16 yanvar tarixində Almaniyanın Konrad Adenauer Fondunun Akademiyasında Azərbaycan və Almaniyanın təhsil və gənclər sahəsində əlaqələrin genişləndirilməsi məqsədi ilə böyük konfrans keçirilmişdir.
Gənclər və İdman Naziri Azad Rəhimov, Təhsil Naziri Misir Mərdanov, Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov və digər Azərbaycanlı rəsmilərin qatıldığı tədbirin əsas məqsədi Almaniya və Azərbaycan arasında təhsil və gənclər sahəsində əlaqələri möhkəmləndirmək, yeni layihələrə imza atmaqdır.
Azərbaycanlı rəsmilərlə bərabər konfransa Almaniyanın Xarici İşlər Nazirliyi, DAAD nümayəndəsi, Wüzburg Universitetinin professoru, eyni zamanda Almaniyada təhsil alan Azərbaycanlı tələbələr də qatılıblar.
Əsasən təhsil üzərində aparılan müzakirələr zamanı səfir Pərviz Şahbazov Almaniyada Azərbaycanlı tələbələr, Alman Azərbaycan münasibətləri, Azərbaycan reallıqlarının Almaniyaya çatdırılması mövzularına toxunub.
Təhsil Naziri Misir Mərdanov öz növbəsində təhsil islahatları, xaricdə təhsillə bağlı Prezident tərəfindən qəbul olunmuş Dövlət Proqramı, beynəlxalq mübadilə proqramları ilə əməkdaşlıq, xaricdə təhsil alan tələbələrin təqaüd və digər problemləri,onların vətənə qayıtdıqdan sonra işlə təmin olunmaları haqda danışıb.
Gənclər və İdman Naziri Azad Rəhimov isə əsasən Azərbaycanda gənclər üçün yaradılan şərait, onların beynəlxalq miqyasda fəaliyyəti, beynəlxalq təşkilatların yaradılmasının təşəbbüskarları olan Azərbaycanlı gənclərin, eyni zamanda fəal şəkildə bu təşkilatlarda təmsil olunmaları barədə söz açıb.
Alman Azərbaycan Forumunun rəsmisi Otto Hauser Almaniya və Azərbaycan arasında təhsil sahəsində əməkdaşlığın və tələbə mübadiləsinin vacib olmasını vurğulamaqla bərabər, Almaniya texnologiya və elminin Almaniyada bitirmiş tələbələr vasitəsi ilə Azərbaycana gətirilməsinin yollarından danışıb.
Tədbirin sonunda FASE (Avropada Təhsil Azərbaycanlı Tələbələr Forumu) Berlin bürosunun koordinatoru Ziya Qazıyev qeydiyyatdan keçmiş təşkilatın Almaniyada fəaliyyəti, qarşıda həyata keçirilməsi nəzərdə tutulan layihələr və s. mühüm məqamlar haqda söz açıb.
“Avropa qonşuluq siyasəti və Azərbaycan”, “Azərbaycan Avropa Asiya arasındakı körpü rolunda”, “Cənubi Qafqazda münaqişələrin həll olunmasında EU –in rolu” mövzuları da konfransda iştirakçılar tərəfində müzakirə edildi.
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |






















