Növ: Olimpiya Kompleksi
Yaradılış tarixi: 2009 avgust 31
Ərazi: 3,7 Hektar
Ünvan: Xətai rayonu, Babək prospekti, 23/16
İndeks: AZ1142
Şəhər: Bakı
Telefon: 012-370-35-45
Faks: 012-370-52-32

“Sərhədçi” İdman Olimpiya Mərkəzi

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin nəzdində olan “Sərhədçi” İdman Olimpiya Mərkəzi 2009-cu il avqustun 31-də istifadəyə verilib. Bakının Xətai rayonunda yerləşən Mərkəz 3 hektar ərazidə inşa olunub və tikintinin ümumi sahəsi 37.300 kvadratmetrə bərabərdir. Tikintisinə 2007-ci ildə başlanan və qısa müddətdə başa çatdırılan bu idman qurğusu üçmərtəbəli universal zaldan, idmanın müxtəlif növləri ilə məşğul olmaq üçün 2 açıq meydançadan, üzgüçülük hovuzundan, avtomobil dayanacağından, yardımçı binalardan və mehmanxanadan ibarətdir.
Mərkəzdəki universal zal xüsusi layihə əsasında inşa olunub. Burada bənzəri olmayan metal konstruksiyadan ibarət dayaqsız örtük tətbiq olunub. Bu günbəzin diametri 53 metr, çəkisi 360 tondur. Onun öz çəkisi ilə birlikdə yükgötürmə qabiliyyəti 900 tona çatır. Almaniya avadanlığı quraşdırılmış günbəz vasitəsilə bu zala avtomatik olaraq təbii hava da verilir. Günbəzdə yerləşdirilmiş pəncərələr istənilən vaxt avtomatik qaydada açılir və bura təmiz hava daxil olur. 
“Sərhədçi” İdman Olimpiya Mərkəzində 2500 nəfər tamaşaçı tutumu olan universal zalla yanaşı, birinci mərtəbədə hovuz, fitness salonu, idmanın ağır atletika, bədii gimnastika, müxtəlif döyüş növləri üzrə məşq zalları, məşqçilər üçün otaqlar, sauna, anbarlar və camaşırxana var.
Burada keçirilən beynəlxalq yarışları 2500 tamaşaçı izləyə bilir.
Beşmərtəbəli mehmanxanada mebel və digər məişət avadanlığı ilə təmin olunmuş 32 otaq var. Burada kafe-restoran da fəaliyyət göstərir. İdmançıların təlim-məşq prosesindən və müxtəlif səviyyəli yarışlardan sonra istirahəti üçün də burada hər cür şərait yaradılıb. Üzgüçülük hovuzunda quraşdırılmış xüsusi qurğular suyun temperaturunun sabit saxlanmasına nəzarət edir. Eyni zamanda, hovuzdakı suyun daim yenilənməsi üçün müvafiq qurğular da quraşdırılıb.
Mərkəzdə inşa olunmuş stadionun meydançası yüksək keyfiyyətli süni örtüklə örtülüb. Stadionun tamaşaçı tutumu 1850 nəfərdir.
Mərkəzin xidmətlərindən sərhədçilərlə yanaşı, “Sərhədçi” idman klubuna üzv olan adi vətəndaşlar da istifadə edirlər. Burada eyni vaxtda 32 idman növü ilə məşğul olmaq mümkündür.