyi idman növü və ya növləri ilə mütəmadi olaraq məşğul olan və
idman yarışlarında iştirak edən fiziki şəxs;
1.0.7.
yüksək səviyyəli idmançı — müvafiq idman adına (dərəcəsinə) malik və yüksək
idman nəticələrinə nail olmaq məqsədi ilə idman yarışlarında çıxış edən
idmançı;
1.0.8.
peşəkar idman — idman-tamaşa tədbirlərinin (yarışların) təşkil olunmasına və
keçirilməsinə yönəldilmiş idmanın elə tərkib hissəsidir ki, burada idmanı özünə
peşə (əmək) fəaliyyəti seçən idmançılar həmin tədbirlərdə (yarışlarda) iştirak
etmək və onlara hazırlaşmaq üçün qanunvericiliyə uyğun olaraq əmək haqqı (pul
mükafatı) alırlar;
1.0.9.
məşqçi — idmançılarla təlim-məşq prosesini həyata keçirən, onların yüksək nəticələrə
nail olmaları üçün yarış fəaliyyətinə rəhbərlik edən müvafiq ali və ya orta
ixtisas təhsilinə malik olan fiziki şəxs;
1.0.10.
idman hakimi — idman yarışının təşkilatçısı tərəfindən idman növünün
qaydalarına və yarışın əsasnaməsinə (reqlamentinə) riayət olunmasına nəzarət
etməyə səlahiyyətləndirilmiş, xüsusi hazırlıq keçmiş və müvafiq təsnifat dərəcəsini
almış fiziki şəxs;
1.0.11.
idman növü — idmanın aşağıdakı fərqləndirici əlamətləri olan bir hissəsi: məşğələlər
mühiti, istifadə olunan idman alətləri (mühafizə vasitələri istisna olmaqla) və
avadanlıq, müəyyən edilmiş qaydada qəbul olunmuş yarış qaydaları;
1.0.12.
idman fənni — fərqləndirici əlamətləri olan idman növünün tərkib hissələri;
1.0.13.
hərbi-tətbiqi və xidməti-tətbiqi idman növləri — əsasını xüsusi hərəkətlər (o
cümlədən fəndlər) təşkil edən, hərbi qulluqçular və hüquq mühafizə orqanlarının
əməkdaşlarının (bundan sonra - xüsusi xidmət keçən şəxslər) öz xidməti vəzifələrini
yerinə yetirməsi ilə əlaqəli bir və ya bir neçə hərbi və ya hüquq mühafizə
orqanının fəaliyyəti çərçivəsində inkişaf etdirilən idman növləri;
1.0.14.
milli idman növləri — əhalinin etnik qruplarında tarixən formalaşmış və
sosial-mədəni yönümlü idman növləri;
1.0.15.
respublika idman federasiyası — üzvlük əsasında yaradılan, dövlət
akkreditasiyasından keçən, məqsədi ölkə miqyasında bir və ya bir neçə idman
növünün inkişaf etdirilməsi, həmçinin respublika və ya beynəlxalq miqyaslı
idman yarışlarının keçirilməsi, milli yığma komandaların formalaşdırılması,
beynəlxalq yarışlara hazırlanması və iştirakı olan idman növü (növləri) üzrə
ictimai birlik;
1.0.16.
milli yığma komandalar — idmanın müxtəlif növləri üzrə respublika idman
federasiyaları tərəfindən beynəlxalq yarışlara hazırlaşmaq və bu yarışlarda
dövləti təmsil etmək məqsədi ilə müxtəlif yaş qruplarına aid idmançılardan, məşqçilərdən
və bədən tərbiyəsi-idman sahəsində digər mütəxəssislərdən formalaşdırılan və
müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən kollektivlər;
1.0.17.
rəsmi bədən tərbiyəsi və idman tədbirləri — bədən tərbiyəsi-sağlamlıq və idman
tədbirlərinin təqvim planlarına daxil edilmiş rayon, şəhər, regional,
respublika və beynəlxalq miqyaslı tədbirlər və yarışlar;
1.0.18.
bədən tərbiyəsi və idman tədbirlərinin təşkilatçısı — tədbirlərin və idman
yarışlarının təşkilatı məsələlərinin həllini, maliyyələşdirilməsini,
hazırlanması və keçirilməsi ilə bağlı digər təminatları öz üzərinə götürən təşəbbüsçü
hüquqi və ya fiziki şəxs;
1.0.19.
bədən tərbiyəsi və idman sistemi — bədən tərbiyəsi və idmanın inkişaf etdirilməsi
məqsədi ilə dövlət orqanları və bələdiyyələrin, qeyri-hökumət təşkilatlarının,
hüquqi və fiziki şəxslərin əlaqəli şəkildə göstərdikləri fəaliyyət;
1.0.20.
əhalinin fiziki hazırlığı və inkişafının monitorinqi — əhalinin fiziki
sağlamlığının, fiziki hazırlığının və iş qabiliyyətinin qiymətləndirilməsi və
proqnozlaşdırılması, həmçinin bunlarla əhalinin fiziki inkişafı arasında səbəb-nəticə
əlaqələrinin müəyyən edilməsi;
1.0.21.
fiziki reabilitasiya — sağlamlığın pozulmasına səbəb olan məhdud həyat fəaliyyətinin
aradan qaldırılmasına və ya maksimal dərəcədə tam kompensasiyasına yönəlmiş
adaptiv bədən tərbiyəsi və adaptiv idman vasitə və metodlarından istifadə etməklə
insan orqanizminin pozulmuş və ya müvəqqəti itirilmiş funksiyalarının və
sağlamlıq imkanları məhdud uşaqların və əlillərin ictimai və peşəkar fəaliyyətdə
iştirak qabiliyyətlərinin bərpası;
1.0.22.
idman obyektləri — bədən tərbiyəsi və idman tədbirlərinin (o cümlədən təlim-məşq
proseslərinin, idman yarışlarının) keçirilməsi üçün xüsusi olaraq nəzərdə
tutulmuş, inşa edilmiş, quraşdırılmış idman qurğuları, örtülü və açıq obyektlər;
1.0.23.
yüksək nailiyyətlər idmanı — rəsmi respublika və beynəlxalq yarışlarda iştirak
edən idmançıların yüksək nəticələr göstərməsinə və nailiyyətlər əldə etməsinə
yönəldilmiş idman sahəsi;
1.0.24.
paralimpiya hərəkatı — sağlamlıq imkanları məhdud uşaqların və əlillərin bədən
tərbiyəsi və idman vasitəsilə cəmiyyətə inteqrasiyasında, özünütəsdiqində,
fiziki və mənəvi kamilliyə çatmasında əsas vasitələrdən biri kimi paralimpiya
idmanının inkişafını əhatə edən fəaliyyət;
1.0.25.
deflimpiya hərəkatı — eşitmə qabiliyyətləri məhdud olan şəxslər arasında bədən
tərbiyəsi və idmanın inkişafı üzrə təşkil olunan və həyata keçirilən fəaliyyət;
1.0.26.
xüsusi olimpiya hərəkatı — əqli imkanları məhdud şəxslərin bədən tərbiyəsi və
idman vasitəsilə reabilitasiyası və cəmiyyətə inteqrasiyasının təmin edilməsinə
yönəldilmiş fəaliyyət;
1.0.27.
idman mərc oyunları — idman yarışlarının nəticələrinin və ya yarışlardakı hadisələrin
əvvəlcədən proqnoz edilməsinə əsaslanmaqla oynanılan və iştirakçılar arasında
doğru ehtimalı tapanlara əvvəlcədən bəyan edilən meyarlar əsasında pul mükafatı
(uduş) qazandıran, idman mərc oyunlarının operatoru tərəfindən keçirilən
oyunlar;
1.0.28.
idman mərc oyunlarının operatoru-idman mərc oyunlarının həyata keçirilməsi məqsədi
ilə bu Qanunun 53-1-ci maddəsi ilə müəyyən edilmiş qaydada akkreditasiya
olunmuş hüquqi şəxs.
1.0.29.
idman yarışları — beynəlxalq və ya digər səlahiyyətli idman təşkilatları
tərəfindən qəbul edilmiş rayon, şəhər, regional, respublika və beynəlxalq
miqyaslı idman tədbirləri;
1.0.30.
idman yarışlarının manipulyasiyası — şəxsin özünün və ya başqasının
xeyrinə qeyri-qanuni üstünlük əldə etməsi üçün idman yarışlarının gedişatını və
ya nəticəsini qəsdən dəyişdirməyə yönəlmiş əməli (hərəkəti və ya hərəkətsizliyi).
Maddə 2. Bədən tərbiyəsi
və idman haqqında Azərbaycan Respublikasının qanunvericiliyi
Bədən
tərbiyəsi və idman haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan
Respublikasının Konstitusiyasından, bu Qanundan, «İdmanda dopinq vasitələrindən
və üsullarından istifadəyə qarşı mübarizə haqqında» Azərbaycan Respublikasının
Qanunundan, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.
Maddə 3. Bədən tərbiyəsi
və idman sahəsində dövlət siyasətinin əsas prinsipləri
3.0.
Bədən tərbiyəsi və idman sahəsində dövlət siyasətinin əsas prinsipləri aşağıdakılardır:
3.0.1.
bədən tərbiyəsi və idman hərəkatının idarəetmə sisteminin yaradılması və təkmilləşdirilməsi;
3.0.2.
vətəndaşların bədən tərbiyəsi və idmanla məşğul olmaq hüququnun təmin edilməsi
və bu məqsədlə bərabər imkan və şəraitin yaradılması;
3.0.3.
bədən tərbiyəsi və idman sahəsində beynəlxalq öhdəliklərə dövlət tərəfindən
hörmətlə yanaşılması və riayət edilməsi;
3.0.4.
əhalinin aztəminatlı və sosial müdafiəyə ehtiyacı olan təbəqələri arasında
(çoxuşaqlı ailələrdən olan uşaqlar, valideyn himayəsindən məhrum olmuş uşaqlar,
sağlamlıq imkanları məhdud uşaqlar, əlillər) bədən tərbiyəsi və idmanın
inkişafının vacibliyi;
3.0.5.
bədən tərbiyəsi və idman sahəsində dövlət orqanlarının və bələdiyyələrin, bədən
tərbiyəsi və idman yönümlü ictimai birliklərin qarşılıqlı fəaliyyəti;
3.0.6.
vətəndaşların müxtəlif yaş qruplarının həyat fəaliyyətinin bütün mərhələlərində
bədən tərbiyəsinin fasiləsizliyi və ardıcıllığı;
3.0.7.
bədən tərbiyəsi və idman sahəsində ayrı-seçkiliyin və zorakılığın yolverilməzliyi;
3.0.8.
ölkə ərazisində əhalinin maraq göstərdiyi idman növlərinin, xüsusilə milli və
olimpiya oyunları proqramlarına daxil edilmiş idman növlərinin inkişafının və
kütləviliyinin artırılmasının dəstəklənməsi.
3.0.9.
idman yarışlarının manipulyasiyasının yolverilməzliyi.
Maddə 4. Bədən tərbiyəsi
və idman sahəsində dövlətin vəzifələri
4.0.
Bədən tərbiyəsi və idman sahəsində dövlətin vəzifələri aşağıdakılardır:
4.0.1.
Azərbaycan Respublikasında bədən tərbiyəsi və idman sahəsində dövlət siyasətinin
formalaşdırılması, Milli strategiyanın və Dövlət proqramlarının hazırlanması və
həyata keçirilməsi;
4.0.2.
təhsil alanlar üçün fiziki hazırlığın normativ tələblərinin hazırlanması, təsdiq
və tətbiq edilməsi;
4.0.3.
respublika Vahid idman təsnifatının, idman adları və dərəcələrinin təsdiq edilməsi;
4.0.4.
respublika və beynəlxalq səviyyəli kütləvi bədən tərbiyəsi-sağlamlıq və idman tədbirlərinin
hər il üçün Vahid təqvim planının, idman tədbirlərinin keçirilməsi qaydalarının
və onların keçirilməsi xərcləri normalarının işlənib hazırlanması, təsdiqi və
maliyyələşdirilməsinin həyata keçirilməsi;
4.0.5.
bədən tərbiyəsi və idman sahəsində fəxri adların və digər dövlət həvəsləndirmə
formalarının təsis edilməsi;
4.0.6.
dövlət mülkiyyətində olan idman obyektləri və bazalarından, olimpiya hazırlığı
mərkəzlərindən istifadə normaları və qaydalarının müəyyən edilməsi;
4.0.7.
respublika idman federasiyalarının təqdimatına əsasən milli yığma komandaların,
eləcə də məşqçilər heyətlərinin rəsmi beynəlxalq yarışlara hazırlığı və onlarda
iştirakı üzrə tədbirlərin həyata keçirilməsi;
4.0.8.
ölkə ərazisində dünya və Avropa çempionatlarının və digər beynəlxalq idman
yarışlarının müvafiq beynəlxalq idman təşkilatları tərəfindən müəyyən olunmuş tələblərə
riayət olunmaqla təşkili və keçirilməsinin təmin edilməsi;
4.0.9.
sağlamlıq imkanları məhdud uşaqlar və əlillər üçün respublika və beynəlxalq
idman yarışlarının təşkili və bu yarışlara ölkə idmançılarının hazırlığının və
iştirakının təmin edilməsi;
4.0.10.
bədən tərbiyəsi və idman vasitələri ilə əhali arasında hüquqpozmaları, narkomaniya,
tütündən istifadə, alkoqolizmin profilaktikası üzrə tədbirlər sisteminin işlənib
hazırlanması və həyata keçirilməsi;
4.0.11.
respublika idman federasiyalarının dövlət reyestrinin və idman növlərinin dövlət
reyestrinin işlənib hazırlanması, təsdiq edilməsi və aparılması;
4.0.12.
respublika idman federasiyalarının (assosiasiyaların) dövlət akkreditasiyasının
(tanınmasının) həyata keçirilməsi;
4.0.13.
milli yığma komandaların üzvlərinin və məşqçilərinin, bədən tərbiyəsi-idman təşkilatları
işçilərinin fəaliyyətinin dəstəklənməsi üzrə tədbirlərin hazırlanması və həyata
keçirilməsi;
4.0.14.
idman arbitrajının yaradılması və fəaliyyətinin təşkili;
4.0.15.
milli idman növlərinin inkişafının dəstəklənməsi və təbliği üzrə müxtəlif tədbirlərin
həyata keçirilməsi;
4.0.16.
bədən tərbiyəsi və idman sahəsində dövlət təhsil standartlarının qəbul edilməsi,
bədən tərbiyəsi və idman sahəsində çalışan mütəxəssislərin hazırlanması və əlavə
təhsilinin təşkili;
4.0.17.
ehtiyat idman qüvvələrinin seçilməsi və hazırlıq prosesinin vahid sisteminin
yaradılması, ehtiyat idman qüvvələrinin və yüksək dərəcəli idmançıların
hazırlanması ilə məşğul olan idman yönümlü təşkilatların, idman klublarının və
uşaq-gənclər idman müəssisələrinin fəaliyyətinin əlaqələndirilməsi və inkişaf etdirilməsi;
4.0.18.
bədən tərbiyəsi və idmanın inkişafının təmin edilməsi üçün zəruri
infrastrukturun və maddi-texniki bazanın yaradılması və inkişaf etdirilməsi;
4.0.19.
idman avadanlığı və ləvazimatları haqqında texniki reqlamentlərin işlənib
hazırlanması, bədən tərbiyəsi və idman sənayesinin yaradılması və inkişaf
etdirilməsi;
4.0.20.
milli yığma komandaların elmi-metodoloji, tibbi-bioloji, tibbi və antidopinq təchizatı,
həmçinin idman növləri üzrə elmi kompleks qrupların formalaşdırılması və
onların fəaliyyətinin əlaqələndirilməsi;
4.0.21.
bədən tərbiyəsi və idmanın inkişafı üzrə Milli strategiya və Dövlət
proqramlarının həyata keçirilməsində iştirak edən müvafiq bədən tərbiyəsi və
idman yönümlü təşkilatlarla müqavilələrin bağlanması, fəaliyyətin təşkili və
maliyyələşdirilməsi;
4.0.22.
bədən tərbiyəsi və idman sahəsində beynəlxalq əməkdaşlıq üzrə müqavilələrin
bağlanması və müqavilə öhdəliklərinin yerinə yetirilməsinin təmin edilməsi;
4.0.23.
respublika nümayəndə heyətlərinin xarici dövlətlərdə idmanla bağlı keçirilən tədbirlərdə
iştirakının təmin edilməsi;
4.0.24.
ölkə ərazisində fəaliyyət göstərən tabeçiliyindən və mülkiyyət formasından
asılı olmayaraq bütün bədən tərbiyəsi və idman yönümlü təşkilatlardan, müxtəlif
tipli idman məktəblərindən il ərzindəki fəaliyyətlərinin yekunları haqqında
müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş formalara uyğun
statistik hesabatların toplanılması, ümumiləşdirilməsi, müvafiq icra hakimiyyəti
orqanına təqdim edilməsi, təhlilinin aparılması və monitorinqlərin keçirilməsi;
4.0.25.
bədən tərbiyəsi və idmanın, sağlam həyat tərzinin təbliğinin həyata keçirilməsi;
4.0.26.
bədən tərbiyəsi və idman sahəsində informasiya təminatının Vahid dövlət
sisteminin işlənib hazırlanması;
4.0.27.
bədən tərbiyəsi və idman sahəsinin elmi-metodoloji təminatı, bu sahə üzrə elmi,
tədris və elmi-populyar ədəbiyyatın nəşrinin təşkili;
4.0.28.
idman obyektlərinin tikintisinin təşkili, fəaliyyət göstərən idman obyektlərinin
bərpası və işlək vəziyyətdə saxlanılması;
4.0.29.
hərbi qulluqçuların və xüsusi xidmət keçən şəxslərin hərbi-tətbiqi və xidməti-tətbiqi
idman növləri üzrə hazırlığının təşkili;
4.0.30.
bütün növ idman məktəbləri və olimpiya ehtiyatı məktəbləri üçün müxtəlif idman
növləri üzrə tədris proqramlarının işlənib hazırlanması və təsdiqi;
4.0.31.
əhalinin müxtəlif kateqoriya və qrupları üçün bədən tərbiyəsi və idman
proqramlarının və nümunəvi tədris planlarının işlənib hazırlanması və təsdiqi;
4.0.32.
bədən tərbiyəsi və idman hərəkatının veteranlarına diqqət və qayğının göstərilməsi;
4.0.33.
bədən tərbiyəsi və idman sahəsində idarəetmənin və sahələrarası əlaqələndirmənin
həyata keçirilməsi;
4.0.34.
kütləvi və peşəkar idmanın, yüksək nailiyyətlər idmanının inkişafının dəstəklənməsi;
4.0.35.
beynəlxalq yarışlarda yüksək nəticələr göstərən idmançılar hazırlayan idman təşkilatlarının
fəaliyyətlərinin stimullaşdırılması;
4.0.36.
bədən tərbiyəsi və idman sahəsində sponsorluq və xeyriyyəçilik fəaliyyətlərinin
dəstəklənməsi;
4.0.37.
beynəlxalq yarışlarda yüksək nailiyyətlər qazanmış idmançılar və onların məşqçiləri
(o cümlədən idmançının yetişdirilməsində böyük rolu olan əvvəlki məşqçiləri)
üçün qanunvericiliklə müəyyən edilmiş qaydalara uyğun olaraq xüsusi
mükafatların təyin edilməsi;
4.0.38.
milli yığma komandaların təlim-məşq prosesinin keçirildiyi idman bazalarının və
obyektlərinin saxlanılması, təchizatı və inkişafının təmin edilməsi;
4.0.39.
idman yönümlü təşkilatların, o cümlədən bütün tipli uşaq-gənclər idman məktəblərinin,
yaşayış yerləri üzrə məhəlli uşaq-idman klublarının, uşaq-idman şəhərciklərinin,
idman-sağlamlıq düşərgələrinin, tibbi-bədən tərbiyəsi dispanserlərinin, idman
obyektləri və bazalarının əhalinin demoqrafik inkişafına uyğun sayda
artırılması və maddi-texniki bazalarının möhkəmləndirilməsi;
4.0.40.
bədən tərbiyəsi və idman sahəsində elmi-tədqiqat işlərinin aparılmasının təşkili,
elmi-texniki siyasətin formalaşdırılması və həyata keçirilməsi.
4.0.41.
idman yarışlarının manipulyasiyasına qarşı tədbirlərin görülməsi və belə
halların qarşısının alınması.
Maddə 5. Bədən tərbiyəsi
və idman sahəsində bələdiyyələrin səlahiyyətləri
5.0.
Bədən tərbiyəsi və idman sahəsində bələdiyyələrin səlahiyyətləri
aşağıdakılardır:
5.0.1.
yerli şərait və imkanlar nəzərə alınmaqla, bədən tərbiyəsi və idmanın
inkişafının istiqamətlərinin müəyyən edilməsi, bədən tərbiyəsi və idmanın
inkişafı üzrə yerli proqramların hazırlanması və həyata keçirilməsi;
5.0.2.
bədən tərbiyəsi və idmanın kütləvi inkişafı, bədən tərbiyəsi-sağlamlıq və idman
tədbirlərinin keçirilməsinin təmin edilməsi ilə bağlı yerli əhəmiyyətli məsələlərin
həllində bilavasitə iştirak edilməsi;
5.0.3.
əhalinin bütün qrupları arasında bədən tərbiyəsi və idmanın təbliğinin və
maarifləndirmə işlərinin aparılması;
5.0.4.
bədən tərbiyəsi-sağlamlıq tədbirlərinin və idman yarışlarının, həmçinin vətəndaşların
iş və yaşayış yeri üzrə kütləvi bədən tərbiyəsi-sağlamlıq və idman tədbirlərinin
təşkili;
5.0.5.
bələdiyyələrin bədən tərbiyəsi-sağlamlıq və idman tədbirlərinin təqvim
planlarının təsdiqi və icrası;
5.0.6.
bələdiyyələrin bədən tərbiyəsi-sağlamlıq və idman tədbirlərinin tibbi təminatının
təşkili;
5.0.7.
bələdiyyələrin bədən tərbiyəsi-sağlamlıq və idman tədbirlərinin keçirilməsi
zamanı ictimai asayişin və ictimai təhlükəsizliyin təmin olunmasında iştirak
edilməsi;
5.0.8.
bələdiyyələrin yığma idman komandalarının formalaşdırılması qaydalarının təsdiqi,
onların maddi-texniki təminatı məsələlərinin həll edilməsi;
5.0.9.
bələdiyyə ərazisində keçirilən bələdiyyələrarası, rayon, şəhər, regional,
respublika, beynəlxalq idman yarışlarının və milli yığma komandaların təlim-məşq
toplanışlarının təşkili və keçirilməsində iştirak edilməsi;
5.0.10.
bədən tərbiyəsi və idmanın inkişafına müvafiq maddi dəstək verilməsi;
5.0.11.
bələdiyyə mülkiyyətində olan idman obyektlərinin, bədən tərbiyəsi-sağlamlıq
obyektlərinin saxlanılmasının, təchizatının, təmirinin və səmərəli istifadəsinin
təmin edilməsi;
5.0.12.
bələdiyyələrin nəzdində olan bədən tərbiyəsi-idman təşkilatlarının
formalaşdırılması, yenidən təşkili və ləğvi, onların maliyyələşdirilməsi və tam
miqyaslı fəaliyyəti üçün şəraitin yaradılması;
5.0.13.
sağlamlıq imkanları məhdud uşaqlar və əlillər arasında bədən tərbiyəsi və
idmanın inkişafı üzrə tədbirlərin həyata keçirilməsi;
5.0.14.
müvafiq normativ hüquqi aktlar və proqramlar əsasında əhalinin müxtəlif
qruplarının əmək, tədris və istirahət rejiminə bədən tərbiyəsi və idmanın daxil
edilməsi;
5.0.15.
bələdiyyə ərazisində bədən tərbiyəsi və idmanın inkişafı üzrə Dövlət
proqramlarının icrasında iştirak edilməsi;
5.0.16.
bələdiyyə ərazisində yaşayan əhalinin fiziki hazırlıq səviyyəsinin
monitorinqinin keçirilməsi;
5.0.17.
bələdiyyə ərazisində fəaliyyət göstərən bədən tərbiyəsi və idman subyektlərinə
dəstək verilməsi;
5.0.18.
Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş digər səlahiyyətlərin
həyata keçirilməsi.
Maddə 6. Bədən tərbiyəsi
və idman sahəsində vətəndaşların hüquqları
6.0.
Azərbaycan Respublikasında vətəndaşların bədən tərbiyəsi və idman sahəsində
hüquqları aşağıdakılardır:
6.0.1.
bədən tərbiyəsi və idmanla, o cümlədən peşəkar idmanla məşğul olmaq;
6.0.2.
bədən tərbiyəsi və idman yönümlü birliklərdə birləşmək, idman hərəkatında və
onun idarə olunmasında iştirak etmək;
6.0.3.
təlim-məşq proseslərində və tədbirlərdə iştirak zamanı sağlamlıqlarının
qorunması məqsədi ilə tibbi xidmətlərdən istifadə etmək və tibbi nəzarətdə
olmaq;
6.0.4.
idman klubları, peşəkar idman klubları və assosiasiyalar yaratmaq, idman
obyektləri və bazaları inşa etmək, idman obyektləri və avadanlıqlarını əldə etmək,
icarəyə vermək;
6.0.5.
qanunvericilikdə müəyyən olunmuş qaydada bədən tərbiyəsi və idman sahəsində digər
fəaliyyətlə məşğul olmaq.
Maddə 7. Azərbaycan
Respublikasında yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin bədən tərbiyəsi
və idman sahəsində hüquqları
Azərbaycan
Respublikasında yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bu Qanunla Azərbaycan
Respublikasının vətəndaşları üçün bədən tərbiyəsi və idman sahəsində nəzərdə
tutulmuş bütün hüquqlara (beynəlxalq idman yarışlarında milli yığma
komandaların heyətlərində çıxış etmək hüququ istisna olmaqla) malikdirlər.
II fəsil. Bədən tərbiyəsi
və idman subyektlərinin fəaliyyətinin təşkili
Maddə 8. Bədən tərbiyəsi
və idman subyektləri
8.0.
Azərbaycan Respublikasında bədən tərbiyəsi və idman subyektləri
aşağıdakılardır:
8.0.1.
bədən tərbiyəsi və idman siyasətini həyata keçirən dövlət orqanları və bələdiyyələr;
8.0.2.
mülkiyyət formasından asılı olmayaraq bədən tərbiyəsi-idman təşkilatları, o
cümlədən respublika idman federasiyaları (assosiasiyaları), idman klubları,
respublika bədən tərbiyəsi və idman veteranları şurası, bədən tərbiyəsi və
idman sahəsində fəaliyyət göstərən elm və təhsil müəssisələri;
8.0.3.
Milli Olimpiya Komitəsi;
8.0.4.
Paralimpiya Komitəsi;
8.0.5.
Deflimpiya Komitəsi;
8.0.6.
Xüsusi Olimpiya Komitəsi;
8.0.7.
hərbi-tətbiqi və xidməti-tətbiqi idman növlərinin inkişafını həyata keçirən
dövlət orqanları;
8.0.8.
həmkarlar ittifaqları təşkilatları;
8.0.9.
idman arbitrajı;
8.0.10.
bədən tərbiyəsi ilə məşğul olan şəxslər, idmançılar və onların kollektivləri
(idman komandaları), idman hakimləri, məşqçilər, bədən tərbiyəsi və idman sahəsində
digər mütəxəssislər.
Maddə 9. Bədən tərbiyəsi-idman
təşkilatlarının fəaliyyəti
9.1.
Bədən tərbiyəsi və idmanın inkişafı üçün yaradılan və əsas məqsədləri əhalinin
sağlamlığının qorunması, möhkəmləndirilməsi, fiziki inkişafının təmin edilməsi,
ehtiyat idman qüvvələrinin və yüksək dərəcəli idmançıların hazırlanması olan,
mülkiyyət formasından asılı olmayaraq bütün müxtəlif tipli təşkilatlar,
qurumlar, cəmiyyətlər, müəssisələr, assosiasiyalar və bu yönümlü digər birliklər
bədən tərbiyəsi-idman təşkilatları hesab olunurlar.
9.2.
Bədən tərbiyəsi-idman təşkilatları Azərbaycan Respublikasının müvafiq
qanunvericiliyi ilə müəyyən olunmuş qaydada kommersiya və qeyri-kommersiya təşkilatları
statusunda yaradıla bilərlər. Kommersiya və qeyri-kommersiya bədən tərbiyəsi-idman
təşkilatlarının yaradılması, fəaliyyəti, yenidən təşkili və ləğvi müvafiq
qanunvericiliyə və bədən tərbiyəsi-idman təşkilatlarının təsis sənədlərinə
uyğun şəkildə həyata keçirilir.
9.3.
Bədən tərbiyəsi-idman təşkilatları əhalinin müxtəlif qrupları arasında bədən tərbiyəsi
və idmanın inkişafı üzrə işin təşkilində iştirak edir, təlim-məşq tədbirlərində
və idman yarışlarında iştirak edənlərin, o cümlədən idmançılar və digər
iştirakçıların sağlamlığının mühafizəsi və möhkəmləndirilməsi üçün şərait
yaradır, təlim-məşq proseslərinin tələb olunan səviyyədə təşkilini təmin edir,
həmçinin yüksək idman nəticələrinin əldə edilməsi məqsədi ilə məşqçilərə və
idmançılara köməklik göstərir.
9.4.
Bədən tərbiyəsi-idman təşkilatlarının, o cümlədən idman klublarının maliyyələşdirilməsi
ianələr verən hüquqi və fiziki şəxslər tərəfindən, eləcə də idman yarışlarının
keçirilməsindən, əhaliyə pullu idman xidmətlərindən, sahibkarlıq fəaliyyətindən,
habelə qanunvericiliklə qadağan olunmayan digər fəaliyyətlərdən əldə olunan vəsaitlər
hesabına həyata keçirilə bilər.
9.5.
Bədən tərbiyəsi-idman təşkilatları beynəlxalq idman birliklərinin üzvü ola bilər,
beynəlxalq idman birliklərinin üzvü statusuna uyğun şəkildə qanunvericiliyə
zidd olmayan hüquqlar əldə edə və vəzifələr daşıya bilərlər.
9.6.
Bədən tərbiyəsi və idman yönümlü qeyri-hökumət təşkilatları öz fəaliyyətlərində
«Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında» Azərbaycan
Respublikasının Qanununu, bu Qanunu və digər normativ hüquqi aktları rəhbər
tuturlar.
Maddə 10. Respublika
idman federasiyaları
10.1.
Respublika idman federasiyası öz statusuna görə qeyri-hökumət təşkilatıdır.
Respublika idman federasiyalarının yaradılması, fəaliyyəti, yenidən təşkili və
ləğvi bu Qanunun tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının müvafiq
qanunvericiliyinə əsasən həyata keçirilir.
10.2.
Azərbaycan Respublikasının ərazisində bir idman növü üzrə yalnız bir ictimai
birlik respublika idman federasiyası qismində akkreditasiya oluna bilər.
10.3.
İctimai birliklərə respublika idman federasiyası statusunun verilməsi üçün
onların dövlət akkreditasiyası qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən olunur. İctimai birlik Milli Olimpiya Komitəsinin rəyi nəzərə alınmaqla
müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət akkreditasiyasından keçdikdən
sonra respublika idman federasiyası statusunu alır və respublika idman
federasiyalarının dövlət reyestrinə daxil edilir.
10.4.
Olimpiya, paralimpiya, deflimpiya və xüsusi olimpiya oyunlarının proqramlarına
daxil olunmuş idman növləri üzrə respublika idman federasiyaları idmançıların
olimpiya oyunlarına hazırlığı və iştirakı prosesində Milli Olimpiya,
Paralimpiya, Deflimpiya və Xüsusi Olimpiya komitələri ilə əməkdaşlıq edirlər.
Maddə 11. Respublika
idman federasiyalarının hüquqları və vəzifələri
11.1.
Respublika idman federasiyaları aşağıdakı hüquqlara malikdir:
11.1.1.
öz səlahiyyətləri çərçivəsində bədən tərbiyəsi və idman sahəsində normativ
hüquqi aktların və idman növlərinin inkişafı proqramlarının işlənib
hazırlanmasında və həyata keçməsində iştirak etmək;
11.1.2.
müvafiq idman növü üzrə müxtəlif səviyyəli yarışların keçirilməsi sistemini təkmilləşdirmək,
ölkə ərazisində idman növü üzrə çempionatları, birincilikləri, kubok
yarışlarını və digər respublika, həmçinin beynəlxalq idman yarışlarını təşkil
etmək və keçirmək;
11.1.3.
müvafiq idman növündə məşqçilərin, hakimlərin, bədən tərbiyəsi-idman sahəsində
digər mütəxəssislərin hazırlanması, əlavə təhsili və attestasiyası üzrə
tədbirlər həyata keçirmək;
11.1.4.
idmançıların bir bədən tərbiyəsi-idman təşkilatından digərinə keçməsi məsələlərinin
təşkilində iştirak etmək;
11.1.5.
beynəlxalq idman təşkilatlarının reqlamentləri və bu Qanunun müddəaları əsasında
idman növü üzrə idman klublarının fəaliyyətinin əlaqələndirilməsində iştirak
etmək;
11.1.6.
öz səlahiyyətləri çərçivəsində xarici ölkələrin idman təşkilatları və beynəlxalq
idman təşkilatları ilə beynəlxalq əlaqələri inkişaf etdirmək və möhkəmləndirmək.
11.2.
Respublika idman federasiyaları aşağıdakı vəzifələri yerinə yetirir:
11.2.1.
idman növlərini inkişaf etdirmək və təbliğ etmək;
11.2.2.
öz səlahiyyətləri çərçivəsində milli yığma komandaları formalaşdırmaq və idman
növü üzrə beynəlxalq yarışlarda iştirakını təmin etmək;
11.2.3.
idman növü üzrə yüksək səviyyəli idmançıların hazırlığı sistemini təkmilləşdirmək;
11.2.4.
idmançıların, məşqçilərin, idman sahəsində çalışan digər mütəxəssislərin sosial
müdafiəsi üçün şəraitin yaradılmasında iştirak etmək, idman veteranlarının
qayğısına qalmaq;
11.2.5.
beynəlxalq idman federasiyaları tərəfindən təsdiq olunmuş qaydalar nəzərə
alınmaqla müvafiq idman növləri üçün qaydaları işləyib hazırlamaq;
11.2.6.
idmanda dopinq vasitələri və (və ya) üsullarından istifadəyə, eləcə də
idmanda ayrı-seçkilik və zorakılığa qarşı fəaliyyət göstərmək, mübarizə
aparmaq;
11.2.7.
müəyyən edilmiş qaydada müvafiq idman növlərinin respublika Vahid idman təsnifatına
daxil edilməsi məqsədi ilə idman növləri üçün tələblər və normalar, həmçinin
idman hakimlərinə müvafiq kateqoriyalar üzrə təsnifat tələblərini işləyib
hazırlamaq;
11.2.8.
idman yarışlarının manipulyasiyasına qarşı mübarizə aparmaq və bununla əlaqədar
normativ hüquqi aktlara uyğun olaraq müvafiq tədbirlər görmək;
11.2.9.
«İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə
haqqında» Azərbaycan Respublikasının Qanununa və milli antidopinq qurumunun
qaydalarına uyğun olaraq, idmançıya və ya onun köməkçi heyətinə sanksiya tətbiq
edildiyi halda, həmin sanksiyaların icra olunmasını təmin etmək.
11.2-1.
Respublika idman federasiyaları tərəfindən bu Qanunun 11.2.9-cu maddəsində nəzərdə
tutulan öhdəliklərin yerinə yetirilməməsi pozuntu hesab edilir və dövlət büdcəsindən
ayrılan maliyyə dəstəyinin həmin tələblər yerinə yetirilənədək kəsilməsinə səbəb
olur.
11.3.
Respublika idman federasiyaları uşaq-gənclər idmanının inkişafına, idman məktəblərinin,
olimpiya ehtiyatı məktəblərinin və olimpiya mərkəzlərinin fəaliyyətinə kömək
göstərirlər.
11.4.
Respublika idman federasiyaları sağlamlıq imkanları məhdud uşaqların və əlillərin
maraq göstərdikləri, xüsusilə paralimpiya, deflimpiya və xüsusi olimpiya
oyunlarının proqramlarına daxil edilmiş idman növlərinin ölkədə geniş inkişafı
və bu idman növləri üzrə idmançıların hazırlanması istiqamətində fəaliyyət göstərirlər.
11.5.
Respublika idman federasiyaları beynəlxalq idman təşkilatlarına üzv ola, beynəlxalq
idman təşkilatlarının üzvü statusuna uyğun şəkildə qanunvericiliyə zidd olmayan
hüquqlar əldə edə və vəzifələr daşıya bilərlər.
Maddə 12. İdman klubları
12.1.
İdman klubu təlim-məşq, yarış, bədən tərbiyəsi-sağlamlıq fəaliyyətini həyata
keçirən təşkilatdır.
12.2.
Təşkilati-hüquqi formasından asılı olmayaraq idman klubları qanunvericilikdə müəyyən
edilmiş qaydada yaradılır və nizamnamələrinə (əsasnamələrinə) uyğun fəaliyyət
göstərirlər. Hüquqi şəxs statusu olmayan idman klubu haqqında nümunəvi əsasnamə
müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunur.
12.3.
İdman klubları hüquqi və fiziki şəxslər tərəfindən yaradıla bilərlər.
12.4.
İdman klubları fəaliyyət istiqamətlərinə görə ayrı-ayrı idman növləri ilə məşğul
olan kompleks idman klublarına, həvəskar, peşəkar və digər istiqamətli idman
klublarına bölünürlər.
12.5.
İdman klubları istehsalat, təhsil və tibb müəssisələri, həmkarlar ittifaqları,
bələdiyyələr, eləcə də digər qurumlarla əlaqələr yarada bilərlər.
12.6.
İdman klubları ilk növbədə uşaq-gənclər idmanı sahəsində təlim-məşq prosesinin
və idman yarışlarının təşkili üçün imkanlar yaradır, klubların üzvləri arasında
vətəndaşlıq və mənəvi-əxlaqi keyfiyyətlərin formalaşdırılması üzrə məqsədyönlü
iş aparır, fəaliyyətlərini bədən tərbiyəsi və idman sahəsində dövlətin siyasətinə
uyğun qururlar.
12.7.
Dövlət orqanları və bələdiyyələr idman klublarının yaradılmasına, fəaliyyətlərinin
təşkilinə və iş şəraitinin yaxşılaşdırılmasına aşağıdakıların həyata keçirilməsi
yolu ilə kömək göstərirlər:
12.7.1.
idman qurğularının və digər idman obyektlərinin tikintisi, bərpası, təmir edilməsi;
12.7.2.
dövlət və bələdiyyə mülkiyyətində olan binaların, qurğuların əvəzsiz istifadəyə
və ya güzəştli şərtlərlə uzunmüddətli icarəyə verilməsi;
12.7.3.
idman ləvazimatı və avadanlığı ilə təmin edilməsi;
12.7.4.
qanunvericilikdə müəyyən olunmuş qaydada digər dəstəklərin göstərilməsi.
12.8.
İdman klublarının səlahiyyətlərinə aşağıdakılar aiddir:
12.8.1.
ölkədə tanınmış müxtəlif idman növləri üzrə idman məktəblərinin, idman bölmələrinin,
həvəskar və peşəkar komandalarının yaradılması;
12.8.2.
Vahid idman təsnifatının tələblərinə əsasən müəyyən edilmiş qaydada öz səlahiyyətləri
çərçivəsində idman dərəcələrinin verilməsi;
12.8.3.
əhaliyə bədən tərbiyəsi-sağlamlıq və idman xidmətlərinin göstərilməsi;
12.8.4.
müəyyən edilmiş qaydada idmançıların bir idman təşkilatından digərinə keçməsində
iştirak edilməsi;
12.8.5.
klubun nizamnaməsinə (əsasnaməsinə) və qanunvericiliyə əsasən digər fəaliyyətin
həyata keçirilməsi.
12.9.
İdman klublarının fəaliyyəti qanunvericiliklə qadağan olunmayan mənbələr
hesabına maliyyələşdirilir.
Maddə 13. Bədən tərbiyəsi
və idmanın təşviqi və təbliği
13.1.
Müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr, bədən tərbiyəsi və idman
yönümlü təşkilatlar əhalinin müxtəlif qruplarının yaş, peşə və sosial xüsusiyyətlərini
nəzərə almaqla, bədən tərbiyəsi və idmanın təbliği forma və metodlarını müəyyən
edirlər, kütləvi informasiya vasitələrində bədən tərbiyəsi və idmanın sosial əhəmiyyətinin,
əhalinin sağlamlığının möhkəmləndirilməsi və fiziki inkişafında, sağlam həyat tərzinin
formalaşdırılmasındakı rolunun açıqlanmasını təmin etməlidirlər.
13.2.
İdman obyektlərində, eləcə də bədən tərbiyəsi-sağlamlıq tədbirləri və
yarışlarının keçirildiyi digər yerlərdə reklamın yerləşdirilməsi və yayımı
qaydası, habelə idman mərc oyunlarının reklamına dair tələblər «Reklam
haqqında» Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
III fəsil. Olimpiya hərəkatı
Maddə 14. Milli olimpiya
hərəkatı
14.1.
Milli olimpiya hərəkatı olimpiya hərəkatı prinsiplərinin təbliği və geniş
yayılması, bədən tərbiyəsi və idmanın inkişafına dəstəyin göstərilməsi, beynəlxalq
idman əməkdaşlığının gücləndirilməsi, olimpiya oyunlarında və Beynəlxalq
Olimpiya Komitəsinin hamiliyi (rəhbərliyi) altında keçirilən digər beynəlxalq
idman tədbirlərində iştirak etmək məqsədlərinə xidmət edən beynəlxalq olimpiya
hərəkatının tərkib hissəsidir.
14.2.
Milli olimpiya hərəkatına öz fəaliyyətini Azərbaycan Respublikasının
qanunvericiliyi, Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Xartiyası, Beynəlxalq
Olimpiya Komitəsi tərəfindən tanınma və öz nizamnaməsi əsasında həyata keçirən
Milli Olimpiya Komitəsi rəhbərlik edir.
14.3.
Dövlət Milli olimpiya hərəkatını tanıyır və dəstəkləyir, Milli Olimpiya Komitəsinə
onun nizamnamə məqsədlərinin həyata keçirilməsində hərtərəfli kömək göstərir.
Maddə 15. Milli Olimpiya
Komitəsi
15.1.
Milli Olimpiya Komitəsi ölkə ərazisində olimpiya hərəkatına aid olan məsələlərin
həllində səlahiyyətli olan, Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya
Xartiyasına, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq fəaliyyət
göstərən müstəqil ictimai birlikdir.
15.2.
Milli Olimpiya Komitəsi aşağıdakıları həyata keçirir:
15.2.1.
ölkədə olimpiya hərəkatı prinsiplərini təbliğ edir, yüksək nailiyyətlər
idmanının və kütləvi idmanın inkişafına dəstək göstərir;
15.2.2.
Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Xartiyasına müvafiq olaraq olimpiya
oyunlarında və Beynəlxalq Olimpiya Komitəsinin hamiliyi (rəhbərliyi) altında
keçirilən digər beynəlxalq idman tədbirlərində dövləti təmsil edir;
15.2.3.
Milli Olimpiya Komitəsinin nümayəndə heyətinin tərkibini təsdiq edir və onun
olimpiya oyunlarında və Beynəlxalq Olimpiya Komitəsinin hamiliyi (rəhbərliyi)
altında keçirilən digər beynəlxalq idman tədbirlərində iştirakını təmin edir;
15.2.4.
olimpiya oyunlarında və Beynəlxalq Olimpiya Komitəsinin hamiliyi (rəhbərliyi)
altında keçirilən digər beynəlxalq idman tədbirlərində iştirak edən nümayəndə
heyətlərinin üzvlərinin geyimlə təchizatını, yol, yataq, yemək və digər xərclərinin
ödənilməsini təmin edir;
15.2.5.
Milli Olimpiya Komitəsinin nümayəndə heyəti üzvlərinin rəsmi idman forması və
geyimlərinin eskizlərini təsdiq edir;
15.2.6.
ölkə idmançılarının olimpiya oyunlarında və Beynəlxalq Olimpiya Komitəsinin
hamiliyi (rəhbərliyi) altında keçirilən digər beynəlxalq idman tədbirlərində
iştirakı üçün zəruri hazırlıq səviyyəsinin təmin edilməsinə yönəlmiş tədbirlərin
işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak edir;
15.2.7.
ölkədə olimpiya oyunlarının keçirilməsi üçün Beynəlxalq Olimpiya Komitəsinə
müraciət etmək hüququ olan şəhəri müəyyən edir.
15.3.
Milli Olimpiya Komitəsi tərəfindən bu Qanunun 15.2.1-ci və 15.2.6-cı maddələri
ilə nəzərdə tutulmuş məsələlərin həlli müvafiq icra hakimiyyəti orqanı və müxtəlif
respublika idman federasiyaları ilə qarşılıqlı əlaqə və əməkdaşlıq şəraitində həyata
keçirilir.
15.4.
Milli Olimpiya Komitəsi öz adından və rəsmi «Milli olimpiya komandası» adından
istifadə etməkdə müstəsna hüquqa malikdir. Kommersiya və reklam məqsədləri ilə
bu adlardan və ya onlardan yaranmış sözlərdən və söz birləşmələrindən istifadə
edilməsinə yalnız Milli Olimpiya Komitəsi ilə yazılı şəkildə bağlanmış müqavilə
əsasında icazə verilir. Bu adlar və ya onlardan yaranmış sözlər və söz birləşmələrindən
informasiya təminatı məqsədləri ilə və ya kütləvi informasiya vasitələrində
olimpiya oyunlarının və Beynəlxalq Olimpiya Komitəsinin hamiliyi (rəhbərliyi)
altında keçirilən digər beynəlxalq idman tədbirlərinin işıqlandırılması
hüququnun əldə edilməsi halları istisna təşkil edir.
15.5.
Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Xartiyasına müvafiq olaraq Milli
Olimpiya Komitəsi ölkə ərazisində Beynəlxalq Olimpiya Komitəsinə məxsus
olimpiya simvollarından, şüarlarından, bayraq və himndən, «Olimpiya oyunları»
adından istifadəyə dair hüquqların qorunması üzrə tədbirlər həyata keçirir.
Milli Olimpiya Komitəsi özünün emblemi, şüarı, bayrağı və digər milli olimpiya
simvolları üzərində müstəsna hüquqa malikdir.
15.6.
Milli Olimpiya Komitəsi bədən tərbiyəsi və idmanın inkişafına dair nizamnamə məqsədləri
və proqramlarının icrasını öz maliyyə mənbələri hesabına, o cümlədən hüquqi və
fiziki şəxslərin ianələri, habelə qanunvericilikdə müəyyən edilmiş qaydada
ayrılan dövlət büdcəsinin vəsaitləri hesabına həyata keçirir.
15.7.
Milli yığma komandaların olimpiya oyunlarında çıxışları Dövlət bayrağı altında
həyata keçirilir.
Maddə 16. Paralimpiya,
deflimpiya, xüsusi olimpiya hərəkatları. Paralimpiya Komitəsi, Deflimpiya Komitəsi,
Xüsusi Olimpiya Komitəsi
16.1.
Ölkədə paralimpiya, deflimpiya, xüsusi olimpiya hərəkatları müvafiq olaraq beynəlxalq
paralimpiya, beynəlxalq deflimpiya və beynəlxalq xüsusi olimpiya hərəkatlarının
tərkib hissələri olub, məqsədləri sağlamlıq imkanları məhdud uşaqların və əlillərin
bədən tərbiyəsi və idmanının inkişafına dəstək vermək, bu sahələrdə əməkdaşlığı
möhkəmləndirmək, paralimpiya, deflimpiya və xüsusi olimpiya oyunlarında iştirak
etmək və uğur qazanmaqdır.
16.2.
Paralimpiya, Deflimpiya və Xüsusi Olimpiya komitələri öz fəaliyyətlərini
qeyri-hökumət təşkilatları haqqında qanunvericilik, müvafiq beynəlxalq idman təşkilatlarının
nizamnamələri və beynəlxalq idman təşkilatları tərəfindən tanınma əsasında, həmçinin
öz nizamnamələrinə uyğun qururlar.
16.3.
Paralimpiya, Deflimpiya və Xüsusi Olimpiya komitələri milli yığma komandaları
müvafiq olaraq paralimpiya, deflimpiya və xüsusi olimpiya oyunlarında, Beynəlxalq
Paralimpiya Komitəsinin, Beynəlxalq Deflimpiya, Beynəlxalq Xüsusi Olimpiya təşkilatlarının
hamiliyi (rəhbərliyi) altında keçirilən digər beynəlxalq idman tədbirlərində təmsil
edirlər.
16.4.
Paralimpiya, Deflimpiya və Xüsusi Olimpiya komitələri bədən tərbiyəsi və
idmanın inkişafına dair nizamnamə məqsədləri və proqramlarının icrasını öz vəsaitləri
hesabına, hüquqi və fiziki şəxslərin ianələri, habelə qanunvericiliklə qadağan
edilməyən digər vəsaitlər hesabına həyata keçirirlər.
16.5.
Paralimpiya, Deflimpiya və Xüsusi Olimpiya komitələri öz fəaliyyətlərində
müvafiq beynəlxalq təşkilatların qaydalarını və Azərbaycan Respublikasının
qanunvericiliyini rəhbər tutan, ölkədə paralimpiya, deflimpiya və xüsusi
olimpiya hərəkatlarına aid məsələlərin həllini həyata keçirən ictimai birliklərdir.
16.6.
Paralimpiya, Deflimpiya və Xüsusi Olimpiya komitələri aşağıdakıları həyata
keçirirlər:
16.6.1.
Beynəlxalq Paralimpiya Komitəsinin, Deflimpiya və Xüsusi Olimpiya təşkilatlarının
hamiliyi (rəhbərliyi) altında keçirilən paralimpiya, deflimpiya və xüsusi
olimpiya oyunlarında və digər beynəlxalq yarışlarda ölkəni təmsil edir, bu tədbirlərdə
iştirak edən milli yığma komandaları formalaşdırır, onların hazırlığını və
texniki təchizatını təmin edir;
16.6.2.
sağlamlıq imkanları məhdud uşaqları və əlilləri bədən tərbiyəsi və idmanla məşğul
olmağa cəlb edir, onların reabilitasiyası və cəmiyyətə inteqrasiyası məsələlərinin
həlli ilə məşğul olan strukturlar (şöbələr, filiallar, adaptiv idman məktəbləri
və sair) yaradır;
16.6.3.
paralimpiya, deflimpiya və xüsusi olimpiya idman növlərinin yerlərdə
inkişafının təmin edilməsi üçün dövlət orqanlarının və bələdiyyələrin xüsusi
idman obyektləri və bazalarının inşa edilməsi, mövcud idman obyektlərində şərait
və imkanların yaradılması tədbirlərinin hazırlanmasında və icrasında iştirak
edir;
16.6.4.
ölkə ərazisində qəbul olunan və inkişaf etdirilən paralimpiya, deflimpiya və
xüsusi olimpiya idman növlərinin idman təsnifatını, şərtlərini və ardıcıllığını
müəyyən edir və təsdiq olunması üçün müvafiq icra hakimiyyəti orqanına təqdim
edir;
16.6.5.
beynəlxalq əməkdaşlıq sahəsində Azərbaycan Respublikasının qanunvericiliyinə
uyğun olaraq müvafiq beynəlxalq qurumlarla, o cümlədən Beynəlxalq Paralimpiya
Komitəsi, Deflimpiya və Xüsusi Olimpiya təşkilatları ilə müqavilələr bağlayır,
xarici dövlətlərin Paralimpiya Komitəsi, Deflimpiya və Xüsusi Olimpiya təşkilatları
ilə əlaqələr yaradır, əməkdaşlıq edir, ölkədə keçirilən tədbirlərə onları dəvət
edir, xarici ölkələrdə təşkil edilən idman tədbirlərində iştirak edir.
16.7.
Paralimpiya, deflimpiya, xüsusi olimpiya idman növləri üzrə respublika
yarışları təqvim planına uyğun, yarışın əsasnaməsi, qaydaları və iştirakçıların
funksional imkanları çərçivəsində tibbi tələblər təsnifatı nəzərə alınmaqla təşkil
olunur və keçirilir.
16.8.
Paralimpiya, deflimpiya, xüsusi olimpiya idman növləri üzrə respublika və beynəlxalq
miqyaslı yarışlarda iştirak zamanı idmançılar Paralimpiya, Deflimpiya və Xüsusi
Olimpiya komitələri tərəfindən bu Qanunun 60.1-ci maddəsinə uyğun olaraq icbari
qaydada sığorta edilir.
IV fəsil. Təhsil və səhiyyə
sistemində, vətəndaşların iş, yaşayış və istirahət yerlərində bədən tərbiyəsi və
idmanın təşkili
Maddə 17. Təhsil müəssisələrində
bədən tərbiyəsi və idman
17.1.
Məktəbəqədər yaşlı uşaqların, şagirdlərin və tələbələrin sağlamlığını qorumaq və
möhkəmləndirmək, onlarda fiziki kamilliyə və sağlam həyat tərzinə tələbatı
formalaşdırmaq təhsil müəssisələrinin əsas vəzifələrindəndir.
17.2.
Təhsil müəssisələri bədən tərbiyəsi ilə məşğul olma formalarını, bədən tərbiyəsi
vasitələrini, idman və hərəkət fəallığı növlərini dövlət təhsil standartları və
fiziki hazırlıq normativləri əsasında yerli şəraiti və təhsil alanların
maraqlarını nəzərə almaqla müəyyən edirlər.
17.3.
Təhsil müəssisələrində bədən tərbiyəsi dərsləri müasir tələblərə müvafiq surətdə,
təhsil alan uşaq və gənclərin maraqları, yaşı və sağlamlıq səviyyələri nəzərə
alınmaqla təşkil edilməlidir.
17.4.
Təhsil müəssisələrində bədən tərbiyəsi dərslərinin metodoloji və maddi-texniki
bazası müntəzəm olaraq inkişaf etdirilməli, təkmilləşdirilməli və möhkəmləndirilməlidir.
17.5.
Təhsil müəssisələrində bədən tərbiyəsi və təhsilin təşkili aşağıdakıları əhatə
edir:
17.5.1.
əsas təhsil proqramları çərçivəsində dövlət təhsil standartları ilə müəyyən
edilmiş həcmdə bədən tərbiyəsi üzrə məcburi dərslərin, həmçinin əlavə təhsil
proqramları çərçivəsində əlavə (fakültativ) bədən tərbiyəsi və idman məşğələlərinin
keçirilməsini;
17.5.2.
təhsil alanlarla kompleks bədən tərbiyəsi-sağlamlıq və idman tədbirlərinin
keçirilməsi üçün müvafiq şəraitin yaradılmasını, o cümlədən idman avadanlığı və
alətləri ilə təchiz edilməsini;
17.5.3.
fərdi xüsusiyyətləri və sağlamlığı nəzərə alınmaqla, təhsil alan şəxslərdə bədən
tərbiyəsi vərdişlərinin formalaşdırılması, onların bədən tərbiyəsi və idmanla məşğul
olmağa cəlb edilməsi üçün tədbirlərin həyata keçirilməsini;
17.5.4.
sağlamlığında qüsuru olan təhsil alanların bədən tərbiyəsini;
17.5.5.
gündəlik rejimdə bədən tərbiyəsi-sağlamlıq tədbirlərinin həyata keçirilməsini;
17.5.6.
uşaqlarla məktəbdənkənar bədən tərbiyəsi və idman işinin aparılmasını, o cümlədən
uşaq və gənclərin asudə vaxtlarında və tətil zamanı fəal bədən tərbiyəsi və
idman məşğələlərinə cəlb edilməsini;
17.5.7.
bədən tərbiyəsinin təşkilinə tibbi nəzarətin həyata keçirilməsini;
17.5.8.
valideynlərdə uşaqların sağlamlığına və bədən tərbiyəsinə məsuliyyətli münasibətin
formalaşdırılmasını;
17.5.9.
şagirdlərin və tələbələrin fiziki hazırlığı və fiziki inkişafının illik
monitorinqinin keçirilməsini.
17.6.
Məktəbəqədər yaşlı uşaqların bədən tərbiyəsi məktəbəqədər təhsil proqramına həftədə
on saatdan az olmamaqla əyləncəli oyun xarakterli bədən tərbiyəsi dərslərinin
salınması və aparılması ilə həyata keçirilir.
17.7.
Sağlamlığında və ya fiziki inkişafında qüsuru olan (xüsusi tibbi qruplara aid
edilmiş) təhsil alan şəxslərlə ümumtəhsil, xüsusi təmayüllü, eləcə də digər təhsil
müəssisələrində məsləhət görülmüş fərdi reabilitasiya proqramı çərçivəsində məcburi
məşğələlər keçirilir.
17.8.
Müvafiq icra hakimiyyəti orqanı bədən tərbiyəsi dərslərinin və idman məşğələlərinin
yüksək səviyyədə keçirilməsini, tədris planlarına və təhsil standartlarına
uyğun olaraq çağırışaqədər yaşlı gənclərin və çağırışçıların hərbi xidmətə zəruri
fiziki hazırlığını təmin edir, təhsil alanların üzməyi öyrənməsi, müəyyən
edilmiş idman normativlərini yerinə yetirə bilməsi üçün şərait yaradır.
17.9.
Dərsdənkənar bədən tərbiyəsi və idman işlərini planlı surətdə daimi həyata
keçirmək, idman növləri üzrə bölmələrin fəaliyyətini təşkil etmək, perspektivli
gənc idmançıların hazırlanmasına kömək göstərmək, şagird və tələbələrin bədən tərbiyəsi
tədbirlərində və idman yarışlarında fəal iştirakını təmin etmək məqsədi ilə
ümumtəhsil, ilk peşə-ixtisas, orta ixtisas və ali təhsil müəssisələrinin (o
cümlədən özəl təhsil müəssisələrinin) strukturunda idman klubları yaradılır.
17.10.
Təhsil müəssisələri şagird və tələbələrin hərbi-fiziki hazırlığını hərbi
komissarlıqlar, gənclər təşkilatları, könüllü hərbi vətənpərvərlik və
texniki-idman cəmiyyətləri və digər təşkilatlarla birlikdə həyata keçirirlər.
Maddə 18. Səhiyyə
sistemində bədən tərbiyəsi və idman
18.0.
Müvafiq icra hakimiyyəti orqanı, bələdiyyələr və tibb müəssisələri öz səlahiyyətləri
daxilində:
18.0.1.
bədən tərbiyəsindən xəstəliklərin profilaktikası və müalicəsi vasitəsi kimi
istifadə edirlər;
18.0.2.
bədən tərbiyəsi və idmanla, o cümlədən idman-sağlamlıq turizmi ilə məşğul olan
şəxslər üzərində tibbi nəzarəti həyata keçirirlər, ehtiyat idman qüvvələrinin və
idman növləri üzrə müxtəlif səviyyəli milli yığma komandaların idman
yarışlarına hazırlığının tibbi təminatında iştirak edirlər;
18.0.3.
xəstəliklərin profilaktikası və müalicəsində bədən tərbiyəsinin və idmanın əsas
komponentlərindən səmərəli istifadə məsələlərini, həmçinin idman təbabəti, həkim
nəzarəti və müalicə bədən tərbiyəsi sahəsi üzrə mütəxəssislərin hazırlığını və əlavə
təhsilini təşkil edir və həyata keçirirlər;
18.0.4.
vətəndaşlarla bədən tərbiyəsi-sağlamlıq işini təmin edən sağlamlaşdırma və
reabilitasiya mərkəzləri və məntəqələri, diaqnostika-məsləhət məntəqələri və
kabinetləri, tibbi-bədən tərbiyəsi dispanserləri yaradır və onları xüsusi cihaz
və tibbi avadanlıqlarla təmin edirlər;
18.0.5.
vətəndaşların sağlamlığının möhkəmləndirilməsi və sağlam həyat tərzinin
formalaşdırılmasında bədən tərbiyəsi və idmanın imkanlarını təbliğ edirlər.
Maddə 19. Hərbi-tətbiqi və
xidməti-tətbiqi idman növlərinin inkişafı. Vətəndaşların Vətənin müdafiəsinə
hazırlanması
19.1.
Hərbi xidmət və ya başqa növ xüsusi xidmət nəzərdə tutulan müvafiq icra
hakimiyyəti orqanlarında hərbi qulluqçuların və xüsusi xidmət keçən şəxslərin
fiziki hazırlığı onların öz xidməti vəzifələrinin müvəffəqiyyətlə həyata
keçirilməsini təmin edir.
19.2.
Hərbi qulluqçuların və xüsusi xidmət keçən şəxslərin idmanla daimi məşğul
olmağa cəlb edilməsi üçün müvafiq icra hakimiyyəti orqanları yanında hərbi-tətbiqi
və xidməti-tətbiqi idman növlərinin inkişafını və idmançıların hazırlanmasını həyata
keçirən təşkilatlar, idman klubları yaradılır və fəaliyyət göstərirlər.
19.3.
Bu Qanunun 19.2-ci maddəsində qeyd olunan təşkilatlar müvafiq idman obyektlərində
hərbi qulluqçuların və xüsusi xidmət keçən şəxslərin idmanla məşğul olmaları
üçün şərait yaradır, idman növləri üzrə bölmələrin təlim-məşq prosesini təşkil
edir, idmançıların respublika və beynəlxalq idman tədbirlərində (yarışlarında)
iştirakını təmin edir, bədən tərbiyəsi və idman sahəsində məşqçilərin və digər
mütəxəssislərin əlavə təhsili üzrə tədbirlər həyata keçirirlər.
19.4.
Hərbi qulluqçuların və xüsusi xidmət keçən şəxslərin müxtəlif yaş qrupları üzrə
fiziki hazırlığının təmin edilməsi məqsədi ilə müvafiq normativlər (hərbi idman
kompleksi) tətbiq olunur. Hərbi idman kompleksinin normativləri üzrə testlər hər
il hərbi qulluqçuların və xüsusi xidmət keçən şəxslər arasında məcburi formada
keçirilir.
19.5.
Müvafiq icra hakimiyyəti orqanları respublika idman tədbirlərində və beynəlxalq
idman yarışlarında iştirak etmək üçün müvafiq hərbi-tətbiqi və xidməti-tətbiqi
idman növləri üzrə milli yığma komandaları formalaşdırır.
19.6.
Hərbi-tətbiqi və xidməti-tətbiqi idman növlərinin inkişafı proqramları, bədən tərbiyəsi
və idman tədbirlərinin təqvim planları, hərbi idman kompleksinin normativləri
müvafiq icra hakimiyyəti orqanları tərəfindən təsdiq edilir.
19.7.
Çağırışaqədər yaşlı gənclərin və çağırışçıların fiziki hazırlığı proqramları,
bu hazırlığın təmin edilməsinə yönəlmiş idman növlərinin siyahısı müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Vətəndaşların Vətənin müdafiəsinə
fiziki hazırlığının təmin olunması müvafiq icra hakimiyyəti orqanı ilə bədən tərbiyəsi-idman
təşkilatları arasında bağlanan müqavilələr əsasında həyata keçirilə bilər.
19.8.
Hərbi-tətbiqi və xidməti-tətbiqi idman növlərinin siyahısı müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.
Maddə 20. Vətəndaşların
iş, yaşayış və istirahət yerlərində bədən tərbiyəsi və idmanın təşkili
20.1.
Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq mülkiyyət və təşkilati-hüquqi
formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatların rəhbərlikləri
tabeliklərində olan işçilər üçün bədən tərbiyəsi və idman sahəsində aşağıdakı tədbirləri
həyata keçirirlər:
20.1.1.
işçilərə bədən tərbiyəsi və idmanla, o cümlədən iş rejimi şəraitində və işdən
sonrakı reabilitasiya və peşəkar-tətbiqi məşqlərlə, idman-sağlamlıq turizmi ilə
məşğul ola bilmələri üçün şərait yaratmaq, bu məsələlər üzrə müvafiq şərtləri
kollektiv müqaviləyə və əmək müqaviləsinə daxil etmək;
20.1.2.
işçilərə və onların ailə üzvlərinə bədən tərbiyəsi və idmanla məşğul olmaq üçün
balansında olan idman obyektləri və bazalarını təmənnasız təqdim etmək, bu
idman obyektləri və bazaların saxlanılmasını, əsaslı və cari təmirini həyata
keçirmək;
20.1.3.
işçilərin idman klublarında birləşməsinə, bədən tərbiyəsi və idmanın inkişafı məqsədilə
digər struktur bölmələrinin yaradılmasına dəstək olmaq.
20.2.
Sanatoriya-kurort müəssisələrinin, istirahət evlərinin və turist bazalarının rəhbərləri
sağlamlığın möhkəmləndirilməsi, xəstəliklərin profilaktikası və müalicəsi məqsədilə
müalicə prosesində bədən tərbiyəsi və idmanın müxtəlif komponentlərindən
istifadə üçün şərait yaradırlar.
20.3.
Müvafiq icra hakimiyyəti orqanları və bələdiyyələr öz səlahiyyətləri daxilində
vətəndaşların yaşayış və istirahət yerlərində (yaşayış massivlərində, məhəllələrdə,
yataqxanalarda, həyətlərdə, parklarda, şəhərkənarı istirahət və turist
bazalarında, digər istirahət yerlərində) bədən tərbiyəsi və idmanın inkişafı
üçün şərait yaradır, bu sahədə maraqlı olan təşkilatların fəaliyyətlərini əlaqələndirir.
20.4.
Əhalinin yaşayış və istirahət yerləri üzrə bədən tərbiyəsi və idmanın inkişafı
aşağıdakı məsələlərin həllini əhatə edir:
20.4.1.
bu Qanuna uyğun olaraq idman klubları, idman məktəbləri, digər bədən tərbiyəsi-idman
təşkilatları və idman obyektləri şəbəkələrinin yaradılmasını;
20.4.2.
əhalinin yaşayış yerləri üzrə bədən tərbiyəsi və idman tədbirlərinin Vahid təqvim
planının işlənib hazırlanması və yerinə yetirilməsini;
20.4.3.
yaşayış massivlərinin layihələndirilməsi tapşırıqlarına bədən tərbiyəsi və
idmanla məşğul olmaq üçün obyektlərin, o cümlədən idman şəhərciklərinin,
zalların, hovuzların, həyətlərdə, parklarda və digər istirahət sahələrində sadə
idman meydançalarının, sağlamlıq zonalarının və digər bədən tərbiyəsi-sağlamlıq
və idman obyektlərinin daxil edilməsini.
20.5.
Yaşayış və kütləvi istirahət yerlərində əhalinin bədən tərbiyəsi və idmanla məşğul
olması üçün tələb olunan şəraitin yaradılması, vətəndaşların asudə vaxtlarının
səmərəli təşkili müvafiq icra hakimiyyəti orqanları və bələdiyyələr tərəfindən
maliyyələşdirilir.
Maddə 21. Cəzaçəkmə müəssisələrində
bədən tərbiyəsi və idman
21.1.
Cəzaçəkmə müəssisələrinin rəhbərliyi azadlıqdan məhrum edilmiş şəxslərin bədən
tərbiyəsi və idmanla məşğul olması üçün şəraiti təmin edir və idman tədbirlərinin
keçirilməsini təşkil edir.
21.2.
Cəzaçəkmə müəssisələrinin gün bölgüsündə fiziki məşqlər, o cümlədən səhər
gimnastikası və gündə bir saatdan az olmayaraq idmanla məşğul olma nəzərdə
tutulur.
21.3.
Cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslər müəyyən edilmiş normativlərdən əlavə
bədən tərbiyəsi və idmanla məşğul olmaq üçün öz vəsaitləri hesabına idman
geyimi və alətləri əldə etmək hüququna malikdirlər.
Maddə 22. Sağlamlıq
imkanları məhdud uşaqların və əlillərin adaptiv bədən tərbiyəsi, fiziki
reabilitasiyası
22.1.
Sağlamlıq imkanları məhdud uşaqlar və əlillər arasında bədən tərbiyəsi və
idmanın inkişafı onların reabilitasiyasına xidmət edir.
22.2.
Müvafiq icra hakimiyyəti orqanları və bələdiyyələr Azərbaycan Respublikasının
qanunvericiliyinə uyğun olaraq sağlamlıq imkanları məhdud uşaqların və əlillərin
bədən tərbiyəsi və idmanla məşğul ola bilmələri üçün şərait yaradır, xüsusi
avadanlıq və ləvazimatların alınmasında köməklik göstərir, onların bədən tərbiyəsi
və idman sisteminə inteqrasiyasına dəstək olurlar.
22.3.
Sağlamlıq imkanları məhdud uşaqların və əlillərin bədən tərbiyəsi və idman
vasitəsilə reabilitasiya prosesinin təşkili və aparılması üçün xüsusi kadr
hazırlığını, elmi-metodiki və tibbi təminatını, həkim nəzarətini müvafiq icra
hakimiyyəti orqanları həyata keçirirlər.
22.4.
Adaptiv bədən tərbiyəsi və adaptiv idman metodlarından istifadə etməklə
sağlamlıq imkanları məhdud uşaqların və əlillərin fiziki reabilitasiyası və
sosial adaptasiyası reabilitasiya mərkəzlərində, əlillərin bədən tərbiyəsi-idman
klublarında, eləcə də digər bədən tərbiyəsi-idman təşkilatlarında həyata
keçirilir.
22.5.
Sağlamlıq imkanları məhdud uşaqlar və əlillər üçün idmanın inkişafı idmanla məşğul
olmanın üstünlüyü, yayılmasının kütləviliyi və müəssərliyi prinsiplərinə əsaslanır.
22.6.
Müvafiq təhsil müəssisələrində sağlamlıq imkanları məhdud uşaqlar və əlillər
üçün onların fərdi qabiliyyətləri və sağlamlıqlarının vəziyyəti nəzərə
alınmaqla, adaptiv bədən tərbiyəsi və adaptiv idman vasitələrindən istifadə etməklə
xüsusi dərslər təşkil olunur.
22.7.
Müvafiq icra hakimiyyəti orqanları və bələdiyyələr, bədən tərbiyəsi-idman təşkilatları,
o cümlədən əlillərin bədən tərbiyəsi-idman birlikləri sağlamlıq imkanları məhdud
uşaqların və əlillərin iştirakı ilə bədən tərbiyəsi-idman və bədən tərbiyəsi-sağlamlıq
tədbirlərinin keçirilməsini təşkil edir, uşaq-gənclər idman-adaptiv məktəbləri,
uşaq-gənclər adaptiv fiziki hazırlıq klubları yaradırlar.
22.8.
Paralimpiya, Deflimpiya, Xüsusi Olimpiya komitələri, onların yerli şöbələri,
idman klubları qanunvericiliyə uyğun olaraq yerləşdikləri dövlət mülkiyyətində
olan binalardan və digər obyektlərdən pulsuz istifadə edirlər.
V fəsil. Uşaq-gənclər
idmanı
Maddə 23. Uşaq-gənclər
idmanı sahəsində fəaliyyətin təşkili
23.1.
Uşaq-gənclər idmanı uşaq və gənclərin sağlam həyat tərzinin təmin edilməsi,
sağlamlığının möhkəmləndirilməsi, şəxsiyyətin inkişafı, fasiləsiz təhsil
sisteminin təmin edilməsi və milli yığma komandalara ehtiyat idman qüvvələrinin
hazırlanması məqsədini daşıyır.
23.2.
Azərbaycan Respublikasında uşaq-gənclər idmanının təşkili və inkişafı ilə
aşağıdakılar məşğul olurlar:
23.2.1.
müvafiq icra hakimiyyəti orqanları;
23.2.2.
bələdiyyələr;
23.2.3.
təhsil müəssisələri, o cümlədən bədən tərbiyəsi və idman sahəsində məktəbdənkənar
təhsil müəssisələri, uşaq-gənclər idmanı sahəsində çalışan məşqçilər;
23.2.4.
uşaq və gənclərlə idman-təhsil işlərini həyata keçirən bədən tərbiyəsi və idman
yönümlü təşkilatlar, bədən tərbiyəsi-sağlamlıq və idman birlikləri, uşaq-gənclər
idmanının inkişafına kömək edən qeyri-hökumət təşkilatları.
Maddə 24. Uşaq və gənclərin
bədən tərbiyəsi sistemi
24.1.
Uşaq və gənclərin bədən tərbiyəsi sistemi uşaqlar və gənclər arasında təlim-tədris
prosesini, kütləvi idman tədbirlərinin keçirilməsini, idman məşğələlərində,
yarışlarda, o cümlədən beynəlxalq yarışlarda onların iştirakını nəzərdə tutur.
24.2.
Ümumtəhsil, ilk peşə-ixtisas, orta ixtisas və ali təhsil müəssisələrinin tədris
proqramlarına sağlamlığın möhkəmləndirilməsi, fiziki inkişaf, hərəkət fəallığına
tələbatın ödənilməsi, habelə uşaq və gənclərin fiziki hazırlıq səviyyələrinin
artırılması və təkmilləşdirilməsi məqsədi ilə təcrübənin qazanılması üçün bədən
tərbiyəsinin məcburi tədrisi daxil edilir.
24.3.
Bədən tərbiyəsi sistemində uşaq-gənclər idman məktəbləri, idman klubları, yüksək
idman ustalığı məktəbləri, olimpiya hazırlığı mərkəzləri, idman qurğuları və
idman geyimlərinin istehsalı üzrə təşkilatlar, uşaqların və gənclərin bədən tərbiyəsinə
yönəldilən ictimai birliklər yaradıla və fəaliyyət göstərə bilər.
Maddə 25. Bədən tərbiyəsi
və idman sahəsində məktəbdənkənar təhsil müəssisələri
25.1.
Bədən tərbiyəsi və idman sahəsində məktəbdənkənar təhsil müəssisələrinə aşağıdakılar
aiddir:
25.1.1.
uşaq-gənclər idman məktəbləri;
25.1.2.
uşaq-gənclər texniki idman məktəbləri;
25.1.3.
uşaq-gənclər adaptiv idman məktəbləri;
25.1.4.
ixtisaslaşdırılmış olimpiya ehtiyatı uşaq-gənclər idman məktəbləri;
25.1.5.
yüksək idman ustalığı məktəbləri;
25.1.6.
olimpiya ehtiyatı məktəbləri;
25.1.7.
olimpiya hazırlığı mərkəzləri.
25.2.
Uşaq-gənclər idman məktəbləri və uşaq-gənclər texniki idman məktəbləri uşaq və
gənclərin ayrı-ayrı idman növləri üzrə daimi məşğul olmağa cəlb edilmələrini,
onların idmanda xüsusi bilik və bacarıqlara yiyələnmələrini, hərtərəfli inkişaf
etmiş gənc idmançıların hazırlanmasını və digər bu kimi məsələlərin həllini təmin
edir.
25.3.
Mülkiyyət formasından asılı olmayaraq uşaq-gənclər idman məktəbləri və uşaq-gənclər
texniki idman məktəbləri öz fəaliyyətlərini müvafiq icra hakimiyyəti orqanı tərəfindən
təsdiq edilmiş proqram və normativlər əsasında həyata keçirirlər.
25.4.
İxtisaslaşdırılmış olimpiya ehtiyatı uşaq-gənclər idman məktəbləri, yüksək
idman ustalığı məktəbləri, olimpiya ehtiyatı məktəbləri və olimpiya hazırlığı mərkəzləri
müxtəlif idman növləri üzrə milli yığma komandalara ehtiyat idman qüvvələrinin
təmin edilməsi məqsədi ilə hərtərəfli inkişaf etmiş yüksək dərəcəli
idmançıların hazırlanmasını həyata keçirirlər.
25.5.
Ehtiyat idman qüvvələrinin, yüksək dərəcəli idmançıların hazırlanması mərhələləri
və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müxtəlif idman növləri
üzrə təsdiq edilmiş proqram və normativlər əsasında müəyyən edilir.
Maddə 26. Uşaq-gənclər
idman birlikləri
26.1.
Uşaq-gənclər idman birlikləri ehtiyat idman qüvvələrinin və yüksək səviyyəli
idmançıların hazırlanmasını həyata keçirirlər.
26.2.
Uşaq-gənclər idman birlikləri aşağıdakılardır:
26.2.1.
bədən tərbiyəsi kollektivləri;
26.2.2.
uşaq idman klubları;
26.2.3.
məhəlli idman klubları;
26.2.4.
bədən tərbiyəsi-sağlamlıq və idman bölmələri.
Maddə 27. Bədən tərbiyəsi
və idmanla məşğul olan uşaq və gənclərə həkim nəzarəti
27.1.
Bədən tərbiyəsi dərslərinə, habelə idman məşğələlərinə və yarışlarına dövlət və
bələdiyyə tibb müəssisələrində tibbi müayinədən keçən uşaqlar və gənclər buraxılırlar.
27.2.
Tibbi-bədən tərbiyəsi dispanserləri, poliklinikaların yetkinlik yaşına
çatmayanlar üçün nəzərdə tutulan kabinetləri, sahə həkimləri bədən tərbiyəsi və
idman üzrə məşqçilər və təlimatçılarla birgə idmanla məşğul olan uşaq və gənclərin
qeydiyyatını aparır, onların sağlamlıqlarının, fiziki inkişafının vəziyyətinə və
səviyyəsinə həkim nəzarətini həyata keçirirlər.
27.3.
Tibb müəssisələri tərəfindən verilən rəsmi tibbi icazə sənədləri olmadan bədən
tərbiyəsi və idmanla məşğul olmağa cəlb edilmiş və idman yarışlarına buraxılmış
uşaq və gənclərin sağlamlıqlarına vurulmuş zərərə görə müvafiq təhsil məktəbdənkənar
təhsil müəssisələrinin və bədən tərbiyəsi-idman təşkilatlarının rəhbərləri məsuliyyət
daşıyırlar.
Maddə 28. Ehtiyat idman
qüvvələrinin hazırlığı üçün maddi-texniki bazanın və şəraitin yaradılması
28.1.
Dövlət ehtiyat idman qüvvələrinin hazırlığı və inkişafı üçün maddi-texniki baza
yaradır.
28.2.
Ehtiyat idman qüvvələrinin hazırlanması məqsədi ilə maddi-texniki baza əsasən
aşağıdakılardan ibarətdir:
28.2.1.
uşaq-gənclər idman məktəblərinin, olimpiya ehtiyatı məktəblərinin, olimpiya
hazırlığı mərkəzlərinin profilləri üzrə bilavasitə onlara məxsus olan tədris-idman
bazaları, idman zalları və digər idman obyektləri;
28.2.2.
xüsusi idman avadanlığı, ləvazimatı və alətləri ilə təchiz edilmiş idman
kompleksləri, təlim-idman bazaları, üzgüçülük hovuzları, idman zalları,
idman-sağlamlıq düşərgələri və sair;
28.2.3.
müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativlərə uyğun
olaraq olimpiya ehtiyatı məktəbləri və olimpiya hazırlığı mərkəzləri üçün
yataqxana (yeməkxanası olmaqla);
28.2.4.
idman təkmilləşdirmə və yüksək idman ustalığı qruplarında hazırlıq keçən şəxslər,
eləcə də idman növləri üzrə ixtisaslaşdırılmış siniflərdə təhsil alanlar üçün
pulsuz qidalanma.
28.3.
Müvafiq icra hakimiyyəti orqanı öz imkanları daxilində ehtiyat idman qüvvələrinin
hazırlığını həyata keçirən idman təşkilatlarının, xüsusilə uşaq-gənclər idman məktəblərinin,
olimpiya hazırlığı mərkəzlərinin idman qurğuları, idman avadanlığı, texniki
vasitələr, idman geyimi və digər ləvazimatlarla təchiz edilməsinə yardım göstərir.
28.4.
Dövlət və bələdiyyə təhsil müəssisələri onlara məxsus idman obyektlərindən dərslərdən
sonrakı vaxtlarda, istirahət və tətil günlərində müvafiq ərazilərdə yerləşən bədən
tərbiyəsi-idman təşkilatlarının, o cümlədən bu sahə üzrə məktəbdənkənar təhsil
müəssisələrinin tələbatlarına uyğun istifadə edə bilmələrinə şərait və imkan
yaratmalıdırlar.
VI fəsil. Milli yığma
komandalar
Maddə 29. Milli yığma komandaların
təşkili
29.1.
Milli yığma komandalar müvafiq yaş qrupları üzrə əsas və ehtiyat heyətlərdən
ibarətdir.
29.2.
Milli yığma komandaların heyətinə daxil olan idmançılar, məşqçilər və digər mütəxəssislərin
siyahısı müvafiq respublika idman federasiyalarının rəyi nəzərə alınmaqla,
müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunur.
29.3.
Milli yığma komandaların maddi-texniki, elmi-metodiki, tibbi-bioloji, tibbi və
antidopinq təminatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş
qaydada həyata keçirilir.
Maddə 30. Milli yığma
komandaların formalaşdırılması
30.1.
Müxtəlif idman növləri üzrə milli yığma komandalara namizəd idmançıların
siyahıları hər il respublika idman federasiyaları tərəfindən müəyyənləşdirilir
və müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunur.
30.2.
Milli yığma komandalara namizəd idmançıların siyahılarının formalaşdırılmasının
ümumi prinsip və meyarları, bu siyahıların təsdiq olunması qaydası müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.
30.3.
Milli yığma komandaların beynəlxalq yarışlara hazırlığı və beynəlxalq
yarışlarda iştirakı zamanı elmi-metodiki və tibbi təminatı müvafiq icra
hakimiyyəti orqanları, Milli Olimpiya, Paralimpiya, Deflimpiya, Xüsusi Olimpiya
komitələri və respublika idman federasiyaları tərəfindən həyata keçirilir.
30.4.
Milli yığma komandaların beynəlxalq yarışlara hazırlığı və beynəlxalq
yarışlarda iştirakı elmi-kompleks qrupları tərəfindən işlənmiş və müvafiq icra
hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş hazırlıq proqramları və planları əsasında
həyata keçirilir.
Maddə 31. İdmanda dopinq
vasitələrindən və (və ya) üsullarından istifadəyə qarşı fəaliyyət
31.1.
İdmançılar tərəfindən, habelə idman yarışlarında iştirak edən heyvanlara
münasibətdə dopinq vasitələri və (və ya) üsullarından istifadə
olunmasına yol verilmir. İdmanda istifadəsi qadağan olunmuş dopinq vasitələri
və (və ya) üsullarının siyahısı «İdmanda dopinqə qarşı mübarizə haqqında» Beynəlxalq
Konvensiya və Ümumdünya Antidopinq Məcəlləsi ilə müəyyən edilir.
31.2.
Dopinq nəzarəti «İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı
mübarizə haqqında» Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun
olaraq, dopinq testinin keçirilməsinin planlaşdırılması, bionümunələrin
toplanılması, çatdırılması, laboratoriya tədqiqatları, nəticələrin
yoxlanılması, terapevtik istifadə üçün icazə alınması, dinləmələrin keçirilməsi
və apelyasiya baxışlarından ibarət olan prosesdir.
31.3.
Dopinq vasitələrindən və (və ya) üsullarından istifadəyə qarşı tədbirlər
aşağıdakılardan ibarətdir:
31.3.1.
beynəlxalq və respublika idman yarışlarının keçirilməsi zamanı icbari dopinq nəzarətinin
müəyyən edilməsi;
31.3.2.
dopinq vasitələrindən və (və ya) üsullarından istifadəyə, həmçinin
onlardan istifadəyə məcbur etməyə və ya istifadəni təbliğ etməyə görə məsuliyyətin
müəyyən edilməsi;
31.3.3.
dərman vasitələrinin və qidaların tərkibinə dopinq vasitələri əlavə etməklə
onların saxtalaşdırılmasına, belə dərman vasitələrinin və qida məmulatlarının
satılmasına, həmçinin dopinq vasitələrinin hazırlanmasının, istehsalının,
istifadəsinin vasitə və üsulları, onların əldə edilməsi mümkün olan yerlər
haqqında məlumatların yayılmasına görə məsuliyyətin müəyyən edilməsi;
31.3.4.
dopinq vasitələrindən və (və ya) üsullarından istifadənin qarşısının
alınması;
31.3.5.
dopinq nəzarətini həyata keçirən mütəxəssislərin peşəkarlığının artırılması;
31.3.6.
bədən tərbiyəsi və idman sahəsində fəaliyyət göstərən təhsil müəssisələrinin təhsil
proqramlarına dopinq vasitələrindən və (və ya) üsullarından istifadənin
idmançı orqanizminə zərəri barədə bölmələrin daxil edilməsi;
31.3.7.
kütləvi informasiya vasitələrində antidopinq təbliğatının aparılması;
31.3.8.
dopinq nəzarətinin yeni üsullarının işlənib hazırlanması sahəsində elmi
tədqiqatların aparılması;
31.3.9.
dopinq nəzarəti qaydalarının pozulmasına görə bədən tərbiyəsi-idman təşkilatlarının,
idmançıların, məşqçilərin, həkimlərin və digər mütəxəssislərin məsuliyyətinin
müəyyən edilməsi.
31.4.
Dopinq nəzarətinin yerinə yetirilməsi qaydaları və bununla bağlı aşkar edilmiş
pozuntulara görə cavabdehlik, bu sahədə idarəetməni həyata keçirən qurumların, idman
subyektlərinin hüquq və vəzifələri «İdmanda dopinq vasitələrindən və
üsullarından istifadəyə qarşı mübarizə haqqında» Azərbaycan Respublikasının
Qanunu ilə müəyyən edilir.
31.5.
Respublika idman federasiyaları dopinq nəzarəti sahəsində tədbirlər həyata
keçirməli, dopinq vasitələri və (və ya) üsullarından istifadə edən
idmançılara və onları dopinq vasitələri və (və ya) üsullarından istifadə
etməyə məcbur edən şəxslərə qarşı müvafiq tədbirlər görməlidirlər.
31.6.
İdman tədbirlərinin təşkilatçıları beynəlxalq idman təşkilatlarının şərtlərinə,
qərarlarına və qanunvericiliyin tələblərinə riayət etməklə dopinq nəzarətinin
keçirilməsi üçün şərait yaratmalıdırlar.
VII fəsil. Peşəkar idman
Maddə 32. Peşəkar idman
sahəsində münasibətlərin hüquqi tənzimlənməsi
32.1.
Peşəkar idman sahəsində münasibətlər bu Qanunla və digər normativ hüquqi
aktlarla tənzimlənir.
32.2.
Peşəkar idman sahəsində əmək münasibətlərinin tənzimlənməsi əsasən idmançıların
əmək funksiyalarına müvafiq idman növü (növləri) üzrə yarışlara hazırlığını,
iştirakını və yüksək nəticələr əldə edilməsini, işçilərin (məşqçilərin və digər
mütəxəssislərin) əmək funksiyalarına isə təlim-məşq prosesinin təşkili,
idmançıların yarışlarda iştiraklarına və yüksək nailiyyətlər əldə edə bilmələrinə
rəhbərlik fəaliyyətlərinin daxil edilməsini nəzərdə tutur.
32.3.
Peşəkar idmanda hazırlıq və iştiraka görə idmanı peşəkar (əmək) fəaliyyəti
seçmiş idmançılar qanunvericiliyinə müvafiq surətdə əmək haqqı və (və ya) pul
mükafatı alırlar.
Maddə 33. İdman arbitrajı
33.1.
Peşəkar idman sahəsindəki mübahisələrə qanunvericiliyə uyğun şəkildə, o cümlədən
idman arbitrajı vasitəsi ilə baxılır.
33.2.
İdman arbitrajı peşəkar idman sahəsindəki mübahisələrin həlli üçün yaradılan
müvəqqəti orqandır. O, peşəkar idman sahəsindəki mübahisənin idman arbitrajının
icraatına verilməsi barədə razılığın əldə edildiyi vaxtdan 5 iş günündən gec
olmayaraq tərəflərin birgə qərarı ilə yaradılır.
33.3.
İdman arbitrajının tərkibi (3 nəfərdən az olmayaraq), reqlamenti, mübahisəyə
baxılma yeri, müddətləri, arbitraja texniki yardımın təşkili tərəflərin
qarşılıqlı razılığı ilə müəyyən olunur. Arbitrajın sədri arbitrlər tərəfindən
öz sıralarından seçilir. Mübahisələrə bədən tərbiyəsi və idman subyektlərinin
iştirakı ilə baxır.
33.4.
İdman arbitrajının qərarı səs çoxluğu ilə qəbul edilir və protokolla rəsmiləşdirilir.
Tərəflər arbitrajın qərarı ilə razılaşmadıqda bu barədə protokol tərtib edilir.
33.5.
Tərəflər idman arbitrajının qərarlarının məcburiliyi barədə qabaqcadan razılığa
gəlmişlərsə, arbitrajın qərarı ilə mübahisə qəti həll olunmuş hesab edilir və
mübahisənin davam etdirilməsinə yol verilmir.
VIII fəsil. Bədən tərbiyəsi
və idmanın qanunvericilik əsasları
Maddə 34. İdman növlərinin
və idman fənlərinin tanınması
34.1.
Müvafiq icra hakimiyyəti orqanı:
34.1.1.
ölkə ərazisində yayılan idman növlərinin və idman fənlərinin müəyyən edilmiş
qaydada tanınması səlahiyyətini həyata keçirir;
34.1.2.
idman növlərinin, o cümlədən milli idman növlərinin dövlət reyestrini, bu idman
növlərinə daxil edilmiş idman fənlərinin siyahılarını, idman növlərinin və
idman fənlərinin kodlarını formalaşdırır və təsdiq edir.
34.2.
Ölkə ərazisində yayılan idman növlərinin və idman fənlərinin tanınması
qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Yalnız ölkə
ərazisində tanınmış idman növləri və fənləri üzrə bədən tərbiyəsi və idman tədbirləri
keçirilə bilər.
Maddə 35. Respublika
idman federasiyalarının dövlət reyestri
35.1.
Respublika idman federasiyaları bu Qanunun 10.3-cü maddəsində nəzərdə tutulmuş
qaydada dövlət akkreditasiyasından keçdikdən sonra respublika idman
federasiyalarının dövlət reyestrinə daxil edilir. Respublika idman
federasiyalarının dövlət reyestrinin aparılması qaydaları müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilir.
35.2.
Respublika idman federasiyalarının dövlət reyestrinə bu Qanunun 35.1-ci maddəsində
nəzərdə tutulmuş qaydalarda müəyyən edilmiş sənədlər və məlumatlar daxil
edilir.
Maddə 36. İdman növlərinin
dövlət reyestri
36.1.
Ölkə ərazisində tanınmış idman növləri və fənləri idman növlərinin dövlət
reyestrinə daxil edilir. İdman növlərinin dövlət reyestrinin aparılması
qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
36.2.
Müvafiq icra hakimiyyəti orqanı tərəfindən tanınmamış və idman növlərinin dövlət
reyestrinə daxil edilməmiş idman növlərinin Azərbaycan Respublikası ərazisində
təbliği və yayılması qadağandır.
Maddə 37. İdman adları,
idman dərəcələri, məşqçilərin təsnifat kateqoriyaları, idman hakimlərinin təsnifat
dərəcələri
37.1.
Azərbaycan Respublikasında bədən tərbiyəsi və idman sahəsində idman adları,
idman dərəcələri, məşqçilərin təsnifat kateqoriyaları və idman hakimlərinin təsnifat
dərəcələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
37.2.
İdman adları, idman dərəcələri, məşqçilərin təsnifat kateqoriyaları və idman
hakimlərinin təsnifat dərəcələrinin tələb və normativləri müvafiq idman növləri
üzrə respublika idman federasiyalarının təqdimatlarına uyğun olaraq müvafiq
icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir və Vahid idman təsnifatında öz
əksinin tapır.
Maddə 38. Respublika
Vahid idman təsnifatı
38.1.
Respublika Vahid idman təsnifatı idman növlərinin dövlət reyestrinə daxil
edilmiş idman növləri üzrə müvafiq idman adları, idman dərəcələri, məşqçilərin
təsnifat kateqoriyaları və idman hakimlərinin təsnifat dərəcələrinin verilməsi
üçün zəruri normaları, tələbləri və onların yerinə yetirilməsi şərtlərini müəyyən
edir. Respublika Vahid idman təsnifatının əsasnaməsi ilə bu norma və şərtlərin
məzmunu, eləcə də idman adları və dərəcələrinin verilməsi qaydaları müəyyənləşdirilir.
Respublika Vahid idman təsnifatının əsasnaməsi müvafiq icra hakimiyyəti orqanı
tərəfindən təsdiq edilir.
38.2.
İdman hakimlərinə təsnifat dərəcələrinin verilməsi qaydaları, müvafiq dərəcələr
üçün tələb olunan təsnifat norma və tələbləri, eləcə də idman hakimlərinin
hüquq və vəzifələri idman hakimləri haqqında əsasnamə ilə müəyyən edilir. İdman
hakimləri haqqında əsasnamə idman növləri üzrə respublika idman
federasiyalarının təqdimatına əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən
təsdiq edilir.
38.3.
Respublika Vahid idman təsnifatı müvafiq icra hakimiyyəti orqanlarının, idman
növləri üzrə respublika idman federasiyalarının, Milli Olimpiya, Paralimpiya,
Deflimpiya, Xüsusi Olimpiya komitələrinin təklifləri nəzərə alınmaqla
formalaşdırılır və müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
38.4.
İdman adları, idman dərəcələri, məşqçilərin təsnifat kateqoriyaları, idman
hakimlərinin təsnifat dərəcələri və fəxri idman adları müvafiq icra hakimiyyəti
orqanı və onun tərəfindən müəyyən edilmiş bədən tərbiyəsi-idman təşkilatları tərəfindən
verilir.
Maddə 39. Respublika və
beynəlxalq miqyaslı bədən tərbiyəsi və idman tədbirlərinin Vahid təqvim planı
39.1.
Respublika və beynəlxalq miqyaslı bədən tərbiyəsi və idman tədbirlərinin Vahid
təqvim planı Azərbaycan Respublikası ərazisində keçirilən bədən tərbiyəsi və
idman tədbirlərinin, kütləvi kompleks tədbirlərin, respublika və beynəlxalq
yarışların, eləcə də milli yığma komandaların beynəlxalq yarışlara hazırlıq və
iştirakını təmin edən tədbirlərin siyahısını, keçirilmə vaxtı və yerini müəyyən
edən əsas sənəddir.
39.2.
Respublika və beynəlxalq miqyaslı bədən tərbiyəsi və idman tədbirlərinin Vahid
təqvim planı respublika idman federasiyalarının təqdimatları əsasında müvafiq
icra hakimiyyəti orqanı tərəfindən hazırlanır, yeni təqvim ilinin ərəfəsində təsdiq
edilir, müvafiq icra hakimiyyəti orqanlarına, respublika miqyaslı bədən tərbiyəsi-idman
təşkilatlarına, respublika idman federasiyalarına göndərilir. Bu sənəd həmçinin
bədən tərbiyəsi və idman üzrə mətbuat orqanlarında ölkə idman ictimaiyyətinin məlumatlandırılması
üçün dərc edilir və yayımlanır.
39.3.
Respublika və beynəlxalq miqyaslı bədən tərbiyəsi və idman tədbirlərinin Vahid
təqvim planına daxil edilmiş bədən tərbiyəsi tədbirlərinin və idman
yarışlarının maliyyələşdirilməsi qaydaları və bu tədbirlərin təşkili və
keçirilməsinə ayrılan xərclərin normaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən
təsdiq edilir.
Maddə 40. Bədən tərbiyəsi-sağlamlıq
və idman tədbirlərinin təşkili və keçirilməsi
40.1
Bədən tərbiyəsi-sağlamlıq və idman tədbirlərinin təşkilatçıları tədbirlərin
keçirilməsi qaydalarını və şərtlərini müəyyən edir, onların təşkili və keçirilməsinə
görə cavabdehdirlər. Təşkilatçılar tədbirləri dayandırmaq, keçirilmə vaxtlarını
dəyişdirmək, yekunlaşdırmaq və yekunlarını təsdiq etmək hüquqlarına malikdirlər.
40.2.
Bədən tərbiyəsi-sağlamlıq və idman tədbirlərinin adlarından və simvollarından
istifadə etmək hüququ yalnız onun təşkilatçılarına məxsusdur. Tədbirlərin
keçirildiyi yerlərdə reklamların yerləşdirilməsi, tədbirlərin televiziya və
radio vasitəsi ilə işıqlandırılması, eləcə də yayımların yazılışlarının və
fotoçəkilişlərinin aparılması, tədbirlərdə istifadə olunan idman geyimləri,
avadanlığı və ləvazimatlarının istehsalçılarının müəyyən edilməsi hüquqları bu
tədbirlərin təşkilatçılarına məxsusdur.
40.3.
Hüquqi və fiziki şəxslər bu Qanunun 40.2-ci maddəsində göstərilmiş hüquqlardan
yalnız onlarla tədbirlərin təşkilatçıları arasında bağlanmış müqavilələr əsasında
istifadə edə bilərlər.
40.4.
Bədən tərbiyəsi-sağlamlıq tədbirləri və idman yarışları onların təşkilatçıları
tərəfindən təsdiq olunmuş tədbirlər və ya yarışlar haqqında əsasnamələrə
(reqlamentlərə) uyğun və müvafiq idman növləri üzrə qaydalar əsasında təşkil
edilir və keçirilir.
40.5.
Bədən tərbiyəsi-sağlamlıq tədbirləri və idman yarışlarının keçirilməsi zamanı
yarış iştirakçılarının, tamaşaçıların təhlükəsizliyini və ictimai asayişin təmin
edilməsini müvafiq icra hakimiyyəti orqanı və tədbirlərin təşkilatçıları həyata
keçirirlər.
Maddə 40-1. Kütləvi idman
tədbirlərinin və idman yarışlarının keçirilməsi zamanı zorakılığın qarşısının
alınması, ictimai təhlükəsizliyin və ictimai asayişin təmin edilməsi
40-1.1.
Kütləvi idman tədbirlərinin və idman yarışlarının keçirilməsi zamanı idman
obyektlərində, tamaşaçılar üçün nəzərdə tutulmuş yerlərdə, eləcə də idman
obyektlərinə bitişik ərazilərdə və təxliyyə yollarında zorakılığın qarşısının
alınması, yarış iştirakçılarının və tamaşaçıların təhlükəsizliyi və ictimai
asayiş bu Qanuna və «Polis haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun
olaraq təmin edilir.
40-1.2.
Kütləvi idman tədbirlərinin və idman yarışlarının keçirilməsi zamanı idman
obyektlərinin ərazilərinə və tamaşaçılar üçün nəzərdə tutulmuş yerlərə yarış
iştirakçılarının və tamaşaçıların təhlükəsizliyinin təmin olunması və ictimai
asayişin mühafizəsi məqsədi ilə aşağıdakı şəxslərin və əşyaların buraxılmasına
yol verilmir:
40-1.2.1.
idman obyektlərinin ərazilərinə və tamaşaçılar üçün nəzərdə tutulmuş yerlərə
keçməyə hüquq verən giriş bileti və ya onu əvəz edən digər sənədi olmayan şəxslər;
40-1.2.2.
sifətini maska ilə gizlədən şəxslər;
40-1.2.3.
şəxsi baxışdan və ya üzərindəki əşyaların yoxlanılmasından imtina edən şəxslər;
40-1.2.4.
bütün növ alkoqollu içkilər; narkotik vasitələr, psixotrop maddələr, onların
analoqları, toksik təsir göstərən maddələr; soyuq, odlu, qaz və digər tipli silahlar,
silahların ayrı-ayrı hissələri, partlayıcı maddələr və döyüş sursatları, habelə
soyuq, odlu, qaz və digər silahlara, partlayıcı maddələrə və döyüş sursatlarına
oxşar vasitələr; pirotexniki vasitələr; insanların həyatına və sağlamlığına təhlükə
törədə, fiziki və hüquqi şəxslərə maddi ziyan vura, kütləvi idman tədbirlərinin
keçirilməsinə maneələr yarada bilən xüsusi hazırlanmış və ya uyğunlaşdırılmış
vasitələr;
40-1.2.5.
məzmunu ictimai qaydanı, vətəndaşların hüquq və qanuni maraqlarını pozmağa yönəlmiş,
eləcə də zorakılığın, irqi, milli və dini ayrı-seçkiliyin, müharibənin təbliği
ilə bağlı bayraqlar, emblemlər, simvollar, plakatlar, transparantlar və başqa
vasitələr;
40-1.2.6.
sərxoşluq vəziyyətində olan, habelə narkotik vasitələrin, psixotrop maddələrin,
onların analoqlarının, toksik təsir göstərən maddələrin təsiri altında olan şəxslər;
40-1.2.7.
kütləvi idman tədbirlərinin keçirilməsi qaydalarının pozulmasına yönəlmiş hərəkətlərə
yol verən, ictimai asayişin və ictimai təhlükəsizliyin təmin edilməsinə
maneçilik törədən, digər şəxsləri bu cür hərəkətlərə təhrik edən şəxslər, qrup
şəklində ifrat azarkeşlik edən şəxslər.
40-1.3.
Vətəndaşların şəxsi baxışını və onların üzərindəki əşyaların yoxlanılmasını
ictimai asayişi təmin edən şəxslər xüsusi texniki vasitələrlə həyata keçirirlər.
Şəxsi baxış yalnız həmin şəxslə eyni cinsdən olan şəxslər tərəfindən həyata
keçirilir.
40-1.4.
Kütləvi idman tədbirləri həyata keçirilən zaman idman obyektlərinin ərazilərində
və tamaşaçılar üçün nəzərdə tutulmuş yerlərdə aşağıdakılar qadağandır:
40-1.4.1.
açıq odlu mənbələrdən istifadə etmək, siqaret çəkmək, alkoqollu içkilər qəbul
etmək, narkotik vasitələrdən, psixotrop maddələrdən, onların analoqlarından,
habelə toksik təsir edən maddələrdən istifadə etmək;
40-1.4.2.
sifəti maska altında gizlətmək;
40-1.4.3.
plakatlardan və digər vasitələrdən istifadə etməklə, eləcə də çıxışları və fəaliyyətləri
ilə zorakılığı, dini, milli, irqi ayrı-seçkiliyi və müharibəni təbliğ etmək;
40-1.4.4.
kütləvi idman tədbirlərinin keçirilməsi zamanı xidməti vəzifələrini yerinə
yetirən şəxslərə, tədbir iştirakçılarına və tamaşaçılara hər hansı formada mane
olmaq, ictimai asayişin və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsindəki fəaliyyətin
həyata keçirilməsinə imkan verməmək;
40-1.4.5.
kütləvi idman tədbirlərinin təşkili və keçirilməsi qaydalarını başqa fəaliyyətlərlə
pozmaq, bu işə digər şəxsləri cəlb etmək.
40-1.5.
Bu Qanunun 40-1.2-ci və 40-1.4-cü maddələrinin tələblərini pozan şəxslər idman
obyektlərinin ərazilərindən, tamaşaçılar üçün nəzərdə tutulmuş yerlərdən giriş
biletlərinin dəyəri ödənilmədən kənarlaşdırılır, Azərbaycan Respublikasının
İnzibati Xətalar Məcəlləsinə və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə
uyğun olaraq məsuliyyətə cəlb olunur.
Maddə 40-2. İdman
yarışlarının manipulyasiyası ilə mübarizə
40-2.1.
İdman yarışlarının manipulyasiyası qadağandır. İdman yarışlarının
manipulyasiyasına qarşı aşağıdakı tədbirlər həyata keçirilir:
40-2.1.1.
idman yarışlarının manipulyasiyasının qarşısının alınması məqsədi ilə müvafiq
icra hakimiyyəti orqanı, maliyyə bazarlarına nəzarət orqanı və respublika idman
federasiyaları (assosiasiyaları) tərəfindən maarifləndirmə işlərinin, o cümlədən
kütləvi informasiya vasitələrində idman yarışlarının manipulyasiyasına qarşı təbliğatın
aparılması;
40-2.1.2.
respublika idman federasiyaları (assosiasiyaları) tərəfindən idman klubunun rəhbərinə
və əməkdaşlarına, idmançılara, idman hakimlərinə, məşqçilərə, sponsorluq edən şəxslərə,
həmçinin idman yarışlarının digər iştirakçılarına və təşkilatçılarına idman
yarışlarının manipulyasiyasının yolverilməzliyi barədə xəbərdarlıq edilməsi və
bununla bağlı məsuliyyət nəzərdə tutulduğunun onlara izah edilməsi;
40-2.1.3.
idman yarışlarının manipulyasiyasına şübhə olduğu halda, bədən tərbiyəsi və
idman subyektləri və idman mərc oyunlarının operatorları tərəfindən dərhal
müvafiq icra hakimiyyəti orqanına, maliyyə bazarlarına nəzarət orqanına və
prokurorluğa məlumat verilməsi;
40-2.1.4.
müvafiq icra hakimiyyəti orqanı və maliyyə bazarlarına nəzarət orqanı tərəfindən
idman yarışlarının manipulyasiyasına qarşı mübarizə sahəsində aidiyyəti beynəlxalq
təsisatlarla əməkdaşlıq edilməsi;
40-2.1.5.
idman yarışları zamanı idman növünün qaydalarına və yarışın əsasnaməsinə
(reqlamentinə) riayət olunmasına nəzarət etməyə səlahiyyətləndirilmiş idman
hakimlərinin mümkün qədər son mərhələdə təyin edilməsi;
40-2.1.6.
məlumat verən şəxslərin müdafiəsi də daxil olmaqla, idman yarışlarının
manipulyasiyası halları ilə bağlı istənilən məlumatın açıqlanmasına yardım etmək
üçün effektiv mexanizmlərin yaradılması;
40-2.1.7.
manipulyasiya risklərinə məruz qala biləcək idman yarışlarının gedişatına nəzarətin
təmin olunması.
40-2.2.
İdman yarışlarının manipulyasiyası halları ilə mübarizə aparılması qaydaları
müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.
Maddə 41. İdman növlərinin
qaydaları
41.1.
İdman növlərinin dövlət reyestrinə daxil edilmiş idman növlərinin qaydaları
müvafiq idman növləri üzrə beynəlxalq təşkilatların təsdiq etdikləri qaydalara
uyğun olaraq respublika idman federasiyaları tərəfindən hazırlanır və müvafiq
icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
41.2.
Hərbi-tətbiqi və xidməti-tətbiqi idman növlərinin qaydaları müvafiq icra
hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
41.3.
Milli idman növlərinin qaydaları idman növləri üzrə respublika idman
federasiyaları tərəfindən hazırlanır və müvafiq icra hakimiyyəti orqanı tərəfindən
təsdiq edilir.
Maddə 42. İdmançıların
hüquq və vəzifələri
42.1.
İdmançıların hüquqları aşağıdakılardır:
42.1.1.
maraq göstərdikləri idman növünü (növlərini) seçmək;
42.1.2.
idman növlərinin qaydalarına və yarışlar haqqında əsasnamələrə uyğun olaraq
seçdikləri idman növü üzrə yarışlarda iştirak etmək;
42.1.3.
respublika Vahid idman təsnifatının tələblərini yerinə yetirməklə idman dərəcələri
və adları almaq;
42.1.4.
qanunvericiliklə müəyyən edilmiş qaydada əmək müqavilələri bağlamaq;
42.1.5.
respublika və beynəlxalq miqyaslı idman yarışlarına hazırlıq tədbirlərində və
yarışlarda iştirak zamanı əsas iş yerində orta aylıq əmək haqqını saxlamaq və təhsildən
müvafiq müddətlərə azad edilmək və qanunvericiliklə müəyyən edilmiş güzəştlərdən
istifadə etmək;
42.1.6.
idman yarışlarına hazırlıq və yarışlarda iştirak zamanı dövlət mülkiyyətində
olan idman obyektlərindən və idman avadanlıqlarından, tibbi xidmət və nəzarətdən
ödənişsiz istifadə etmək, geyim, yol, yataq, yemək və digər xərclərlə təmin
olunmaq;
42.1.7.
Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq digər hüquqlardan
istifadə etmək.
42.2.
İdmançıların vəzifələri aşağıdakılardır:
42.2.1.
respublika və beynəlxalq idman yarışlarında mənsub olduqları idman təşkilatlarını,
rayonu, şəhəri, ölkəni ləyaqətlə təmsil etmək;
42.2.2.
təlim-məşq proseslərində və digər hazırlıq tədbirlərində fəal iştirak etmək, məşqçilərin
tapşırıq və tələblərini yerinə yetirmək, idman ustalıqlarının səviyyəsini daim
yüksəltmək;
42.2.3.
təlim-məşq proseslərində və yarışlarda iştirak zamanı təhlükəsizlik qaydalarına
və tələblərinə riayət etmək;
42.2.4.
müəyyən olunmuş qaydalar əsasında məcburi dopinq nəzarətindən keçmək, dopinq
vasitələrindən və (və ya) üsullarından istifadə etməmək;
42.2.5.
idman sahəsində etik normalara riayət etmək;
42.2.6.
yarışlarda iştirak zamanı yarışların əsasnaməsinə və yarış təşkilatçılarının tələblərinə
riayət etmək;
42.2.7.
mütəmadi olaraq tibbi müayinədən keçmək, sanitariya-gigiyena və tibbi norma və
qaydaların tələblərinə riayət etmək;
42.2.8.
bədən tərbiyəsi və idman, olimpiya və beynəlxalq idman hərəkatı haqqında biliklərə
yiyələnmək;
42.2.9.
Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun digər vəzifələri yerinə
yetirmək.
Maddə 43. Məşqçilərin
hüquq və vəzifələri
43.1.
Məşqçilərin hüquqları aşağıdakılardır:
43.1.1.
ixtisaslaşdıqları idman növü (növləri) üzrə bədən tərbiyəsi-idman təşkilatlarında,
idman məktəblərində məşqçi-müəllim vəzifəsini tutmaq və bu sahədə əmək fəaliyyəti
ilə məşğul olmaq;
43.1.2.
müvafiq normativ tələblərə uyğun olaraq uşaq və gənclər arasında seçim tədbirlərində
iştirak etmək, bu tədbirləri həyata keçirmək;
43.1.3.
idman növlərinin təlim-məşq proqramlarına əsasən ibtidai-hazırlıq, təlim-məşq və
təkmilləşdirmə qruplarını komplektləşdirmək, onların fəaliyyətini təşkil etmək;
43.1.4.
perspektivli və yüksək dərəcəli idmançıların hazırlanması üçün yaradılmış
imkanlardan istifadə etmək;
43.1.5.
yüksək nəticələr göstərən, milli yığma komandaların heyətlərində yer tutmuş
yetişdirmələrinə görə mükafatlandırılmaq və dövlət təltiflərinə təqdim edilmək;
43.1.6.
Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq digər hüquqlardan
istifadə etmək.
43.2.
Məşqçilərin vəzifələri aşağıdakılardır:
43.2.1.
fəaliyyət göstərdikləri idman bölmələrində təlim-məşq prosesini idman növünün təlim-məşq
proqramına uyğun olaraq təşkil etmək;
43.2.2.
idmanla məşğul olanların müəyyən edilmiş dövrlərdə tibbi müayinədən keçmələrini
təmin etmək;
43.2.3.
idmançıların məcburi dopinq nəzarətindən keçmələrinə yardımçı olmaq, dopinq
vasitələrindən və qadağan edilmiş digər vasitə və üsullardan istifadə
edilməsinə yol verməmək;
43.2.4.
rəhbərlik etdiyi qruplarda yüksək dərəcəli idmançıların hazırlanmasını, onların
idman ustalıqlarının səviyyələrinin artırılmasını təmin etmək;
43.2.5.
təlim-məşq prosesi zamanı idman qurğularından, texniki vasitələrdən və digər
idman avadanlıqlarından müəyyən edilmiş qaydalara və normalara uyğun olaraq səmərəli
istifadə etmək;
43.2.6.
gənclərin vətənpərvərlik ruhunda, mənəvi cəhətdən hərtərəfli tərbiyə olunması,
Vətənin müdafiəsinə hazır olmaları istiqamətində fəaliyyət göstərmək;
43.2.7.
yetişdirmələrinin milli yığma komandaların təlim-məşq toplanışlarında, məşq
proseslərində və yarışlarda iştirakını təmin etmək;
43.2.8.
öz üzərində çalışmaq, peşə səviyyəsini artırmaq, digər bilik və bacarıqlara yiyələnmək;
43.2.9.
Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun digər vəzifələri həyata
keçirmək.
Maddə 44. İdman fəaliyyəti
haqqında müqavilə
44.1.
İdman fəaliyyəti haqqında müqavilə idmançı (məşqçi, mütəxəssis) və bədən tərbiyəsi-idman
təşkilatı arasında bağlanan razılaşmanın yazılı formasıdır.
44.2.
Bədən tərbiyəsi-idman təşkilatı idmançının yarışlara hazırlığını, iştirakını,
aylıq əmək haqqının ödənilməsini, mükafatlarının verilməsini və qanunvericiliyə
zidd olmayan digər öhdəliklərin yerinə yetirilməsini təmin edir.
44.3.
Milli yığma komandaların üzvü olan idmançılarla bağlanan müqavilələr müvafiq
icra hakimiyyəti orqanı ilə razılaşdırılaraq müvafiq idman növü üzrə respublika
idman federasiyasında qeydiyyata alınır və müqavilənin şərtlərinin icrası nəzarətdə
saxlanılır.
Maddə 45. İdmançıların
bir idman təşkilatından digərinə keçməsi
45.1.
İdmançı müqavilədə göstərilən müddət başa çatdıqda bir idman təşkilatından digər
(eyni zamanda xarici) idman təşkilatına keçmək hüququna malikdir.
45.2.
İdmançının müqavilə müddəti başa çatmadığı halda digər idman təşkilatına keçməsi
hər iki təşkilat və idmançı arasında qarşılıqlı razılıq nəticəsində baş tuta
bilər.
45.3.
İdmançıların bir idman təşkilatından digər idman təşkilatına keçməsi qaydaları
müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaqla, respublika idman
federasiyaları tərəfindən müəyyən edilir və həyata keçirilir.
45.4.
Milli yığma komandaların tərkibinə daxil edilmiş idmançıların bir idman təşkilatından
(idman klubundan və digər idman yönümlü qurumdan) digərinə, habelə xarici idman
klublarına keçməsi müvafiq icra hakimiyyəti orqanının rəsmi razılığı ilə həyata
keçirilir.
IX fəsil. Bədən tərbiyəsi
və idmanın kadr, elmi-metodiki və tibbi təminatı
Maddə 46. Bədən tərbiyəsi
və idman sahəsində mütəxəssislərin hazırlanması
46.1.
Bədən tərbiyəsi və idman sahəsində mütəxəssislərin hazırlanması təhsil haqqında
qanunvericiliyə uyğun olaraq həyata keçirilir.
46.2.
Dövlət bədən tərbiyəsi və idman sahəsində təhsil müəssisələrində maddi-texniki
bazanın möhkəmləndirilməsinə dəstək olur. Maddi-texniki bazanın möhkəmləndirilməsi
bədən tərbiyəsi-idman qurğuları kompleksinin, avadanlığının olmasını nəzərdə
tutur.
Maddə 47. Bədən tərbiyəsi
və idman işçilərinin əlavə təhsili
47.1.
Müvafiq icra hakimiyyəti orqanı bədən tərbiyəsi-idman təşkilatlarının işçilərinin
bədən tərbiyəsi və idman sahəsində əlavə təhsilinə şərait yaradır.
47.2.
Müvafiq icra hakimiyyəti orqanlarının, bələdiyyələrin və bədən tərbiyəsi-idman
təşkilatlarının işçilərinin əlavə təhsili təhsil haqqında Azərbaycan
Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilə bilər.
Maddə 48. Bədən tərbiyəsi
və idman sahəsində peşəkar pedaqoji fəaliyyət və müalicə-bədən tərbiyəsi sahəsində
peşəkar fəaliyyət
48.1.
Bədən tərbiyəsi və idman sahəsində peşəkar pedaqoji fəaliyyətə yalnız müvafiq təhsil
müəssisələri tərəfindən verilən bədən tərbiyəsi və idman sahəsində ali və ya
orta ixtisas təhsili haqqında dövlət nümunəli sənədlərə (diplomlara) malik şəxslər
buraxılırlar.
48.2.
Müalicə-bədən tərbiyəsi sahəsində peşəkar fəaliyyətə yalnız bu sahə üzrə
müvafiq hazırlıq istiqamətləri və ixtisasları üzrə təhsil müəssisələri tərəfindən
verilən ali və ya orta ixtisas təhsili haqqında dövlət nümunəli sənədlərə
(diplomlara) malik şəxslər buraxılırlar.
48.3.
Ölkədə bədən tərbiyəsi və idman mütəxəssislərinə olan tələbatı müvafiq icra
hakimiyyəti orqanı müəyyən edir.
48.4.
Müvafiq idman növü üzrə idman ustası normativini yerinə yetirmiş və xüsusi məşqçilik
kursları keçmiş şəxslər bədən tərbiyəsi və idman yönümlü təşkilatlarda, idman məktəblərində
məşqçilik fəaliyyəti göstərə bilərlər.
Maddə 49. Bədən tərbiyəsi
və idman sahəsində könüllülük əsasında iş aparan təşkilatçılar (idman
volontyorları)
49.1.
Bədən tərbiyəsi və idman sahəsində könüllülük əsasında iş aparan məşqçilər,
idman növləri, istehsalat gimnastikası üzrə təlimatçılar, idman hakimləri, əhali
ilə bədən tərbiyəsi-sağlamlıq və idman işinin təşkilatçıları (idman
volontyorları) siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən
bədən tərbiyəsi-idman təşkilatlarında xüsusi hazırlıq keçirlər.
49.2.
Xüsusi hazırlıq keçməmiş idman volontyorları bədən tərbiyəsi və idman tədrisinə,
həmçinin rəsmi bədən tərbiyəsi-idman tədbirlərinə cəlb edilə bilməzlər.
Maddə 50. Bədən tərbiyəsi
və idmanın elmi-metodiki və elmi-texniki təminatı
Bədən
tərbiyəsi və idman sahəsində elmi-tədqiqat işlərinin aparılması öz fəaliyyətlərini
dövlət və digər sifarişlər əsasında həyata keçirən bədən tərbiyəsi və idman sahəsində
yaradılmış elmi mərkəzlər, elmi-tədqiqat institutları, laboratoriyalar, eləcə də
təhsil müəssisələri tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyinə
uyğun həyata keçirilir.
Maddə 51. Bədən tərbiyəsi
və idmanla məşğul olan şəxslərin tibbi təminatı
51.1.
Bədən tərbiyəsi və idmanla məşğul olan şəxslərin tibbi təminatı özündə
aşağıdakıları nəzərdə tutur:
51.1.1.
bu şəxslərin sağlamlığına mütəmadi nəzarəti;
51.1.2.
bu şəxslərin fiziki yükünün onların sağlamlıq vəziyyətinə uyğunluğunun qiymətləndirilməsini;
51.1.3.
bu şəxslərin profilaktikasını, aldıqları zədə və xəstəliklərin müalicəsini,
onların tibbi reabilitasiyasını;
51.1.4.
onların sağlamlığının bədən tərbiyəsi və idman məşğələlərində istifadə edilən
metod və vasitələrlə bərpasını.
51.2.
Bədən tərbiyəsi və idman tədbirlərinin təşkilatçıları normativ sənədlərlə müəyyən
edilmiş müddətdə tibbi müayinədən keçməyən, yaxud tibbi müayinənin nəticələrinə
görə bədən tərbiyəsi və idman tədbirlərində iştiraka buraxılmayan şəxslərin belə
tədbirlərdə iştirakına yol verməməlidirlər.
51.3.
Bədən tərbiyəsi və idman tədbirlərinin təşkilatçıları tədbirlərin
iştirakçılarını tibbi xidmət və yardımla təmin etməlidirlər.
51.4.
Bədən tərbiyəsi və idmanla məşğul olan şəxslər məcburi ilkin və dövri tibbi
müayinələrdən, eləcə də yarışlardan əvvəl tibbi müayinədən keçməlidirlər.
Yalnız məcburi tibbi müayinədən keçmiş idmançılar yarışlarda iştirak etmək
hüququ əldə edirlər.
51.5.
Müvafiq icra hakimiyyəti orqanı tibbi yardımla təmin edilməmiş idman
yarışlarını və digər idman tədbirlərini dayandırmaq, həmçinin məcburi tibbi
müayinədən keçməmiş şəxsləri təlim-məşq proseslərindən və bədən tərbiyəsi-idman
tədbirlərindən kənarlaşdırmaq hüququna malikdirlər.
X fəsil. Bədən tərbiyəsi
və idmanın maddi-texniki təminatı
Maddə 52. İdman obyektləri
52.1.
İdman obyektləri sosial infrastruktur obyektlərinə aiddir.
52.2.
İdman obyektlərinin yerləşdirilməsi müvafiq qanunvericiliyə uyğun həyata
keçirilir.
52.3.
İdman obyektlərinin layihələndirilməsi və tikintisi həmin obyektlərə əlillərin
maneəsiz keçməsinin təmin edilməsi haqqında tələblərə riayət etməklə həyata
keçirilir.
52.4.
Yaşayış sahələrinin tikinti planlarında bədən tərbiyəsi, sağlamlıq və idman
obyektlərinin tikintisi nəzərdə tutulmalıdır. Yaşayış sahələrinin qəbulu üzrə
komissiyaların tərkibinə müvafiq icra hakimiyyəti orqanlarının bədən tərbiyəsi
və idman üzrə nümayəndələri də daxil edilir.
52.5.
Yaşayış yerlərinin bədən tərbiyəsi, sağlamlıq və idman obyektləri ilə təmin
olunma normativləri əhalinin sıxlığından və yerli iqlim şəraitindən asılı olaraq
müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilir.
52.6.
Bütün növ təhsil müəssisələrinin tikintisi və ya yenidən qurulması planlarına bədən
tərbiyəsi, sağlamlıq və idman obyektlərinin tikintisinin salınması məcburidir.
52.7.
Mülkiyyətində və ya tabeliyində idman obyektləri olan hüquqi və fiziki şəxslər
bədən tərbiyəsi-sağlamlıq və idman tədbirlərinin keçirilməsi yerlərini texniki
reqlamentlərə, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş
norma, qayda və tələblərə, sanitariya-gigiyena norma və qaydalarına uyğun
texniki avadanlıqla təchiz edirlər.
52.8.
Dövlət mülkiyyətində olan idman obyektlərinin özəlləşdirilməsi Azərbaycan
Respublikasının qanunvericiliyində müəyyən olunmuş qaydada həyata keçirilir.
52.9.
İdman obyektlərindən yalnız bədən tərbiyəsi-sağlamlıq tədbirlərinin, idman
yarışlarının, mədəni tədbirlərin keçirilməsi üçün istifadə oluna bilər.
52.10.
Müvafiq icra hakimiyyəti orqanları və bələdiyyələr onlara məxsus olan idman
obyektlərində keçirilən idman yarışlarına giriş tariflərini idman tədbirinin
təşkilatçıları ilə birlikdə, vətəndaşların belə obyektlərdən istifadə etmələri
üçün abonementlərin qiymətlərini tənzimləyir. Olimpiya, paralimpiya, Avropa
oyunlarının və dünya, Avropa və ölkə çempionatlarının keçirilməsi zamanı giriş
biletlərinin tarifləri və satışı qaydası, daha çox tamaşaçının iştirakına imkan
verməklə, idman tədbirinin təşkilatçısı (təşkilatçıları) tərəfindən müəyyən
edilir. Bilet satışına nəzarət yolu ilə rəqib tamaşaçı qruplarının ayrı-ayrı
zonalarda yerləşdirilməsi təmin edilir. İdman tədbirlərinə giriş biletlərinin
saxtalaşdırılması və idman tədbirinin təşkilatçısı (təşkilatçıları) tərəfindən
müəyyən olunmuş tariflərdən yüksək qiymətə satılması Azərbaycan Respublikasının
İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyətə səbəb olur.
52.11.
Ölkədə fəaliyyət göstərən olimpiya komplekslərinin nəzdində kompleksin imkan və
şəraitlərinə uyğun olan olimpiya idman növləri üzrə olimpiya hazırlığı mərkəzləri
yaradılır və fəaliyyətləri təmin edilir.
Maddə 53. Bədən tərbiyəsi,
sağlamlıq və idman obyektləri üçün istifadə olunan torpaqların statusu
53.1.
Bədən tərbiyəsi, sağlamlıq və idman obyektləri üçün torpaq sahələrinin
ayrılması və onlardan istifadə edilməsi qaydaları Azərbaycan Respublikasının
qanunvericiliyi ilə müəyyən olunur.
53.2.
Kütləvi bədən tərbiyəsi və idman tədbirlərinin keçirilməsini təmin edən dövlət
və bələdiyyə mülkiyyətində olan bədən tərbiyəsi-idman təşkilatlarının, habelə bədən
tərbiyəsi və idman üzrə mütəxəssislər hazırlayan dövlət ali və orta ixtisas təhsili
müəssisələrinin stasionar idman obyektləri yerləşən torpaq sahələri onların
daimi istifadəsindədir.
Maddə 53-1. İdman mərc
oyunlarının təşkili və keçirilməsi
53-1.1.
İdman mərc oyunları bədən tərbiyəsi və idmanın inkişafına maliyyə dəstəyinin
göstərilməsi, bədən tərbiyəsi və idmanın təbliği və təşviqi məqsədi ilə
keçirilir.
53-1.2.
İdman mərc oyunları müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə
müəyyən edilmiş qaydada akkreditasiya olunmuş hüquqi şəxs (idman mərc
oyunlarının operatoru) tərəfindən həyata keçirilir.
53-1.3.
İdman mərc oyunlarının təşkili və keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilir.
53-1.4.
İdman mərc oyunlarının keçirilməsi üçün iştirakçılar tərəfindən ödənilən vəsaitlərin
müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş hissəsi bədən tərbiyəsi
və idmanın inkişafına yönəldilir.
53-1.5.
İdman mərc oyunlarının təşkili və keçirilməsinə nəzarət maliyyə bazarlarına nəzarət
orqanı tərəfindən həyata keçirilir.
53-1.6.
İdman mərc oyununun iştirakçıları ilə idman mərc oyunlarının operatoru
arasındakı bütün əlaqələr mərkəzi mərc sisteminə bağlı olaraq idman mərc
oyunlarının satıcısı tərəfindən təmin edilir. İdman mərc oyunlarının satıcısı
idman mərc oyunlarının operatoru ilə bağlanmış müqaviləyə əsasən fəaliyyət göstərir.
53-1.7.
İdman mərc oyunlarının operatorları idman mərc oyunlarının təşkili və keçirilməsinə
nəzarəti həyata keçirən maliyyə bazarlarına nəzarət orqanına həmin orqan tərəfindən
müəyyən edilmiş məbləğdə və qaydada haqlar ödəyir.
Maddə 54. Bədən tərbiyəsi
və idmanın maliyyələşdirilməsi
Bədən
tərbiyəsi və idman Azərbaycan Respublikasının dövlət büdcəsindən ayrılan, bədən
tərbiyəsi və idman tədbirlərinin keçirilməsindən əldə olunan, idman
lotereyasının, idman mərc oyunlarının keçirilməsindən daxil olan vəsaitlər,
fiziki və hüquqi şəxslərin ianələri hesabına və qanunvericiliklə qadağan
olunmayan digər mənbələrdən maliyyələşdirilir.
Maddə 55. Bədən tərbiyəsi
və idman sahəsində investisiya siyasəti
55.1.
Dövlət investisiya proqramları qanunvericiliyə müvafiq olaraq bədən tərbiyəsi-idman
təşkilatlarının maddi-texniki bazasının möhkəmləndirilməsi və inkişafına
kapital qoyuluşları üçün büdcə vəsaitlərinin məqsədli ayrılmasını təmin edir.
55.2.
Bədən tərbiyəsi və idman sahəsinə büdcədənkənar investisiyaların cəlb edilməsi
məqsədi ilə bədən tərbiyəsi və idmanın inkişafına investisiya yönəldən hüquqi və
fiziki şəxslər üçün güzəştlər nəzərdə tutula bilər.
Maddə 56. Bədən tərbiyəsi
və idman sahəsində vergi və gömrük siyasəti
56.1.
Bədən tərbiyəsi və idman sahəsində vergi və gömrük siyasəti Azərbaycan
Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.
56.2.
Milli yığma komandaların hazırlığı ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən
ölkəyə gətirilən idman avadanlığı, texnikası və malları gömrük rüsumundan
azaddırlar.
XI fəsil. Bədən tərbiyəsi
və idman sahəsində dövlət sosial təminatlar sistemi
Maddə 57. Bədən tərbiyəsi
və idman sahəsində sponsorluq fəaliyyəti
Azərbaycan
Respublikasında bədən tərbiyəsi və idmanın inkişafına, yüksək səviyyəli
idmançıların və komandaların hazırlanmasına hüquqi və fiziki şəxslərin
qanunvericilikdə müəyyən olunmuş qaydada sponsorluq etməsinə icazə verilir.
Maddə 58. Bədən tərbiyəsi
və idman sahəsində dövlət sosial təminatları
58.1.
Dövlət yüksək nailiyyətlər idmanında xüsusi qabiliyyət nümayiş etdirmiş vətəndaşlara
aşağıdakı vasitələrlə dəstək olur:
58.1.1.
olimpiya və paralimpiya oyunlarında, beynəlxalq idman yarışlarında milli yığma
komandaların tərkibində çıxış etmək imkanı yaradır;
58.1.2.
olimpiya və paralimpiya oyunlarına vəsiqə qazanmış idmançılara müvafiq müddətə
xüsusi dövlət təqaüdləri müəyyən edir;
58.1.3.
olimpiya, paralimpiya, deflimpiya, xüsusi olimpiya oyunlarında, dünya və Avropa
çempionatlarında və onlara bərabər tutulan digər beynəlxalq yarışlarda
iştirakın nəticələrinə görə mükafatlar müəyyən edir;
58.1.4.
beynəlxalq yarışlara hazırlıq və onlarda iştirakla bağlı digər ödənişləri həyata
keçirir.
58.2.
İdmançılara təqaüdlərin və digər ödənişlərin verilməsi meyarları və qaydaları
müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.
58.3.
Dövlət və bələdiyyə bədən tərbiyəsi-idman təşkilatlarında aztəminatlı ailələrdən
olan uşaqlara, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş
uşaqlara, məktəbəqədər yaşlı uşaqlara, sağlamlıq imkanları məhdud uşaqlara və əlillərə
bədən tərbiyəsi-idman xidmətləri pulsuz göstərilir.
58.4.
Dövlət və bələdiyyə bədən tərbiyəsi-idman təşkilatlarında təhsil alan şəxslərə,
pensiyaçılara və müvafiq icra hakimiyyəti orqanı (bələdiyyələr) tərəfindən müəyyən
edilmiş digər kateqoriyalardan olan şəxslərə bədən tərbiyəsi və idman xidmətləri
güzəştli şərtlərlə göstərilir. Güzəştlərin siyahısı və onların həcmi dövlət bədən
tərbiyəsi-idman təşkilatlarına münasibətdə müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə
bədən tərbiyəsi-idman təşkilatlarına münasibətdə isə bələdiyyələr tərəfindən müəyyən
olunur.
58.5.
Bələdiyyələr, Milli Olimpiya, Paralimpiya, Deflimpiya, Xüsusi Olimpiya komitələri,
respublika bədən tərbiyəsi-idman təşkilatları və idman birlikləri, olimpiya
oyunlarının, dünya və Avropa çempionatlarının qaliblərinə və mükafatçılarına,
eləcə də yüksək idman adlarına malik idmançılara və mütəxəssislərə, milli yığma
komandaların tərkibinə daxil olan idmançılara və onların məşqçilərinə aylıq pul
müavinətləri təyin edə bilərlər.
Maddə 59. Yüksək dərəcəli
idmançıların və idman işçilərinin əməyinin qiymətləndirilməsi
Bədən
tərbiyəsi və idman sahəsində göstərdikləri böyük xidmətlərə və əldə etdikləri
yüksək nailiyyətlərə görə Azərbaycan Respublikasının vətəndaşlarına
qanunvericiliklə müəyyən edilmiş qaydada xüsusi olimpiya təqaüdləri, fərdi təqaüdlər,
dövlət mükafatları və fəxri adlar verilə bilər.
Maddə 60. Bədən tərbiyəsi
və idmanla məşğul olan vətəndaşların sığortası
60.1.
Bədən tərbiyəsi ilə məşğul olan şəxslər, idmançılar, idman hakimləri, məşqçilər,
bədən tərbiyəsi və idman sahəsində digər mütəxəssislər peşəkar (əmək) fəaliyyətləri
ilə əlaqədar «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində
peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında» Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq icbari qaydada sığorta edilir.
60.2.
Beynəlxalq yarışlarda iştirak edən idmançıların sığortası onları ezam edən təşkilatlar
tərəfindən həyata keçirilir.
XII fəsil. Yekun müddəalar
Maddə 61. Bədən tərbiyəsi
və idman sahəsində beynəlxalq əməkdaşlıq
61.1.
Bədən tərbiyəsi və idman sahəsində beynəlxalq əməkdaşlıq beynəlxalq müqavilələrə
və qanunvericiliyə əsasən həyata keçirilir.
61.2.
Respublika bədən tərbiyəsi-idman təşkilatları beynəlxalq əlaqələrində müstəqildirlər.
Onlar xarici ölkələrin idman təşkilatları ilə münasibətlərində beynəlxalq idman
təşkilatları tərəfindən təsdiq olunmuş reqlament və tələblərə və Azərbaycan
Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə riayət edirlər.
61.3.
Ölkə ərazisində beynəlxalq bədən tərbiyəsi-idman təşkilatları və onların
filialları və nümayəndəlikləri yaradıla bilər. Respublika bədən tərbiyəsi-idman
təşkilatları qanunvericiliklə müəyyən edilmiş qaydada öz fəaliyyətlərinin həyata
keçirilməsinə əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri cəlb etmək, həmçinin
xarici dövlətlərdən, beynəlxalq təşkilatlardan, xarici təşkilatlardan, əcnəbilərdən
və vətəndaşlığı olmayan şəxslərdən aldıqları maliyyə vəsaitləri və başqa növ əmlak
üzərində müstəqil sərəncam vermək hüququna malikdirlər.
61.4.
Beynəlxalq bədən tərbiyəsi-idman təşkilatlarının Azərbaycan Respublikası ərazisində
fəaliyyətini həyata keçirən strukturlarının tərkibinə dövlət və ya bələdiyyə
qulluğunda vəzifələr tutan şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada
daxil ola bilərlər.
61.5.
Beynəlxalq yarışlarda Azərbaycan Respublikasını rəsmi təmsil etmək hüququ
müvafiq icra hakimiyyəti orqanına, Milli Olimpiya, Paralimpiya, Deflimpiya,
Xüsusi Olimpiya komitələrinə, respublika idman federasiyalarına və müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bədən tərbiyəsi-idman təşkilatlarına
məxsusdur.
Maddə 62. Qanunun
pozulmasına görə məsuliyyət
Bu
Qanunun pozulmasına görə fiziki və hüquqi şəxslər Azərbaycan Respublikasının Mülki,
İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş hallarda məsuliyyət
daşıyırlar.
Maddə 63. Qanunun qüvvəyə
minməsi
63.1.
Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
63.2.
Bu Qanun qüvvəyə mindiyi gündən «Bədən tərbiyəsi və idman haqqında» 1997-ci il
23 dekabr tarixli 417-IQ nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 11, maddə 642; 2001-ci
il, № 12, maddə 736; 2005-ci il, № 8, maddə 684; 2007-ci il, № 5, maddə 401;
2008-ci il, № 7, maddə 602) qüvvədən düşmüş hesab edilir.
Azərbaycan
Respublikasının Prezidenti
İlham
ƏLİYEV
Bakı
şəhəri, 30 iyun 2009-cu il
№
847-IIIQ
«Azərbaycan»
qəzetində dərc edilmişdir (30 avqust 2009-cu il, № 192) («LegalActs» LLC).
«Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 avqust 2009-cu
il, № 8 (146), maddə 613) («LegalActs» LLC).
31
may 2010-cu il tarixli, 1019-IIIQD nömrəli; 21 dekabr
2010-cu il tarixli, 38-IVQD nömrəli; 22 oktyabr 2013-cü il
tarixli, 765-IVQD nömrəli; 4 aprel 2014-cü il tarixli, 934-IVQD nömrəli; 28 aprel 2015-ci il tarixli, 1271-IVQD
nömrəli; 4 mart 2016-cı il tarixli, 154-VQD nömrəli; 11
noyabr 2016-cı il tarixli, 410-VQD nömrəli; 29 noyabr
2016-cı il tarixli, 423-VQD nömrəli; 13 iyun 2017-ci il
tarixli, 712-VQD nömrəli Qanunlara əsasən dəyişikliklərlə
(«LegalActs» LLC).