Memorandumun məqsədi Azərbaycanın icma və məktəblərində idman vasitəsi ilə gənclərin və uşaqların həyatlarının zənginləşməsinə, gənclər və uşaqlar arasında idmanın yayılmasına, inkişafına və onların bacarıqlarının artırılmasına yönəldilmişdir. Bu məqsədlər Birləşmiş Krallığın İdman Şurasının vasitəçiliyi ilə həyata keçiriləcəkdir. Birləşmiş Krallığın İdman Şurası bu məqsədlə bədən tərbiyəsi təhsili, idmanın inkişafı və idman nailiyyətləri sahələrində milli və beynəlxalq mütəxəssisləri cəlb etməklə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə işləyəcək.
Ümumiyyətlə bu memorandumun çərçivəsində idmanın səviyyəsini yüksəltmək üçün tərəflər idman inkişafının planlaşdırılması, bədən tərbiyəsi təhsili, könüllülük prinsiplərinin inkişafı, idman sahəsində işləyən rəsmi şəxslər üçün təlimlərin keçirilməsi, uşaqların və gənclərin idman vasitəsi ilə inkişaf etdirilməsi, elmi araşdırmalar və idman idarəçiliyi sahələrində əməkdaşlıq edəcəklər.
Sənədi Azərbaycan Respublikasının Gənclər və İdman Naziri Azad Rəhimov və Britaniya İdman Şurası adından Böyük Britaniyanın Azərbaycan Respublikasındakı səfiri Dr Karolin Braun imzalayacaq.














